Ermənilərin "Laçın yolu" xülyası
1-09-2023, 19:52

Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Yük avtomobilləri Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir. Ərzaq dolu yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət olunub.

Lakin artıq 4 gündür ki, Bakıdan erməniəsilli şəxslərə ərzaq yükü aparan maşınlar Ağdam-Xankəndi yolunda gözləyir. Qarabağ bölgəsində yaşayan ermənilər ərzaq yükünü qəbul etmir və müxtəlif aksiyalarla mane törədirlər. Bu zaman ortaya bir neçə sual çıxır. Həftələrdir, “humanitar böhran” yaşadıqlarını, “ac qaldıqlarını” deyənlər niyə yardımı qəbul etmirlər? Məqsəd humanitar böhrandan çıxmaqdırsa, niyə Ağdam-Xankəndi yolu vasitəsilə gətirilən ərzaq yükündən imtina edilir?

Əslində, bütün bu suallar əsl məqsədi ortaya çıxarır. Azərbaycanın Qarabağ bölgəsindəki qondarma separatçı rejimin istəyi orada yaşayan erməniləri ərzaqla təmin etmək deyil, separatizmi gücləndirmək, başqa mərhələyə daşımaq, bütün dünyaya bunu qəbul etdirməkdir. Ermənilər 30 il Azərbaycan torpaqlarını işğal altında saxladıqları dövrdə Azərbaycanın gömrük qaydalarını pozub, Qarabağa gətirilən mallara gömrük rüsumları tətbiq edərək, Azərbaycan büdcəsinə külli miqdarda zərər vurub. Onlar hazırda Ağdam-Xankəndi yolundan gətirilən ərzaq yükündən imtina edib, Laçın yolunun açılmasını tələb edərək, əvvəlki dövrdəki quldurluqlarına davam edəcəklərini düşünürlər. Qondarma separatçı rejim Laçın yolunda “TIR”lardan ibarət “blokada, humanitar böhran” adlı teatr səhnəsi qurub, bununla da Laçın yolunun yenidən açıla biləcəyi arzusu ilə yaşayırlar.

Əgər onlara, həqiqətən, ərzaq lazımdırsa, Azərbaycanın Ağdam-Xankəndi yolu ilə göndərdiyi ərzaq yükünü qəbul etməli idilər. Ancaq fakt budur ki, qondarma rejim revanşist yuxularından ayılmır, Ağdam-Xankəndi yolu ilə gələn ərzaq yükündən imtina edərək, Laçın yolundan, əvvəlki kimi, nəzarətsiz istifadə edə biləcəkləri anı gözləyirlər.

Onların görməzdən gəldiyi reallıq isə ondan ibarətdir ki, Laçın yolundan 30 illik qanunsuz istifadə və bu vasitə ilə gəlir əldə etmə dövrü sona çatıb. Laçın yolunun açılmasında Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi faktoru çox vacibdir. Yol açılacağı təqdirdə yolun istismarı Azərbaycanın sərhəd təhlükəsizliyi və sərhəd nəzarəti, eləcə də, gömrük rejimi qaydalarına uyğun həyata keçirilməlidir.

Azərbaycanın digər gömrük-keçid məntəqələrində olduğu kimi, Laçın gömrük-keçid məntəqəsində də eyni qaydalar tətbiq olunacaq.

Bütün gömrük sənədləşməsi Azərbaycan qanunverciliyinə uyğun hazırlanmalıdır. Bu, nə deməkdir? Məsələn, sənədlərdə ermənilərin 30 illik işğal dövründə Azərbaycanın torpaqlarını adlandırdıqları qondarma adlar yazılacaqsa, həmin mallar sənədlərdə müvafiq düzəlişlər edilməyənədək buraxılmamalıdır. Yəni Ermənistan və ona dəstək verən havadarları ilk öncə Azərbaycan ərazilərinin əsl adlarını əzbərləməlidirlər Yaşayış məntəqələrinin adları Azərbaycan qanunvericiliyinə uyğun yazılmalıdır.

Başqa bir məqam göndərilən malları hansı hüquqi şəxsin qəbul edəcəyidir. Həmin şəxslərin Azərbaycan Respublikasının Dövlət Vergi Xidməti reyestrində müvafiq nömrəsi mövcuddurmu? Bu və ya digər ortaya çıxan suallar cavablandırılmalıdır. Əks təqdirdə, gömrük nəzarəti həyata keçirilməyəcək və bunun nəticəsi olaraq Laçın yolu Ermənistandan gələn kommersiya yükləri üçün bağlı olaraq qalacaq.

Bunların həll edilməsi üçün ilk növbədə Azərbaycan mərkəzi hakimiyyəti və Qarabağın erməni sakinləri arasında dialoq başlamalıdır. Reinteqrasiya prosesində irəliləyiş olmalı, Ağdam-Xankəndi yolu açılmalı və istifadə edilməlidir. Sözügedən danışıqlar nəticəsində Laçın yolunun kommersiya məqsədləri üçün istifadəsi üzrə yol xəritəsi hazırlana bilər.

Qısaca, istənilən yükün çatdırılması üçün Laçın yolundan istifadə yalnız Qarabağın erməni əhalisinin nümayəndələri ilə birbaşa dialoqa başlandıqdan və bir sıra texniki tədbirlər görüldükdən sonra mümkün ola bilər.

Bu səbəbdən ermənilər reinteqrasiya və dialoqa mane olan “humanitar böhran” oyununu bitirməlidirlər. Çünki Azərbaycan tam olaraq beynəlxalq hüquq və prinsiplərdən çıxış edərək, öz suverenliyi ilə bağlı məsələlərdə qərar verir.  /trend.az/

AZİNFORM.AZ





up