İki illik fasilədən sonra yenə qəddimizi Qələbə Tviti dikəltdi. Yenə bir boy yüksəldik, yenə qürurlandıq, yenə fərəhdən coşub-daşdıq. Prezident İlham Əliyev bəyan etdi ki, Üçrəngli Bayrağımız 30 illik ayrılıqdan sonra yenidən Laçın şəhərində dalğalanır...
Tvitin gözəlliyinə baxın: “Azərbaycan Ordusu Laçın şəhərində yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm!”
Yəqin xatırlayırsız, cəmi 1 il 9 ay əvvəl indi Laçın zəfəri xəbərinin sevinc çələngi kimi bəzədiyi mediada, sosial şəbəkələrdə, Yutub kanallarında hamını inandırmağa çalışırdılar ki, 10 noyabr bəyanatı acı məğlubiyyətdir, uduzmuşuq, Laçını heç vaxt qaytara bilməyəcəyik, bu şəhəri “dəhliz” adı ilə əlimizdən həmişəlik aldılar və s.
Halbuki 44 günlük müharibədən sonra Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etmişdik, 3 rayonu qan tökmədən, itki vermədən geri almışdıq, bütövlükdə 30 il işğal altında qalan torpaqlarımızın 80 faizini azad etmişdik. Ən önəmlisi, Zəngəzur - bütün türk dünyasını birləşdirəcək dəhliz gündəlikdəydi. Arzulardan reallıqlara doğru addım-addım irəliləyirdik. Amma yenə də bu misilsiz uğuru gözdən salmağa namərdcəsinə cəhdlər edirdilər. Elə bu günədək elə bir zərərli ovqat, ruh düşkünlüyü təlqin edilirdi ki, sanki heç qələbə qazanmamışıq, əksinə, hər şeyi uduzmuşuq, Laçın da əldən gedib...
Prezidentin bugünkü tviti həm də o namərdlərə verilən cavabdır. “Niyə Prezident Laçını azad etmək əvəzinə Zəngəzurdan danışır” iddiası ilə beyinləri zəhərləyənlərə tutarlı cavabdır. Azərbaycan xalqına isə misilsiz hədiyyədir! İki ilə yaxındır, daha dəqiqi, 30 ildir ki, ümidlə, səbirlə, səbirsizliklə gözlədiyimiz hədiyyə!
Bu təslimçi və depressiv əhval-ruhiyyəni yaymaq, insanları bu yalana inandırmaq cəhdləri niyə gündəmə gətirilirdi? Bu, kimlərin uydurması və çirkin arzusu idi? Vətənə, millətə, Laçına niyə xəyanət edilirdi?
Suallar çoxdur. O günlərdə radikal müxalif düşərgədən olan tanınmış bir jurnalistlə söhbət etmişdim. Müxalifətin Qarabağ qələbəsindən sonra İlham Əliyevə uduzmasından ürək ağrısı ilə danışırdı. Dedi ki, yaxınlarda xaricdə səfərdə olmuş müxalif partiyalardan birinin sədri ölkəyə qayıdandan sonra ona müsahibə verib. Müsahibədənkənar söhbətdə deyib ki, görüşdüyü əcnəbi strateqlər Qarabağ savaşında əldə olunmuş uğurların İlham Əliyevi müqayisəyəgəlməz dərəcədə önə çıxardığını bildiriblər. Deyiblər ki, artıq onun rəqibini formalaşdırmaq mümkün deyil. Bircə nüansdan savayı. Əcnəbilər Azərbaycanın radikal müxalifətinə Qarabağ qələbəsini maksimum səviyyədə gözdən salmağı məsləhət görmüşdülər: “Xalqı inandırmalısınız ki, Qarabağ qələbəsi əslində bir fiaskodur. Yarımçıqdır. Əks halda İlham Əliyevə qalib gələ bilməyəcəksiniz...”
Azərbaycan Prezidenti “nəyi nə vaxt, necə etmək lazımdır, bilirəm, mənə güvənin” deyərkən içimizdəki xəyanətkarlar antiazərbaycan dairələrin sifarişini yerinə yetirirmişlər. Yəni İlham Əliyev hələlik işğal altında qalan 20 faizlik ərazimizi qarış-qarış, ovuc-ovuc, qucaq-qucaq, Laçın-Laçın geri qaytarmağı planlayarkən və bütün potensial hərbi-siyasi imkanları bu istiqamətə səfərbər edərkən, yaramazlar da xəyanət toxumlarını cücərtməklə məşğul imişlər. Və bu, təkcə hakimiyyət məsələsi deyil.
Bir müddət öncə erməni diasporu qərblilərlə keçirdiyi görüşlərdən sonra açıq şəkildə etiraf etmişdilər ki, avropalı siyasətçilər İlham Əliyevə təzyiq etməyin mümkünsüz olduğunu bildirirlər. Açıqlamanın məğzi bu idi: “Nə qədər ki, ölkə daxilində İlham Əliyevin reytinqi 97-98 faizdir, ona Qarabağla bağlı hansısa güzəşt üçün təzyiq etmək mümkün deyil. Siz çalışmalısınız ki, onun reytinqi heç olmasa 15 faiz azalsın”.
Erməni diasporu müharibədən qısa müddət sonra elan etdikləri bu “hədəfə” çatmaq üçün hər şeyi edirlər – İlham Əliyevin ölkədə reytinqini heç olmasa, bir neçə faiz salmağa çalışırlar...
Bu gün, bu gözəl 26 avqust sabahı Ordumuzun artıq Laçında yerləşməsi xəbərini eşitdikdən və general-mayor Kənan Seyidovun Laçın şəhərindən Ali Baş Komandana məruzə etdiyi möhtəşəm kadrları izlədikdən sonra bir daha əmin oldum: İlham Əliyevə müxalifətçilik etmək, mövzu Vətəndirsə, ona qarşı çıxmaq, onun yanında deyil, qarşısında durmaq, erməni donorlarının arxasında durduğu “beynəlxalq təşkilatlar”ın qrantının şərtlərini “can-başla” yerinə yetirmək Vətənə xəyanətdir, erməni diasporuna xidmətdir, erməni yalına qul olmaqdır!
Ən azı 44 günlük savaşla İlham Əliyevin bu xalqa Allahın lütfü olduğunu hər kəs yaxşı bilir. O, Qarabağın xilaskarıdır, eyni zamanda, bizim hər birimizin xilaskarımızdır. 30 ildir bizi hər gün bir az əzən, sındıran, ölümə yaxınlaşdıran əziklik sindromundan xilas edən odur. Qəhrəmanımız, Ali Baş Komandanımız, Liderimizdir. Ona məhz bu yöndən baxmaq, görmək lazımdır böyüklüyünü. Laçından baxmaq lazımdır, Şuşadan, Murov yüksəkliyindən baxmaq lazımdır... Və onun tarixi və şərəfli missiyasını tamamlaması üçün reytinqini 99 faizdə saxlamaq, onu qorumaq, hər addımına güvənmək, hər sözünə əməl etmək də hər birimizin Vətən borcudur!
Bunu keçmiş müxalifətçi kimi etiraf edirəm həm də: 30 il bizi aldatdılar. 30 ildir ki, insanlarımızı aldadırlar. Müxalif düşərgədə vaxtilə mənim də lider saydığım, inandığım, müxalif dünyagörüşlü insanların az qala səcdə etdiyi şəxslər İlham Əliyev şəxsiyyətinin böyüklüyünü, miqyasını görməyə, dərk etməyə, qəbul etməyə imkan vermədilər. Proseslərə, reallıqlara yanlış don geydirdilər. İnsanları nifrətlə, kinlə, aqressiya ilə yüklədilər. Hətta... Ölkənin ən demokratik, ən ədalətli, ən dürüst insanı kimi sevdiyimiz Əbülfəz Elçibəy belə bircə dəfə öz tərəfdarlarına, yol arxadaşlarına, əqidə yoldaşlarına birbaşa etiraf etmədi ki, niyə 1993-cü ildə hakimiyyəti məhz Heydər Əliyevə həvalə edərək Kələkiyə getdi...
Niyə başqasına yox, Konstitusiyaya görə özündən sonra bu görəvi daşımalı olan səlahiyyətlilərə, komanda üzvlərinə deyil, məhz Heydər Əliyevə?..
Açıq etiraf etmədi, ancaq dəfələrlə işarə etdi... Onun işarəsinin üstünü örtmək üçünsə “yol yoldaşları” hər şeyi etdilər...
Heydər Əliyev Azərbaycanı parçalanmadan xilas etdi, dövləti qorudu, Ordunu qurdu: 10 ildə heç kimsənin, heç bir liderin bacarmayacağı nəhəng işləri gördü və “Mən İlham Əliyevə özüm qədər inanıram. Əminəm ki, mənim yarımçıq qoyduğum işləri o başa çatdıracaq” dedi.
Zərgər dəqiqliyi ilə hesablanmış uzunvədəli Yol!
Hər məsələdə haqlıydı, hər addımında 20 il, 30 il, 50 il sonranı dəqiqliyi ilə görə bilirdi.
Dövləti kimə etibar etmək lazım olduğunu da incəliyinə qədər bilirmiş!
Xəritəmizə baxırsınızmı? İndən sonra qürurla baxın. Bu gün xəritəmiz böyüdü. Laçın boyda, Zabux və Sus kəndləri boyda böyütdük ərazilərimizi. Müzəffər Ordumuz İlham Əliyevin rəhbərliyi ilə tarix yazır. Tariximiz və taleyimiz dəyişir. Laçında, təsəvvür edirsinizmi, Laçın şəhərində “Azərenerji”nin, DİN-in, DTX-nın yerli şöbələri açılır. 44 günlük müharibədən öncə bunu kim xəyal edə bilərdi, hansımız ağlımıza gətirə bilərdik?..
Miqyassız xoşbəxtlik budur, məncə. Bu gün o xoşbəxtliyin şəkli Laçındır. Sabah Üçrəngli Bayrağımız Xankəndidə, Xocalıda dalğalanacaq. Yetər ki, görülən işlərin miqyasını və əhəmiyyətini dərk edək. Yetər ki, bu Böyük və Şanlı Tariximizi yazan Liderə mane olmaq istəyənlərin məkrli oyunlarına, xain hiylələrinə düşməyək, düşmən dəyirmanına su daşımayaq.
Bu gündən bir incə məqam da yəqin ki, həmişəlik qalacaq. 26 avqust həm də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum günüdür. Və sanki bu gün İlham Əliyev Laçın zəfəri ilə Mehriban xanımı da təbrik etdi, hər bir azərbaycanlı kimi illərlə o torpaqların işğaldan azad edildiyini gözləyən, arzulayan, bunun uğrunda aparılan mübarizəyə töhfəsini verən xanıma Laçının azadlığını ərmağan elədi...
26 Avqustu – xanımının ad gününü İlham Əliyev Azərbaycanın Şanlı Tarixinə qızıl hərflərlə yazdı.
Qədim yunan mifologiyasındakı məşhur Sicilla və Xaribda əfsanəsini mən də xatırladım. Qarabağı azad etmək üçün Sicilla və Xaribda arasından keçən İlham Əliyevin möhtəşəm Mehriban xanıma möhtəşəm hədiyyəsi Laçının azadlığı olmalıydı təbii ki...
İlham Əliyev – 26 Avqustu həm də öz ocağı üçün şükran günlərindən birinə çevirdi.
Laçınımız mübarək!
Hədiyyəmiz mübarək!
Tanrı Liderimizi qorusun!