Rusiyanın müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akar ilə görüşüb, onunla Qara dəniz regionu və Ukrayna, eləcə də Suriyadakı vəziyyəti müzakirə edib.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
"Rusiya hərbi idarəsinin rəhbəri Akarın diqqətini ABŞ hərbçilərinin uzun müddətdir ki, suveren Suriya dövlətinin ərazisində olmasına yönəldib. Şoyqu onların orada qalmalarını beynəlxalq normaların pozulması adlandırıb və vurğulayıb ki, ABŞ Əl-Tanf kimi bazalarda terrorçu birləşmələrin yaraqlılarına təlimlər keçirilir”, - məlumatda deyilir.
Şoyqu Akarla söhbətində ABŞ-ın rəsmi Suriya hökumətinə qarşı birtərəfli sanksiyalarının qeyri-qanuni olduğunu da qeyd edib. O vurğulayıb ki, bu məhdudiyyətlər ölkədəki ağır humanitar vəziyyəti daha da gərginləşdirir. Rusiyalı nazir ABŞ ordusunun Suriyada uzun müddət qalmasına da diqqət çəkib ki, bu da beynəlxalq normaları pozur.
Bundan əlavə, Şoyqu Suriyada atəşkəsin daha da qorunub saxlanmasının vacibliyinə diqqət çəkib. "İki ölkənin departamentləri bu məsələ ilə bağlı müxtəlif səviyyələrdə daim əlaqə saxlayırlar", - Rusiya hərbi idarəsinin bəyanatında deyilir.