Sancağını verib deyir: Barmağı deş və qanını sor... - Tarixin və səhnənin cəhənnəmi
30-12-2022, 15:47

Günün birində qapı çalınacaq, əllərini-qollarını bağlayıb evindən, isti yuvasından, balalarında qoparılıb bilinməzliyə aparılacaqdılar... Amansız sorğu-suallar, dəhşətli həbsxana həyatı, məşəqqətli sürgünlə üz-üzə, göz-gözə qalacaqdılar. Onlar taleyin ümidinə buraxılmış, əzablara, acılara tərk edilmiş qadınlar olacaqdılar... Çünki onlar vətən xainlərinin arvadlarıydılar.

VƏTƏN XAİNLƏRİNİN ARVADLARI

Gənc Tamaşaçılar Teatrınin ilin sonunda təqdim etdiyi tamaşanın adı belə adlanır: “Kod adı - V.X.A” (Vətən xainlərinin arvadları)

Dəhşətli 1937-ci ilin vəhşətləri 37 qadının simasında təqdim edilir.

Tamaşa vurucu səhnə ilə başlayır: sərt addımlarla qaranlıqdan səhnənin önünə gələn o qadınların baxışları və insanın içini darmadağın edən musiqi...

Daha sonra acı reallıq dörd saat müddətində gözümüz önündə canlanır.

Evlərindən məcburi çıxarılan, sorğuya aparılıb, Bayıl həbsxanasına salınan qadınların iztirablı günlərini sürgün həyatı əvəzləyir.

Tamaşadan sitat: “Siz – vətən xainlərinin ailə üzvləri yaşadığınız ölkədən sürgün olunursunuz. Xalq siz olmayanda daha rahat nəfəs alacaq. Sürgün – səhvlərini, günahlarını başa düşmək üçün nəzərdə tutulmuş yüngül cəza növüdür”.

Nahaq yerə dəhşətli 1937-ci il deyilmir.

1920-ci illərin sonundan 1950-ci illərin əvvəlinə qədər Azərbaycan SSRİ-də həyata keçirilən Stalin repressiyalarının ən sərt və qara ili... Azərbaycan ziyalılarını, aydınlarını əvvəl dəmir barmaqlıqlar arasına, gizli, qaranlıq kameralara, sonra güllələnməyə məhkum edən 1937-ci il...

1937-1938-ci illərdə repressiyalar ən pik həddə çatdı. Repressiyalara əksinqilabi fəaliyyətdə, casusluqda, anti-sovet təbliğatı aparmaqda şübhəli bilinən insanların güllələnməsi, həbs olunması, sürgünə göndərilməsi və SSRİ-nin digər bölgələrinə deportasiyası daxil idi.

Teleqraf.com tarixin əzablarından keçmiş qadınlara həyat verən aktrisalarımızın tamaşa və rolu barədə təəssüratlarını öyrənib.

“Şükriyyə ilə bir-birilərini bəyənməyiblər”

Tamaşada Ceyran Bayramova obrazını yaradan Əməkdar artist Leyli Vəliyeva: “Ceyran 1937-ci ildə repressiya olunmuş qadınlardan biridir. Oruc Bayramovun həyat yoldaşıdır. Öncə Oruc Bayramovu, daha sonra vətən xaininin arvadı kimi Ceyranı da tuturlar. Əslində araşdırmalardan belə məlum olur ki, onun özü ictimai həyatda, siyasətdə öncül, diribaş, fəal qadın olub. Ona görə də ərindən çox onun öz fəaliyyəti qıcıq yaradırmış.

Ceyran Bayramova Akmolaya sürgün olunur, 8 il orda qalıb bəraətdən sonra Bakıya qayıdır. İctimai fəaliyyətindən qalmır, orden-medallarla təltif olunur.

Qulluqçu ailəsində doğulubmuş, Bakıya gəlib rus-tatar məktəbindən oxuyubmuş. Əli Bayramov adına klubda qadınların ictimai fəaliyyətə çəkirmiş, onları qəzalara göndərib maarifləndirmə işlərini həyata keçirirmiş. Hətta bəzi işləri özü görürmüş.

Çılğın, emosional, həmçinin güclü, Azərbaycan qadınlarının ilk qurultayını təşkil edənlərdən biridir Ceyran. Klara Setkin Bakıya gələndə onu Əli Bayramov adına klubun qadınları ilə görüşdürüb. Və bu görüşdən Klara çox təsirlənib. Təbii ki, Klara Ceyran Bayramovun bu işini çox yüksək qiymətləndirib. Məhz Klara Setkinlə yaxın əlaqələrinə görə onu ittiham edib sürgünə göndəriblər”.

Leyli xanım deyir ki, əslində Ceyranla Şükriyyə sürgün həyatına qədər bir-birilərini bəyənmirmişlər: “Ceyran Əhməd Cavadın arvadı Şükriyyə ilə tamam bir-birinə zidd xarakterdə olub. Qəribə də olsa onlar Akmolada görüşəndə düşmənçilik arxa plana keçib. O şərait, o dərd onları birləşdirib. Şükriyyə onu aclıqdan xilas edir. Sirrini onunla bölüşür, sancağını verib deyir: barmağı deş və qanını sor, aclığa belə qalib gələ bilərsən.”

“Sinir sistemim alt-üst olmuşdu”

“Mən sürgünə göndərilən 26 min qadından biri – 30533 nömrəli Əyyubova Sənubərəm”- deyir aktrisa Simuzər Ağakişiyeva.

Daha sonra Sənubərin onun həyatında və səhnə fəaliyyətində mühüm yeri olduğuna vurğulayır: “May ayından bəri bu əsərin üzərində çalışırıq. Ağır, gərgin məşqlər... İnanın ki, o qadınları canlandırarkən Akmola həyatını bütün ruhumuzla yaşayırdıq. Heç asan olmadı. O qadınların çəkdikləri əzablar, iztirablar, hayqırtılar... Həqiqətən biz bu tamaşada qocaldıq.

Pedaqoji İnstututi bitirən, Şuşada kurslar açan Sənubər... Fədakar və o zamanın çox cəsarətli qadını olub. Ona çox işgəncələr veriblər, amma heç bir ittihamı qəbul etdirə bilməyiblər. Əzmkar mövqeyi ilə seçilib. Akmolada dəhşətli həyat keçirib.

Sənubəri oynamaq həddən artıq çətin idi, sinir sistemim alt-üst olmuşdu, hətta isterika vəziyyətinə çatmışdım. Bir neçə aydır ki, hər şeydən təcrid olunmuşam. Bütün fikrim Sənubərdə idi. Bəzən sinirlərim dözmürdü... Doğrusu, buna görə çox utanırdım. Yəni biz buna səhnədə dözə bilməriksə, görün bu insanlar nələr yaşayıb, hansı çətinliklərdən keçiblər... Sənubər mənim üçün çətin və şərəfli bir rol idi. Bu obrazı mənə həvalə edən Mehriban xanıma təşəkkür edirəm.

Bütün kollektivin bu tamaşanın ərsəyə gəlməsində böyük rolu var. Sanki bir ev tikirik və hər kəs öz kərpicini qoyur”.

“Qanın içində olmasına baxmayaraq çalışdım ki...”

Prezident mükafatçısı Günel Məmmədova: “Ayna Sultanova böyük şəxsiyyətdi. Azərbaycan tarixinin ilk qadın naziri, “Şərq qadını” jurnalının ilk redaktoru, Azərbaycan SSR Xalq Maarif Komissarı, Ali Məhkəmənin sədri, ədliyyə naziri idi. Marksizm-leninizm ideyalarına sadiq idi. Əksər tədqiqatçılar Aynanı “Lenin partiyasının sədaqətli qızı” adlandırırdılar. Bütün çətinliklərə baxmayaraq bu yolda hər bir şeyi qurban verməyə hazır idi. Son anına qədər bolşevik partiyasına sadiq qaldı.

Ayna da repressiyanın qurbanlarından biri olub. Ona ən yüksək cəza – güllələnmə kəsirlər. Aynaya çox işgəncələr veriblər, zorlayıblar. Bildiyim qədər 38 nəfər tərəfindən zorlanan qadın olub. Ona beşinci künc adlı cəza formasını tətbiq ediblər. Bu cəzada insanı soyundurur, bədənini yaş dəsmalla hər tərəfdən döyürdülər. Ta ki beşinci küncü tapana qədər. Beşinci künc yoxdur axı, onu tapmaq mümkün deyil.

Nə olur-olsun, Ayna qadındır və qadına belə əzablar vermək ədalətsizlikdir.

Amma təbii ki, Əhməd Cavad, Hüseyn Cavid, Mikayıl Müşviq kimi şəxsiyyətlərin, fikir adamlarının Aynanın əli ilə güllələnməsi bir azərbaycanlı kimi mənə çox pis təsir edir. Onun həyat yoldaşı Həmid Sultanovun Gəncə terrorunda əli olması da həmçinin. Əvvəlcə Aynaya heç cür bəraət qazandıra bilmirdim.

Amma Ayna rejimə xidmət edirdi, öz partiyasına sadiq şəxsiyyətlərdən idi. Bir aktrisa kimi ona bəraət qazandırmağa çalışdım. Həmçinin tamaşada qanlar içində olmasına baxmayaraq çalışdım ki, heç olmasa bir epizodda onun xalqına, millətinə peşmanlığını göstərim.

Bu rolu canlandırarkən çox maraqlı faktlarla qarşılaşdım. Bu, Mehriban xanımla ilk işimiz idi və böyük zövq aldım. Aktrisa üçün tarixi bir obrazı canlandırmaq böyük məsuliyyətdir. Tamaşada çox gözəl tərəf müqabillərim var idi. Şövqi Hüseynov başda olmaqla bütün həmkarlarıma təşəkkür edirəm”.

"Ləyaqətini qorumağın nümunəsidir"

“Tam məsuliyyətimlə bildirirəm ki, bu səhnədə görüb eşidəcəyiniz hadisələr tamamən gerçəkdir. Bu hadisələr 1937-ci ildə bəlli məkanda, bəlli insanlarla yaşanıb.

Bu tamamən sənədli faktlara söykənmiş və bədiiləşmiş QULAQ hekayəsidir. Bu hekayə – qadının fiziki olaraq belə bir cəhənnəmi necə yaşaması... hər addımı alçaldıcı həqarətlərlə, qeyri-insani münasibətlərlə dolu dəhşətli yaşam şərtlərində ləyaqətini necə qoruması haqqında elegiyadır.

Tarix səsli müharibələrdən başqa səssiz savaşlarda da yaşanılır. Tarixin səssiz, zərif və çox güclü qadın iştirakçıları da var. Onlar tək fiziki deyil, mənəvi qələbəni də əsaslandırırlar. Bu, sənədli-bədii dramdır... Bu, bir ithafdır... Bu, ən dəhşətli zamanda ləyaqətini qorumağın nümunəsidir... Bu, Şükriyyə Axundzadə timsalında 26 min qadına vida borcumuzdur”-, deyir tamaşanın müəllifi və rejissoru Mehriban Ələkbərzadə.


AZİNFORM.AZ





up