“Qisas” əməliyyatı yalan olacaq – Ermənistan təxribatlara davam etsə, bu dəfə …
12-09-2022, 19:49

“Azərbaycanla Ermənistanın sülh danışıqlarının davam etdiyi bir ərəfədə bir sıra təzadlı fəaliyyətlər həyata keçirilməkdədir”. 

Bunu  açıqlamasında hərbi analitik, “M5 müdafiə və strategiya” jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu deyib. 

O bildirib ki, növbəti anti-terror əməliyyatlarına hazır olmalıyıq:

“Ermənilərin törətdiyi silahlı insidentlərin bir qismi Azərbaycan ərazisi daxilində separatist, terrorist qüvvələr tərəfindən, digəri də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın həmsərhəd rayonları sayılacaq Laçın və Kəlbəcər istiqamətində həyata keçirilməkdədir. Bu, o deməkdir ki, Ermənistan tamamilə terrorist bir dövlətdir, onun siyasi iradəsi yoxdur, atdığı imza bir önəm daşımamaqdadır. Çünki Ermənistan təyinat etibarı ilə tarix boyunca yalnız və yalnız terror və xaos yaratmaq istiqamətində fəaliyyət göstərib.

Bu səbəblə yenə eyni şəkildə Ermənistanın siyasi iradəsinin hər hansı bir razılığa gəlmiş olması önəm daşımır. Çünki Ermənistanın daxilində həm çəkişmələr var. Bu da siyasi qruplardan ziyadə terrorist qruplar arasında da, – hansı ki, hər biri mərkəz olaraq fərqli dövlətə xidmət etməkdədir, – bundan başqa Ermənistan ordusu da eyni şəkildə bir daxili çaxnaşma və içəridə bir mərkəzi idarəetmə sisteminin olmamasına dair vaxtaşırı davranışlar sərgiləməkdədir.

Xüsusən də Ermənistan silahlı qüvvələrinin sərhədlərimizi pozma cəhdləri, onunla yanaşı vaxtaşırı olaraq Ermənistan daxilində müxtəlif siyasi təşkilatların mövcud hakimiyyətin ziddinə bəyanatlar səsləndirməsi o deməkdir ki, biz istənilən halda növbəti anti-terror əməliyyatlarına hazır olmalıyıq.

2020-ci ildə əldə etdiyimiz uğur özü başlı-başına sülhə məcburetmə adı altında bir anti-terror əməliyyatı idi. Və sonrakı növbəti 2 il ərzində də 10 noyabr bəyanatının dəfələrlə pozulması səbəbi ilə ard-arda bir sıra əməliyyatlar həyata keçirildi. Ən son icra olunan əməliyyat da “Qisas” antiterror əməliyyatı idi.

Hazırda, xüsusilə də Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti xidməti ərazilərində təhlükəsizlik tam zəmanət altına alınmadığı üçün təbii ki, qaçılmazdır ki, Azərbaycan növbəti antiterror əməliyyatlarını icra etmiş olsun”. /milli.az/

AZİNFORM.AZ





up