Nəticədə sərhəddə vəziyyətin gərginləşməsi ilə əlaqədar ekspertlər tərəfindən "bufer zona", "təhlükəsiz zona" ərazilərinin yaradılması təklifi irəli sürülüb.
Maraqlıdır, bu zonalar necə yaradıla bilər? Bu o deməkdir ki, bu gərgin vəziyyət hələ davam edəcək?
AZİNFORM.AZ xəbər verir ki, mövzu ilə bağlı gundem.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistanın hazırda davam edən təxribatları Azərbaycanın cavab addımları atmasına gətirib çıxarır:
"Ermənistan İkinci Qarabağ Müharibəsindən sonra Kəlbəcərdən Zəngilana qədər 500 kilometr sərhəd zolağında hərbi mərkəzlər quraraq döyüş postları və hərbi mərkəzlər yerləşdirmişdir. Bunlar Ermənistan tərəfinin sülhə maraqlı olmadığını göstərir. Ermənistan Baş Naziri də açıqlamasında sülhlə bağlı fərqli mövqedə olduğunu bəyan etdi. Bütün bunlar Ermənistan tərəfindən yenidən təxribatların ola biləcəyini göstərir. Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistanın Azərbaycan mövqelərini atəşə tutması, ağır silahlardan istifadə etməsi, Azərbaycanın mülki infrastrukturu və əhalinin təhlükəsizliyini təmin etməsi üçün mütləq şəkildə cavab verməsi dövlət sərhədində bu cür vəziyyətin yaranmasına səbəb oldu. İlk növbədə Ermənistan tərəfinin demarkasiya prosesindən yayındığı üçün dövlət sərhədini hansı istiqamətdə keçdiyi də aydın deyil".
Politoloq qeyd edib ki, Azərbaycanın təhlükəsizliyi təmin etmək məqsədi ilə "bufer zona" təşkil etmək hüququ var:
"Azərbaycanın sərhəddə, 15 kilometrlik ərazidə Ermənistan ordusunu geri oturdub "bufer zona" yaratmaq hüququ var. Bu zonada hər hansı bir xarici ölkənin sülhməramlılarına ehtiyac yoxdur. Ola bilər ki, biz bu əraziyə Türkiyəni gətirək. Lakin bu da beynəlxalq təzyiqə yol aça bilər. Azərbaycanın bu istiqamətdə atacağı addım yalnız təhlükəsizlik məqsədi ilə "bufer zona" yaratmaq ola bilər. Bu prosesdə də hər hansı başqa ölkəyə ehtiyac yoxdur, Azərbaycan və Türkiyə bu məsələni həll etmək ixtiyarına sahibdir".