Türkiyə, Rusiya Zəngəzur dəhlizinin açılmasını istəyir, İran və Gürcüstan isə...
5-07-2022, 12:21
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Azərbaycan Zəngəzur dəhlizinin tezliklə açılmasına təkid etsə də, Ermənistan real addımlar atmaqdan boyun qaçırır. İrəvan müxtəlif bəhanələrlə prosesi ləngitməyə çalışır. Əslində Zəngəzur dəhlizinin geosiyasi və iqtisadi əhəmiyyəti bütün region ölkələrinə bəllidir. Hər kəsə məlumdur ki, dəhlizin açılması Ermənistanın 44 günlük müharibədən sonra düşdüyü acınacaqlı vəziyyətdən yeganə çıxış yoludur. Lakin görünən odur ki, işğalçı ölkə bu şansı hələ də düzgün qiymətləndirməyi bacarmır.

Bəs, qonşu ölkələrin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi necədir? Hansı ölkə dəhlizin açılmasını istəmir?

AZİNFORM.AZ xəbər verir ki, bu barədə modern.az-a danışan politoloq İlqar Vəlizadə hesab edir ki, region ölkələrinin Zəngəzur dəhlizi layihəsinə münasibət müsbətdir. Onun sözlərinə görə, İran və Rusiya dəhlizlə bağlı konkret maraqlarını ortaya qoyublar:

"İran və Rusiyanın burada konkret maraqları var. Ancaq iş orasındadır ki, bu maraqlar Ermənistanın mövqeyi ilə ziddiyət təşkil edir. Beləliklə, dəhlizin reallaşmasını hələ görə bilmirik. Digər tərəfdən qeyd etmək lazımdır ki, Gürcüstan ümumiyyətlə Zəngəzur dəhlizi ideyasına bir qədər fərqli yanaşır. Çünki indiyə qədər bütün kommunikasiyalar Gürcüstan tərəfindən keçirdi. Yəni şərq-qərb nəqliyyat dəhlizindən gedən əsas kommunikasiya Bakı-Tbilisi-Qars dəmiryolu xətti üzərindən keçirdi. İndi Zəngəzur dəhlizinin reallaşması vəziyyəti bir qədər dəyişdərəcək. Yüklərin bir hissəsi Zəngəzur dəhlizinə yönələcək. Bu da müəyyən mənada Gürcüstanı narahat edir".

Politoloqun fikrincə, rəsmi Tbilisinin narahatlığına heç bir əsas yoxdur: "Çünki Gürcüstan vasitəsilə çatdırılan yükərin məqsədi tam fərqlidir. Onlar daha çox Qara dəniz hövzəsinə və Ukrayna tərəfə yönəlir. Zəngəzur dəhlizindən keçən yüklər isə əsasən Yaxın Şərq, Türkiyə və Aralıq dənizinə çıxmaq üçün nəzərdə tutulur. Bu da regionda olan dəhlizlərin sayını artırır və coğrafiyanı şaxələndirir".

"Ermənistanın mövqeyinə gəlincə, təəssüflər olsun ki, bu ölkə dəhlizlə bağlı heç bir əməli iş görmür. Daxili  faktorlar, yəni daxili çəkişmələr buna imkan yaratmır. Digər tərəfdən Ermənistan siyasi rəhbərliyi də yaxın vaxtda Zəngəzur dəhlizinin mümkün olması üçün siyasi iradə nümayiş etdirmir. Buna görə də, dəhlizlə bağlı məsələdə ləngimə müşahidə olunur. Düşünürəm ki, mövcud maraqlar bu səbəbləri üstələyəcək və Ermənistan tərəfi məcburi olaraq öz ərazisində işlərə başlayacaq",- deyə politoloq vurğulayıb.

Qeyd edək ki, Zəngəzur dəhlizinin reallaşmasında Türkiyənin mövqeyi qətidir. Qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ötən gün mediaya açıqlamasında rəsmi Ankaranın dəhlizin tezliklə açılmasını istədiyini bir daha diqqətə çatdırıb.

"Biz Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin sürətlənməsini istəyirik. Bunun üçün Zəngəzur dəhlizi əsas məsələdir. Tezliklə dəhlizin açılmasının tərəfdaşıyıq", - Türkiyə XİN başçısı deyib.

Xatırladaq ki, Zəngəzur dəhlizinin açılması Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatında öz əksini tapıb. 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatda da Zəngəzur dəhlizinin istifadəyə verilməsinə razılıq ifadə olunub. Lakin Ermənistan tərəfi 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Zəngəzur dəhlizinin açılması istiqamətində səy göstərmir, zaman-zaman ziddiyyətli mövqe nümayiş etdirir. 

İrəvan hakimiyyətinin destrukriv siyasəti Azərbaycanda dəhlizlə bağlı sərt addımların atılması imkanlarını gündəmə gətirir. Siyasi müzakirələrdə Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizinin ermənilərin istifadəsinə bağlanması təklifi irəli sürülür. 

Prezident İlham Əliyev bu yaxınlarda "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı növbəti dəfə Zəngəzur dəhlizi məsələsinə toxunub. Dövlət başçısı bildirib ki, Zəngəzur dəhlizi açılmasa, sülhdən danışmaq çətin olacaq, Azərbaycanın Ermənistanla normal qonşuluğa yönəlmiş səyləri boşa çıxacaq.





up