Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə xalqımıza məxsus minlərlə tarixi-mədəni və yaşayış yerləri dağıdılan, əhalisi isə param-parça edilən Zəngibasar mahalı haqqında süjet hazırlanıb.
“Ərazisi və əhalisi param-parça edilən Azərbaycan mahalı” adlı süjetdə son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, faciə və məşəqqətlərə məruz qaldığı, mərhələ-mərhələ gerçəkləşdirilən siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından didərgin salınıb, kütləvi qətl və qırğınlara məruz qaldığı vurğulanır.
Bildirilir ki, Zəngibasar mahalı şimalda və şimal-şərqdə İrəvan şəhəri və Qırxbulaq mahalı - Ellər rayonu ilə, cənubda və cənub-qərbdə Araz çayı boyunca Türkiyə ilə, qərbdə və şimal-qərbdə Kərpibasar, şərqdə və cənub-şərqdə Gərnibasar, qərbdən isə Sərdarabad mahalları ilə həmsərhəd idi: “Mahal Qərbi Azərbaycan, indiki “Ermənistan“ ərazisinin, yəni qədim Ərməniyənin tarixən paytaxt şəhərləri olan Artaşad, Vağarşabad, Dvin və İrəvanın qonşuluğunda yerləşdiyindən mühüm strateji əhəmiyyətə malik olub. Eradan əvvəl II minillikdən üzü bu yana həmin ərazidə oğuz-türk tayfaları yaşayıb. İrəvan xanlığının 15 mahalından biri olan Zəngibasar sovet hakimiyyəti dövründə, yəni 1937-ci ildən Ermənistan SSRİ-nin Zəngibasar rayonu kimi mövcud olub.
Qeyd olunur ki, adını türk tayfalarından götürən və mərkəzi Uluxanlı olan mahalda 33 kənd qeydə alınıb və bunun 7-si tamamilə dağıdılıb: “Zəngibasarın ərazisi indiki Ararat vilayətinin keçmiş Masis - Zəngibasar rayonunun ərazisi hesab olunur. 1938-ci ildə Zəngibasar adı Ermənistanda ən geniş sahəni əhatə edən Masis inzibati rayonu ilə əvəzlənib. 1953-cü ildə bu rayon ləğv edilərək kəndləri qonşu rayonlar, xüsusilə Üçkilsə və Qəmərli arasında bölüşdürülüb. 1969-cu uldə Masis rayonu yenidən bərpa olunub. Zəngibasar ərazisində mövcud olan 37 kəndin yalnız 4-də ermənilər yaşayıblar. 1948-ci ildə əhali buradan köçürülməyə başlayanda orada 10 minlərlə azərbaycanlı olub. 1958-1960-cı illərdən sonra yenidən öz doğma yurdlarına qayıdan əhalinin sayı 1988-ci ildə 29 860 nəfərdən çox idi”.
Süjetdə diqqətə çatdırılır ki, Azərbaycan tarixin müxtəlif dövrlərində zaman-zaman ermənilərin həyata keçirdiyi təcavüzlərlə üzləşdiyi, azərbaycanlıların 1988-ci ilin son aylarında bütün Ermənistandan, eləcə də Zəngibasardan qovulması, kütləvi qırğınlara məruz qalması unudulacaq tarix deyil:
“Əminik ki, o ağrı-acını yaşayan Qərbi Azərbaycanlılar öz doğma yurdlarına yenidən qayıdıb real tarixi yaşadacaqlar”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: