Nazir Oliver Varhelyini erməni təxribatları barədə məlumatlandırdı
5-09-2023, 13:14

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Macarıstana səfəri çərçivəsində Budapeştdə Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşüb.

AZİNFORM.AZ xəbər verir ki, görüşdə Azərbaycan və Aİ arasında münasibətlər, o cümlədən regionda mövcud vəziyyət müzakirə olunub.

Ceyhun Bayramov Azərbaycanla Aİ arasında çoxşaxəli əməkdaşlıq gündəliyinin mövcudluğunu qeyd edib. Bağlantılar sahəsində Azərbaycanın Orta Dəhliz - Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialının genişləndirilməsi istiqamətində irəli sürdüyü təşəbbüslərdən bəhs edən nazir, bu xüsusda bölgədə bütün nəqliyyat və kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılmasının prosesə əhəmiyyətli töhfə ola biləcəyini qeyd edib.

C. Bayramov, həmçinin post-münaqişə mərhələsində bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan aasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması, bölgədə yaşayan erməni əhalinin reinteqrasiyası istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, habelə Ermənistanın sülh prosesinə xələl gətirən təxribatları haqqında qarşı tərəfi ətraflı məlumatlandırıb.





up