Ekspertdən CİDDİ SİQNAL - Azərbaycan antiterror əməliyyatlarına başlaya bilər - VİDEO
27-07-2022, 01:42

44 gün qəhrəmanca döyüşdük, bu qısa müddətdə torpaqlarımızı işğaldan azad elədik. Əfsanəvi bir zəfər qazandıq, Ermənistana kaputilyasiya aktını imzalatdıq. Ağladıq da, sevindik də. Bu məsələni bitirdik.

Amma Ermənistan təxribatlarına son vermir. Son sutkada mövqelərimiz 9 dəfə atəşə tutulub. Azərbaycan ordusu təbii ki, layiqli cavablarını verib. Ancaq mütəxəssislər daha genişmiqyaslı antiterror əməliyyatları üçün vaxtın yetişdiyi qənaətindədirlər.

Son vaxtlar ilk dəfə olaraq həm dövlət sərhədində, həm də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni hərbi birləşmələri tərəfindən bir sutka ərzində 9 dəfə təxribat törədilib.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, insidentlərdən 2-si Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.

Digər 7 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutmaqla qeydə alınıb. Hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev deyir ki, Azərbaycan Ordusu bu cür geniş həcmdə təxribatlara qısa zamanda çox sərt reaksiya verəcək.

Hərbi ekspertin fikrincə, Azərbaycan ordusu genişmiqyaslı təxribatlara cavab olaraq daha geniş ərazidə cəzalandırma tədbirləri də görə bilər. Bunun üçün Azərbaycanın əlində çoxsaylı hüquqi əsaslar, eləcə də cəzalandırma tədbiri üçün güclü hərbi potensial mövcuddur.

Son vaxtlar həm Ermənistan-Azərbaycan dövlət sərhədində, həm də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə baş verən təxribatların həcmi durmadan artır. Mütəxəssislərin gəldiyi ortaq qənaət bundan ibarətdir ki, Ermənistan üçtərəfli bəyanatın, eləcə də sonradan gəlinən ortaq razılıqların icra edilməməsi üçün bu cür addımlarla diqqəti başqa istiqamətlərə yönəldir. Məqsəd Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən yayınmaqdır.

AZİNFORM.AZ





up