Şoltsu bitirə biləcək narkotik skandalı
11-07-2022, 18:33

Almaniya kanslerin iştirak etdiyi gecədə bir neçə qadın narkotik təsiri altında zorlanmış ola biləcəklərini açıqladılar, polis araşdırmaya başladı

Almaniya polisi hazırkı kansler Olaf Şoltsun da iştirak etdiyi Almaniya Sosial Demokrat Partiyasının (SPD) təşkil etdiyi gecə ilə bağlı araşdırmaya başlayıb. “Tagesspiegel” qəzeti yazıb ki, 1000 qonağın iştirak etdiyi yay gecəsi əyləcəsində bəzi gənc qızlar və qadınlar özlərini pis hiss ediblər və sonradan axşam baş verənləri xatırlamayıblar. Qəzet qadınların şənlikdə onların içəcəklərinə “zorlama narkotiki” qatıldığını ehtimal edir. SPD hadisəni “dəhşətli” adlandırıb və deputatlar dərhal polisə məlumat veriblər.

Yay festivalı iyulun 6-da Berlində SPD kansleri yanında baş tutub. “Tagesspiegel”in məlumatına görə, şənlikdə Bundestaqın deputatları və partiyanın əməkdaşları iştirak ediblər. Ümumilikdə məclisdə 1000-ə yaxın qonaq iştirak edib.

Tədbirə qatılan 21 yaşlı qadın özünü pis hiss etməkdən, başgicəllənmədən və yaddaşın zəifləməsindən şikayətlənib. O, qeyd edib ki, spirtli içki qəbul etməyib, sərinləşdirici içkilər içib, yemək yeyib və saat 21:30 radələrində özünü pis hiss edib. Ertəsi gün səhər o, ötən axşam baş verənləri xatırlaya bilməyib. Qız həkimlər tərəfindən müayinə olunub və polis çağırılıb. Toksikoloji müayinə üçün ondan qan nümunəsi götürülüb, lakin qan nümunəsinin nəticəsi hələ məlum deyil.

Qurbanların dəqiq sayı hələ müəyyən edilməyib. Berlin polisi qalmaqalla bağlı araşdırmaya başlayıb və iyulun 8-də oxşar simptomlarla daha dörd qadının müraciət etdiyi təsdiqlənib.

“Tagesspiegel” qəzeti ümumilikdə  doqquz qadının “seks və narkotik” qurbanı olduğunu açıqlayıb.  Zorlama qurbanı olduğu iddia edilən daha bir qadın anonim olaraq RBB24 televiziya kanalının redaksiyasına müraciət edib. Qadın nə baş verdiyini danışarkən bunları deyib: “Bu damcılar məni müdafiəsiz etdi və şüurun tam qaralmasına səbəb oldu”.

“Zorlama dərmanları” yaddaş itkisinə səbəb olan güclü sakitləşdirici təsirə malik damcılardır. Cinayətkar belə maddələri qurbanının içkisinə qarışdıra bilər ki, bu da onu köməksiz vəziyyətə salır. Belə hadisələrin araşdırılması həmişə çətindir, çünki qurbanlar çox vaxt başlarına gələnləri xatırlaya bilmirlər.

SPD-nin Bundestaqdakı sözçüsü Kristian Helms deyib ki, partiya baş verənlərdən dəhşətə gəlib. Tədbirdə yalnız Şoltsun rəhbərlik etdiyi partiya üzvləri iştirak edib,  kənar şəxslər olmayıb.  SPD-nin parlament fraksiyası bütün mümkün zərərçəkənlərə hadisə barədə dərhal polisə məlumat verməyi tövsiyə edib. SPD günahkarların müəyyən edilərək məsuliyyətə cəlb ediləcəyinə ümid etdiyini bildirib.

SPD-dən olan Bundestaq üzvü Ariana Faşer də öz növbəsində bildirib ki, yerindəcə heç nə hiss etməyib. “Belə bir festival kifayət qədər  səmimi şəraitdə keçirilir. Artıq özünüzü təhlükəsiz hiss etməyəcəyininz yer olmadığını düşünəndə, bu, daha dəhşətlidir”,- deyə o bildirib. /musavat.com/


AZİNFORM.AZ






up