Fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələ regionda siyasi, diplomatik münasibətləri də “silkələyib”. Ermənistan bir çox MDB ölkələrini qabaqlayaraq, zəlzələ qurbanlarına ilk yardım əlini uzadan ölkələrdən oldu. Baş nazir Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib başsağlığı verdi, ardınca Ermənistan zəlzələ bölgəsinə 100 ton humanitar yardım və 28 nəfərdən ibarət xilasedici heyət göndərdi. Türkiyə rəhbərliyi bu yardıma görə qarşı tərəfə öz minnətdarlığını çatdırdı. Yardım karvanı isə 30 il ərzində bağlı qalmış Ermənistan-Türkiyə quru sərhədlərinin də qapılarını açdı, TIR-lar Marqara körpüsündən keçməklə təbii fəlakət zonasına yön aldı.
Dünən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ankaraya gəldi və həmkarı Mövlud Çavuşoğlu ilə görüşdü, daha sonra o, erməni xilasedicilərinin çalışdığı Adıyaman şəhərinə getdi.
Siyasi kuluarlarda Paşinyan hökumətinin bu jestinin Türkiyə-Ermənistan münasibətlərinin normasllaşması prosesinə mühüm töhfə verəcəyi ilə bağlı müzakirələr gedir. Bir sıra erməni və türk ekspertlər hesab edirlər ki, yardım karvanının açdığı sərhədlər bir daha qapanmaya bilər.
44 günlük müharibənin nəticələri regionun geosiyasi mənzərəsini kəskin dəyişib. 2021-ci ildən bəri Ermənistan-Türkiyə münasibətlərində görünən müsbət dinamika da bu dəyişikliyin tərkib hissəsidir.
Xatırladaq ki, iki ölkə rəsmilərinin ilk görüşü ötən il yanvarın 14-də Moskvada baş tutub. Danışıqlarda Türkiyəni ABŞ-dakı keçmiş səfir Serdar Kılıc, Ermənistanı isə ölkə Milli Məclisinin vitse-spikeri Ruben Rubinyan təmsil edib. Bundan əvvəl – 2021-ci ilin dekabrında Ankara və Yerevan bəyan etmişdilər ki, iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üçün addımlar atmağa hazırdırlar.
İyulun 1-də Ermənistan və Türkiyənin xüsusi elçiləri Serdar Kılıcla Ruben Rubinyan Avstriya paytaxtı Vyanada görüşmüşdülər. Bu təmasdan yadda qalan bəyanat 1993-cü ildən bağlanmış sərhədlərinin açılmasına doğru ilk addımları razılaşdırdıqları barədə idi. Tərəflər Türkiyə-Ermənistan quru sərhədindən iki ölkəyə gəlmiş üçüncü dövlət vətəndaşlarının qarşılıqlı keçidinin tez bir zamanda təmin edilməsinə dair razılaşma əldə etmişdilər.
Ölkə rəhbərləri arasında ilk təmas da ötən il iyunun 11-də Ermənistanın Baş naziri Nikol Paşinyanın təşəbbüsü ilə baş tutub. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək, onu Qurban bayramı münasibəti ilə təbrik etmişdi. “Liderlər ölkələri arasında ikitərəfli normallaşma prosesinə əhəmiyyət verdiklərini vurğulayıb, bunun regionda sülh və sabitliyin güclənməsinə töhfə verəcəyini qeyd ediblər. Bu kontekstdə onlar ölkələrinin xüsusi elçilərinin iyulun 1-də keçirdiyi görüşdə əldə olunmuş razılaşmaların tezliklə icrasını gözlədiklərini bildiriblər”, – xəbərdə deyilirdi.
Beləliklə, Türkiyə və Ermənistan bir ildən bir qədər çox müddət ərzində normallaşma istiqamətində məsafə qət edə biliblər. Dünən Ararat Mirzoyan Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra Ermənistanın Türkiyə ilə münasibətlərin tam normallaşmasına hazır olduğunu bəyan edib.
“Bu çətin anda Türkiyədə olarkən mən Ermənistan Respublikasının regionda sülhün bərqərar olmasına, xüsusən də Türkiyə ilə münasibətləri tam şəkildə tənzimləməyə, diplomatik əlaqələr qurmağa, sərhədləri tam şəkildə açmağa hazır olduğunu və istəyini bir daha təsdiq etmək istəyirəm”, – Mirzoyan bildirib.
Nazir əlavə edib ki, onlar münasibətlərin normallaşması ilə bağlı bəzi detalları müzakirə ediblər və sərhədlərin tam açılmasına qədər infrastruktur problemlərini həll etmək barədə razılığa gəliblər. O, söhbətin sərhəd-keçid məntəqələrinin təmirindən gedib-getmədiyini dəqiqləşdirməyib.
“Bizim Ani körpüsünü birgə təmir etmək, eləcə də sərhəd tam açılana qədər müvafiq infrastruktur problemlərini həll etmək barədə razılaşmamız var”, – Ermənistan XİN rəhbəri bildirib.
Mövlud Çavuşoğlu isə İrəvanın dağıdıcı zəlzələdən əziyyət çəkən Türkiyəyə humanitar yardım və xilasedicilər göndərmək kimi addımlarını müsbət dəyərləndirib: “Ermənistan bu çətin anda bizə kömək əlini uzadaraq qardaş kimi davrandı”. O, 1988-ci ildə Spitak zəlzələsi zamanı Türkiyənin də Ermənistana humanitar yardım göndərdiyini xatırladıb.
“Ermənistan 28 nəfərlik xilasedici dəstə göndərib. İlk gündən çox çalışdılar, dağıntılar altından bir qızı və bir qadını xilas etdilər. Fədakar əməyinə görə onlara təşəkkür etmək istəyirəm. Ermənistan da 100 ton humanitar yardım göndərib, bu gün də əlavə yardım çatdırıb. Həmişə bizdən əlavə köməyə ehtiyacımız olub-olmadığını soruşurlar”, – Çavuşoğlu bildirib.
Xarici işlər naziri Ermənistan-Türkiyə barışığını Ermənistan-Azərbaycan arasında nizamlanma prosesindən ayırmayıb:
“Bu humanitar addım həm də Azərbaycan, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə töhfə verəcək. Burada qeyd etdiyimiz hər hansı irəliləyiş hər iki ölkəyə kömək edəcək. Biz Ermənistanla Azərbaycan arasında aparılan bütün müzakirələr və danışıqlar barədə məlumat alırıq. Üç ölkə səmimi addımlar atsa, biz Cənubi Qafqazda davamlı sülhü bərpa edə biləcəyik”.
Vaxtaşırı Zəngəzur dəhlizinin açılmasının zəruriliyindən danışan Çavuşoğlu bu dəfə “dəhliz” ifadəsini işlətməsə də, tarixi İpək Yolunun bərpasının vacibliyindən danışmağa üstünlük verib. Nazir deyib ki, onlar bu istiqamətdə Ermənistanla işləmək niyyətindədirlər. “Cənubi Qafqazın uzunmüddətli sabitliyi üçün regionun iqtisadi inkişafı da çox vacibdir. Bu dəhliz getdikcə daha çox əhəmiyyət kəsb edir. Ata biləcəyimiz addımlardan danışdıq. Birincisi, bu, tarixi İpək Yolunun bərpasıdır. Gələcəyə baxaraq, biz, məsələn, ikitərəfli əsasda sərhəd-keçid məntəqələri və körpülərin vəziyyətini öyrənirik. Yollara gəlincə, bu istiqamətdə də atacağımız addımlar var. Biz bu addımları sürətləndirməyə razılaşdıq. İki körpü var, biri Ermənistanda, digəri Türkiyədə. Bu, tarixi İpək Yolu körpüsünün bərpası çox vacibdir və biz bu istiqamətdə birgə çalışacağıq”.
Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan xarici işlər nazirinin Türkiyəyə səfərini “tarixi səfər” adlandıraraq, bunun Ermənistan-Türkiyə münasibətlərinin inkişafının əlaməti olduğuna ümid etdiyini bildirib.
Maraqlıdır, İrəvan-Ankara münasibətlərindəki təsvir olunan dinamika quru sərhədlərin açılmasına gətirib çıxara bilərmi? Ankara birtərəfli qaydada, yəni Azərbaycanla razılaşdırmadan Ermənistanla əlaqələri bərpa edə bilərmi?
Politoloq Fərhad Məmmədov Pressklub.az-a şərhində bildirib ki, zəlzələdən dərhal sonra Ermənistan çox çevik addımlar atdı. Onun sözlərinə görə, bu, həm humanitar yardımların, həm 28 nəfərlik xilasedici heyətinin fəlakət bölgəsinə göndərilməsi, həm də Paşinyanın Ərdoğana zəng edib başsağlığı verməsində ifadə olunur. “Eyni zamanda, xarici işlər nazirinin Ankaraya səfərini də xüsusi qeyd etməyə dəyər. Bu addımlar, əlbəttə, Cənubi Qafqazdakı proseslərə təsir edəcək”, – o, əlavə edib.
Təhlilçi bundan sonra iki ölkə arasında quru sərhədlərin daha qapanmayacağını düşünmür: “Çünki Türkiyənin Azərbaycanla birgə həyata keçirdiyi Cənubi Qafqaz siyasəti var. Ermənistanla bağlı siyasət tam koordinasiyalı şəkildə həyata keçirilir. İndiki vəziyyət yeni imkanlar yaratdı ki, Türkiyə və Ermənistan birbaşa olaraq Ankarada, ola bilsin, gələcəkdə İrəvanda danışıqlar aparsın. Bunun müsbət tərəfi odur ki, vasitəçi yoxdur. Bir neçə ay əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova demişdi ki, Türkiyə-Ermənistan normallaşma prosesində Rusiyada iştirak etməlidir. Artıq iki ölkə rəsmilərinin təmasları xüsusi elçilər səviyyəsindən XİN rəhbərləri səviyyəsinə qaldırılıdı və birbaşa həyata keçirildi. Bu o deməkdir ki, Ermənistan Rusiyasız Türkiyə ilə münasibətlərin normallaşmasına çalışır”.
Politoloq deyir ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Türkiyə nə qədər çox iştirak edirsə, bizə o qədər yaxşıdır: “İndi belə təsəvvür yaranıb ki, Türkiyə müəyyən dövr ərzində zəifləyəcək. Ola bilər, Türkiyə NATO qarşısında zəifləsin, çünki maliyyə yardımı qarşılığında ondan Finlandiya və İsveçin hərbi bloka qoşulmasını əngəlləməmək tələb oluna bilər. Amma düşünmürəm ki, Türkiyə Şərqi Aralıq dənizində öz mövqeyindən geri çəkilsin, o cümlədən Cənubi Qafqazda. Bu regionda Türkiyənin müttəfiqi Azərbaycanın mövqeləri kifayət qədər güclüdür. Burada Bakının Ankaradan asılılığı kritik dərəcədə deyil. Buna misal kimi Ermənistanın Rusiyadan asılılığını göstərə bilərik. Burada Azərbaycanın gücü Türkiyənin gücünü formalaşdırır. Ona görə də Azərbaycanın mövqeyi nəzərə alınmadan, birtərəfli qaydada bu prosesin gedəcəyini düşünmürəm. Belə təsəvvür var ki, Türkiyənin Ermənistana verdiyi mesajlar, iki ölkə arasında müəyyən dərəcədə səmimiyyətin formalaşması erməni cəmiyyətində Türkiyədən, Azərbaycandan zərbələrin gələcəyi ilə bağlı fobiyanın dağılması ilə nəticələnə bilər”. /az24saat.org/