Türkiyə qoşunlarını Suriyadan çıxaracaq? - Ərdoğan AÇIQLADI
20-05-2023, 08:58

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Bəşər Əsədin Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisindən çıxarılması tələbinə münasibət bildirib.

AZİNFORM.AZ bildirir ki, bu barədə Trend "Anadolu" agentliyinə istinadən xəbər verir.

"Ankaranın belə bir planı yoxdur, çünki Suriya ərazisindən terror təhlükəsi qalmaqdadır. Türkiyə əsgərlərinin bu gün Suriyada olmasının yeganə səbəbi terror təhlükəsidir", - deyə R.T.Ərdoğan "CNN International" telekanalına müsahibəsində bildirib.

Ərdoğan Türkiyə-Suriya sərhədinin uzunluğunun 900 km-dən çox olduğunu və ölkə sərhədlərinin Suriyanın şimalından daim təhdid altında olduğunu izah edib.

Eyni zamanda o, Türkiyənin bir sıra müxalif siyasətçilərinin suriyalı qaçqınları öz vətənlərinə qovmaq barədə vədlərini pisləyib. "Belə bir şeyi dəstəkləmək mümkün deyil", - deyə Türkiyə lideri vurğulayıb.

Türkiyə Prezidenti qaçqınların geri qaytarılması prosesini asanlaşdırmaq üçün Ankaranın Türkiyə ordusunun nəzarətində olan Suriya bölgələrinin infrastrukturunu bərpa etmək səylərinə diqqət çəkib.

Ərdoğan Suriyada bir milyona yaxın suriyalı qaçqın üçün ev tikilməsi üzrə layihələrin hazırlandığını bildirib. "Biz qaçqınların könüllü vətənlərinə qayıtmasını təmin edəcəyik", - deyə o bildirib.





up