ABŞ kəşfiyyatının rəhbəri Paşinyana kompromat sənədlər verib - SENSASİON İDDİA
18-07-2022, 00:37

Uilyam Börns Ermənistana müəmmalı səfərində erməni baş nazirə hansı məxfi sənədləri verib?

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börnsün iyulun 15-də Ermənistana yarıgizli səfəri haqda yeni iddialar yayılıb. Rəsmi məlumata görə, Börns İrəvanda ermənistanlı həmkarı və baş nazir Nikol Paşinyanla görüşündə regional məsələləri, Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib.  

1a966e7a-2e8e-4bd3-bcae-3b866c62b760.jpg (79 KB)

Bununla belə, geniş ictimaiyyət üçün belə bir versiya da ortaya atılıb ki, Börns və Paşinyan Ermənistan Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri Qaqik Xaçatryanın qanunsuz aktivləri ilə bağlı məsələni müzakirə edə bilərdilər. Rusiya mediasının yazdığına görə, Paşinyan üçün bu, təbii ki, prinsipial məsələdir, çünki Xaçatryana qarşı irəli sürülən mənimsəmə ittihamları Rusiya ilə yaxın əlaqələriylə tanınan Robert Köçəryandan başlayaraq ölkənin bütün keçmiş rəhbərliyini həbs təhdidi altında saxlamağa imkan verir. 

Qeyd olunur ki, Xaçatryan əvvəl həbs edilib, sonra isə zaminə buraxılıb. Hətta Paşinyan və onun mətbuat katibinə qarşı mülki məhkəmədə qalib gəlib, onları açıq şəkildə sübut olunmamış ittihamlara görə üzr istəməyə məcbur edib. “Deməli, amerikalılar, təbii ki, keçmiş nazirin malikanəsinin müsadirə olunması ilə bağlı işə başlamaqla Ermənistanın “çoxvektorlu” baş nazirinə şəxsi hədiyyə edə bilərlər. Əvəzində isə Ermənistan hakimiyyətindən bir sıra başqa xidmətlər tələb etmək şərti ilə...” - deyə iddiada bildirilir.

ABŞ Ədliyyə Nazirliyinin Qaqik Xaçatryanın Los-Ancelesdəki malikanəsinin müsadirə edilməsi prosesinə başlaması barədə xəbərlər hələ may ayından yayılıb. Müsadirə ilə bağlı iddiada malikanənin erməni biznesmenlərdən birinin həmin vaxt Ermənistanda yüksək dövlət postunu tutan Xaçatryanın ailəsinə rüşvət qismində verilən vəsait hesabına alındığı bildirilirdi.

Kaliforniya Federal Dairə Məhkəməsində qaldırılan iddiada Birləşmiş Ştatlar bildirir ki, biznesmen Sedrak Arustamyanın biznesinə “loyal” münasibət müqabilində Qaqik Xaçatryana və onun ailəsinə 20 milyon dollar rüşvət verib.

qaqik-xacatryan.jpg (37 KB)

Amma o da vurğulanır ki, bu kimi xəbərlər səfərin əsl məqsədini sığortalamaq üçün mediaya düşünülmüş “yem” də ola bilər. Çünki bu sənədləri ötürmək üçün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi rəhbərinin özünün okeanın o tayından uçaraq İrəvana getməsinə ehtiyac yox idi, telefon rabitəsi və digər şifrələnmiş kanallar yaxşı işləyir.

Rusiya mənbələri əsas olaraq bu versiya üzərində dayanırlar ki, MKİ rəhbəri Moskvanın keçmiş SSRİ-dəki müttəfiqlərini “dişinə vurur” və onları Rusiyaya qarşı qoymağa çalışır.

Bildirilir ki, rəsmi Vaşinqton xüsusilə regionda Rusiyanın bütün təşəbbüslərinin təsirini zəiflətmək üçün çalışır. Eyni fikirləri Türkiyənin regionda artan təsirləri, Ermənistanla münasibətləri tənzimləyə çalışması haqda da demək olar. ABŞ Ankaranın regionda söz sahibi olmasını arzulamır. Belə görünür ki, ABŞ Ermənistanı regionda “dağıdıcı güc” kimi görür və İrəvanı “bu gücə” inandırmağa çalışır. Amerika Ermənistanın bu regionda prinsipcə yeni ab-hava yaradacaq əməkdaşlıq proqramlarına qoşulmamasında maraqlıdır.

Qeyd edək ki, Börns ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi postuna 2021-ci ildə təyinat alıb. Bundan əvvəl Uilyam Börns qısa müddət ABŞ dövlət katibi vəzifəsini icra edib, sonra isə 3 ilə yaxın dövlət katibinin müavini olub. 2015-2021-ci illərdə Karnegi Fonduna rəhbərlik edib. 2005-2008-ci illərdə Börns ABŞ-ın Rusiyadakı səfiri olub. /musavat.com/


AZİNFORM.AZ





up