“2023-cü ildə qardaş Türkiyə dövləti yaranmasının 100 illiyini qeyd edəcək. Bu, çox mühüm tarixi hadisədir. Türkiyə bu gün dünyanın mühüm güc mərkəzlərindən birinə çevrilib. Bu reallığın formalaşmasında, Türkiyənin nəhəng güc mərkəzinə çevrilməsində Türkiyə Prezidenti cənab Rəcəb Tayyip Ərdoğanın misilsiz, müstəsna xidmətləri var”.
AZİNFORM.AZ xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, Rəcəb Tayyib Ərdoğan təkcə Türkiyəni gücləndirməyib, dünyada söz sahibi etməyib, eyni zamanda qlobal sülhə və təhlüksizliyə çox ciddi töhvələr verib: “Bu gün Rusiya və Ukrayna arasında müharibə gedir. Rusiya dünyada buğda ixrac edən bir nömrəli, Ukrayna isə 5-ci mövqedə dayanan dövlətdir. Bu nöqteyi-nəzərdən, Rusiya-Ukrayna müharibəsinin aparılması əslində total aclığa gətirib çıxara bilər. Bunun bütün təhdid və təhlükələri hiss olunmaqdadır. Yaxın Şərqdə və Afrika ölkələrində, sözün həqiqi mənasında, aclıq başlaya bilər. Bunun hansı fəlakətlərə gətirib çıxaracağını pronozlaşdırmaq belə çətindir. Belə reallıqda heç bir böyük dövlət irəli gəlib bu problemi həll etmək iqtidarında deyildi. Bunu yalnız Türkiyə Prezidenti, müasir dünyamızın liderlərindən biri Ərdoğan edə bildi. O, Rusiya-Ukrayna müharibəsində tutduğu obyektiv mövqeyi sayəsində buna nail oldu. Rusiya və Ukrayna nümayəndələrinin İstanbulda BMT-nin vasitəçiliyi ilə görüşünü keçirdi, nəticədə Ukrayna limanlarından buğdanın ərzaq qıtlığından əziyyət çəkən ölkələrə daşınmasına nail oldu. Bu günə qədər 350-dən artıq gəmi ilə Ukrayna limanlarından, təxminən, 8 milyon tondan artıq buğda aclıqdan əziyyət çəkən ölkələrə daşınıb. Bu, hesab edirəm, cənab Ərdoğanın tarixdə iz qoymuş və iz qoyacaq missiyasıdır. Unudulmaz, bənzərsiz addımdır. O, aclıq fəlakətinin qarşısını almış oldu”.
E.Nəsirov deyib ki, Ərdoğanın ən mühüm xidmətlərindən biri Rusiya-Ukrayna müharibəsinin əsirlərin qarşılıqlı dəyişdirilməsinə vasitəçi olması idi: “Hər iki tərəfdən əsirlər var idi. Məhz cənab Ərdoğan 200 hərbi əsirin qarşılıqlı dəyişdirilməsinə nail oldu. Bu problem həllini tapmır, heç kim bunu həll edə bilmirdi, cənab Ərdoğan etdi. Bu gün cənab Ərdoğanın immiqrant probleminin həlli məsələsindəki mövqeyi və siyasəti ən yüksək tərifə layiqdir. Türkiyə Suriyadan gələn qaçqınların sayına görə birinci yerdə dayanan dövlətdir, 4 milyondan çox qaçqına öz qucağını açıb, təxminən, 3 milyon 800 minini Suriyadan gələn qaçqınlar təşkil edir. Türkiyə bu addımı atmasaydı, onda Avropa ölkələrini hansı fəlakətin gözlədiyini proqnozlaşdırmaq elə də çətin deyildi. 2016-cı ildə imzalanmış razılaşmaya görə, Avropa İttifaqı bu məqsəd üçün Türkiyəyə 6 milyard avro vəsait ayırıb. Reallıqda isə Türkiyə dövləti 30 milyard dollardan artıq bu qaçqınların problemlərinin həlli ilə bağlı vəsait xərcləyib. Əslində, bu, cənab Ərdoğanın rəhbərliyi altında Türkiyə dövlətinin tarixə düşmüş misilsiz xidmətidir”.
Deputat əlavə edib: “Ərdoğanın misilsiz xidmətlərindən biri də Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatı ilə bağlıdır. 30 ildən artıq davam edən müharibənin yekunlaşması, regiona sülh və əminamanlığın gəlməsi sahəsində cənab Ərdoğanın tarixi addımları bütün dünyaya bəllidir. Bu günlərdə qardaş dövlətin lideri Zəngəzur Beynəlxalq Hava Limanının açılışı ilə bağlı ikinci dəfə yenidən Qarabağa gələcək. Dünya səviyyəli liderin Qarabağa gəlişi bölgəyə sülh, əminamanlıq gətirir, bölgənin gələcək taleyini müəyyən edir. Bütün bunlar dünyanın gözü qarşısında baş verir. Sadaladığım reallıqları nəzərə alıb, Azərbaycan Respublikası Milli Məclisinin bu gün keçirilən iclasında çıxış edərək bildirdim ki, Ərdoğanın 2023-cü ildə beynəlxalq Nobel Sülh mükafatına layiq görülməsi ən ağlabatan addımdır. O, bu mükafata ən layiqli namizəddir. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev qardaşı cənab Ərdoğan haqqında söyləmişdi ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Türkiyəni müasir dünyamızda əsas güc mərkəzlərindən birinə çevirməyi bacarıb. Türkiyənin bugünkü inkişafında cənab Ərdoğanın xidmətləri unudulmaz, misilsizdir, tayı-bərabəri yoxdur. Bütün bunlar onu göstərir ki, beynəlxalq Nobel Sülh mükafatında cənab Ərdoğanın yeri xüsusilə görünür. Onun qalib gələcəyi labüd təsiri bağışlayır”.
AZİNFORM.AZ