Dmitri Peskov: Avropa ölkələrindəki istefalara Rusiyanın aidiyyəti yoxdur
16-07-2022, 23:44

Bəzi Avropa ölkələrinin rəhbərliyində baş verən kadr dəyişiklikləri həmin dövlətlərin daxili işidir, Rusiyanın bütün bunlara heç bir aidiyyəti yoxdur. Belə bir bəyanatla Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib. Məlumatı “Anadolu” verib.

Peskov jurnalistlərlə söhbətində bildirib: “Bu, adıçəkilən ölkələrdən hər birinin daxili işidir. Biz bu məsələlərə heç cür qarışmaq istəmirik, bunlara heç bir aidiyyətimiz yoxdur. Bax, bu barədə deyəcəklərim bunlar­dır”.

Peskov bunu jurnalistlərdən birinin İtaliya­nın Baş naziri Mario Draqinin istefası, Almaniya Kansleri Olaf Şoltsun mümkün istefası ilə bağlı aparılan müzakirələr və Böyük Britaniyanın Baş naziri Boris Conso­nun vəzifədən getməyə məcbur edilməsi ətrafında yaranmış vəziyyətə Kremlin münasibəti ilə bağlı sualı cavablandırarkən deyib.

Qeyd edək ki, iyulun 14-də İtaliyanın Baş naziri Mario Draqi istefaya getmək barədə qərar qəbul etdiyini açıqlayıb. Lakin İtaliya Prezidenti Sercio Mattarella onun istefasını qəbul etməyib.

Bir qədər əvvəl Alma­niyanın kütləvi informasiya vasitələri də bildirmişdi ki, Kansler Olaf Şoltsu ölkədə yaranmış enerji böhranına və Ukrayna ətrafındakı vəziyyətlə bağlı tutduğu mövqeyə görə istefa təhlükəsi gözləyir.

İyulun 7-də isə Boris Con­son Böyük Britaniyanın baş naziri postunun getdiyini elan edib. Bununla yanaşı, o bəyan edib ki, “ölkədə yeni lider müəyyənləşənə qədər” baş nazir vəzifəsində işini davam etdirəcək.

Britaniya KİV-i onun iste­fasının səbəbi kimi son aylar ərzində Consonun adının hallandığı bir sıra qalma­qalları göstərir. Məlumata görə, onun istefa barədə qərar qəbul etməsinə qədər hökumətdəki 60-a yaxın məmur vəzifəsindən getdiyini elan etmişdi. Yalnız bundan sonra Conson sonuncu addı­mı atmaq qərarına gəlmişdi.





up