Ermənistanın terror üzərində qurulan dövlət siyasəti: Xocalı soyqırımı
26-02-2023, 11:01

Bəşəriyyətin ən qanlı cinayətlərindən biri olan Xocalı soyqırımının baş verməsindən 31 il keçir.

AZİNFORM.AZ  xəbər verir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalı sakinlərinə qarşı törədilən qətliyam nəticəsində 613 nəfər öldürülüb.

Soyqırımı nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca öldürülüb, 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Qətliyam zamanı 1275 nəfər əsir götürülüb. Əminliklə deyə bilərik ki, Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi sistemli və əvvəlcədən planlaşdırılmış terror siyasətinin tərkib hissəsidir. Çünki ermənilər terror siyasətinə Xocalı soyqırımından çox əvvəl - 1987-ci ildən start vermişdilər.

Onlar əvvəlcə Xankəndidə və İrəvanda azərbaycanlıları inzibati üsullarla sıxışdırmağa başlamışdılar. Sonrakı mərhələdə iddialarını daha da böyüdərək hər iki bölgədə yaşayan azərbaycanlıların evlərinə silahlı hücumlar təşkil etməyə başladılar. Nəticədə Qərbi azərbaycanlılar öz doğma torpaqlarından deportasiya edildilər. Bu hadisədən sonra silahlı ermənilərin əliyalın azərbaycanlılara qarşı hücumları daha da intensivləşdi.

Onlar əvvəlcə Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndində qətliyam törətdilər. Daha sonra Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirildi.

Həmçinin 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində, 1992-ci ilin aprelində Kəlbəcərin Ağdaban, avqustunda Goranboyun Ballıqaya, 1993-cü ilin aprelində Kəlbəcərin Başlıbel kəndlərində kütləvi qırğınlar törədildi. Göründüyü kimi, ermənilər 80-ci illərin sonları, 90-cı illərin əvvəlləri Azərbaycan xalqına qarşı cinayətləri sistemli şəkildə törədiblər.

Azərbaycanlıların qanını tökən silahlılara Ermənistan hakimiyyəti xüsusi maliyyə və hərbi dəstək göstərib. Hətta sonrakı dövrlərdə Ermənistan hakimiyyətində təmsil olunan vəzifəli şəxslər azərbaycanlılara qarşı törətdikləri cinayətləri etiraf ediblər.

Məsələn, erməni yazısı, Xocalı cəlladı Zori Balayan 1996-cı ildə nəşr olunan "Ruhumuzun canlanması" adlı əsərində Xocalı soyqırımına haqq qazandırır və bu şəhərdə azərbaycanlılara qarşı soyqırım həyata kecirildiyini fəxrlə etiraf edir: "Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz on üç yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk usağı çox səs-küy salmasın deyə, Xaçatur usağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra bu usağın başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı yeddi dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum xalqımın bir faizinin belə qisasını aldığı üçün sevincdən qürürlanırdı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və biz bu hərəkəti üç türk uşağına da tətbiq elədik. Mən bir erməni vətənsevər kimi öz vəzifəmi yerinə yetirdim".

Aydındır ki, ermənilər bu cinayətləri, belə etirafları ilə Azərbaycan xalqının gözünü qorxutmaq istəyirdilər. Amma Azərbaycan dövləti ermənilərin bu planını pozdu. Nə xalqın gözünü qorxuda bildilər, nə də ermənilərin törətdikləri cinayətlər unuduldu. Xalqımız uzun illər qisas hissi ilə yaşadı.

Xocalının qisası Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan 44 günlük Vətən Müharibəsində döyüş meydanında alındı.

Ermənilər Birinci Qarabağ Müharibəsində dinc əhaliyə qarşı sistemli qətliyamlar törətsələr də, Vətən Müharibəsi dövründə terror siyasətlərini davam etdirsələr də, Azərbaycan onlara eyni dillə cavab vermədi. Ordumuz Xocalının qisasını Ermənistan ordusundan aldı, dinc əhaliyə toxunmadı.

Buna baxmayaraq, Ermənistan hakimiyyəti Vətən Müharibəsi zamanı Gəncə, Bərdə, Mingəçevir və digər şəhərlərimizdə yaşayan dinc sakinləri bombalamaqla terror siyasətini davam etdirdi.

Bu gün də Ermənistanın Azərbaycan xalqına qarşı terror siyasəti davam edir. Sadəcə formasını dəyişiblər.

Hazırda Ermənistan Azərbaycana qarşı "mina terroru" siyasəti həyata keçirir. Ermənilərin döyüş meydanında ağır məğlubiyyətindən iki ildən çox vaxt keçsə də, onlar mina xəritələrini Azərbaycana təhvil vermir. Nəticədə Xocavənd, Tərtər, Füzuli, Ağdam və digər ərazilərdə mülki şəxslər mina terrorunun qurbanı olurlar. Son statistik məlumata görə, Vətən Müharibəsi başa çatdıqdan sonra 260 nəfər minaya düşüb. Onlardan 44 nəfəri həlak olub. 200-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb və ya zərər çəkib.

Göründüyü kimi, Ermənistanın Azərbaycana qarşı terror siyasəti bütün dövrlərdə cilddən-cildə girərək davam edib. 80-ci illərin sonlarında Xankəndidə və Qərbi Azərbaycanda əliyalın əhalinin evinə daxil olub terror törədənlər, 90-ci illərin əvvəllərində işğal siyasətinə start verdilər. Sonrakı dövrlərdə isə Ermənistan-Azərbaycan sərhəddində və cəbhə bölgəsində yaşayan dinc əhalini atəşə tutmaqla terror siyasətlərini davam etdiriblər. İndi isə terror siyasətlərini "mina terroru" formasında davam etdirirlər.

Təbii ki, Ermənistanın hazırda dövlət səviyyəsində həyata keçirdiyi terror siyasəti bölgədə sülhə başlıca təhdiddir. /trend/







up