"Hələ gümraham, bu rayonlarda işləyə bilərəm" - Vəzifədən azad olunan Əhəd Abıyev
18-07-2023, 21:28

“Daşkəsən rayonunda heç kim 1-2 ildən artıq işləməyib. Amma mən 13 ildir ki, burada icra başçısıyam”. 

AZİNFORM.AZ xəbər verir ki, bunu "Azvision.az"a açıqlamasında Daşkəsən rayonunun keçmiş icra başçısı Əhəd Abıyev deyib. 

O, öz ərizəsi ilə işdən çıxmaq barədə Prezident İlham Əliyevə müraciət etdiyini bildirib: 

"Daşkəsən dağlıq rayondur. Son vaxtlar burada sel, təbii fəlakətlər çox olur, səhhətimə pis təsir edir. Amma Aran rayonlarında işləyə bilərəm, hələ gümraham. İndi Prezidentin göstərişini gözləyirəm. Allah ona cansağlığı versin, o, özü bilən məsləhətdir. Nə desə, o da olacaq. Biz Prezidentin əsgərləriyik. Mən də zabit kimi bu dövlətçiliyə, iqtidara sədaqətli olmuşam, sadiqlik nümayiş etdirmişəm". 

Prezidentin etimadını hər an, hər zaman doğrultduğunu deyən Əhəd Abıyev bildirib ki, bu gün Daşkəsən rayonu şikayətlərin az olmasına görə birinci yerdədir: 

“Rayonda sabitlik, əmin-amanlıqdır və heç bir söz-söhbət yoxdur. Hazırda İcra hakimiyyətində, öz otağımdayam. Kollektivlə söhbət edib vidalaşıram. Sonra bir qonaqlıq olacaq, onunla da buradan ayrılacağam”. 

Qeyd edək ki, dünən Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla Əhəd Mikayıl oğlu Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, 2011-ci ilin fevralından Daşkəsənin icra başçısı vəzifəsində çalışırdı.





up