AZİNFORM.AZ Rəvan Cavidin Şuşa həbsxanasından reportajı təqdim edir.
Şuşanın enişli-yoxuşlu yolları bizi həyatı enişli-yoxuşlu olanların illərlə dözdüyü, darıxdığı, ağladığı, həyatın ən sərt üzünü gördüyü ünvana aparırdı. O ünvan ki, orda kimsə həyatla heç-heçə etməyə çalışıb, kimsə uduzub. Amma bir şeyi dəqiq bilirdim ki, ordan heç kim qələbə ilə ayrıla bilməmişdi. Bütün ora bənzər yerlərdə olduğu kimi.
Şuşa həbsxanasındayam. Şuşa türməsində. Şuşanın ən ağrılı, ən soyuq, ən qaranlıq yerində.
Həbsxananın girişindəki bulaqdan su içəndə şəhid Gündüz Səfərovun şəklini görüb dayanıram. Elə bilirəm ki, hamı o bulaqdan su içəndə bir ovuc da mərhum üçün dua edib. Bilmirəm, məhbuslara qarşı necə olub, amma indi bu bulağın başına vurulmuş fotosunda gözlərində intizar var idi.
Üç yüzə yaxın yaşı olan Şuşanın – şuşalılar demiş, Qalanın iki yüzə yaxın yaşı olan türməsidir bura. Xan qızı Natəvanın təşəbbüsü ilə tikdirilib. Ondan əvvəl Şuşa və ətraf şəhərlərin məhbusları Gəncə türməsində saxlanılırmış. Doğmaları onları ziyarət etməkdə çətinlik çəkirmiş. Natəvan da Şuşa türməsini tikdirir ki, məhbuslar heç olmasa öz yurdlarında gözləsin, saatları saysın, darıxsın.
Türmə Şah Qacarın fəth edə bilmədiyi Şuşa qalasının divarları ilə əhatələnib. Şuşa qalasının Ağoğlan qapısı da məhz türmənin girişinə uyğunlaşdırılıb. Qala divarları arasından qaçmaq da, qaçmağa cəhd etmək də məhbuslar üçün həmişə uzaq, elə Şuşanın fəthi qədər çətin görünüb.
Şuşa türməsi təkcə Azərbaycanın yox, keçmiş SSRİ-nin də ən ağır cəzaçəkmə müəssisələrindən biri olub. Şuşadakı üç günlük gəzintimdə uzun müddət yadımdan çıxara bilməyəcəyim qaranlıq, soyuq, rütubətli Şuşa türməsi mənə həm də zəfər günlərindən sonra orda məskunlaşan əsgərlərimizin də xatirəsini sözün yaxşı mənasında yüklədi.
Hazırda həbsxananın önündə hərbiçilərin yaşaması üçün kiçik ev olsa da və bina hələ təmir olunmamış qalsa da, həm Şuşanın işğalından əvvəl, həm də işğalda olarkən həbsxana təyinatını dəyişməyib. Min nəfərə yaxın məhbusun cəza çəkməsi üçün nəzərdə tutulan həbsxana sovet dövründə çətinliyinə və oradan qaçmağın mümkünsüzlüyünə görə ad çıxarmışdı. Ağ divarları ilə məhbusların taleyinə və bundan sonrakı məchul qədərlərinə necə ironiya etdiyini hiss edirdim bu binanın. Şuşa həbsxanası həyatın dibi və ağrısı idi.
Türmənin dağıntıları arasından ümumi binaya girərkən bələdçimiz həbsxana haqqında məlumat verirdi. Ayaqlarımın altında qırılan şüşələr, üstümüzə qanrılan taxtalar, yazılı divarlar məni müharibənin əlindən ala bilmirdi. Şuşanın hər yerində - məktəblərində, məscidlərində, kilsəsində atışma getdiyi kimi burda da ermənilər ordumuzun əsgərlərinə müqavimət göstərmişdilər. Və görünür, döyüş o qədər uzun sürməyib. Ki, türmənin hər bucağında İkinci Qarabağ müharibəsinin qalib əsgərlərinin sözlərini oxuya bilirik. Kimisi bura haqqında məlumatlı olduğu üçün kriminal cümlələr, kimisi də sadəcə darıxdığı və darıxacağı günlərin sayını yazıb.
Birinci Qarabağ müharibəsi dövründə həbsxananın rəisi Aydın Abbasov otuz altı nəfər azərbaycanlı məhbusu azad edərək onları döyüşə çağırıb. Məhbuslardan bəziləri müharibədə iştirak etdiyinə görə azad edilib, bəzilərinin də cəza müddəti azaldılıb. Həbsxananın başqa bir zabiti, rəis köməkçisi Gündüz Səfərov isə müharibə vaxtı şəhid olub. Bulağın adı verilən o şəhid.
Binanın içi zülmət idi. Və burada kiminsə qorxaqlığına haqq qazandırmaq olardı. Bəzi kameralara ümumiyyətlə işıq düşmürdü. Növbətçilərin otağında, şkafların içində hələ də qeydiyyat dəftərləri, konfetlər, qarabaşaq dənələri qalırdı. Səliqəli otaqlardan əsgərlərimiz yatmaq üçün, istirahət etmək üçün istifadə ediblər. Addımbaşı divarlara yazılan gün sayından bilmək olurdu bunu. Yolda həmkarıma Şuşa türməsi barədə məşhur meyxanalardan birini oxuyub bayağılıqla həqiqət arasındakı ağır oxşarlıqdan dəm vururdum. İndi isə, binanın içində həmin meyxananın sözləri ağır çəki daşı kimi dilimdən sallanırdı. Burda həbs yatanlar həyatın bayağı adamları olub, yoxsa yox, bilmirəm. Amma güclü olublar. Çünki divarları ağ olan, içi bu qədər zülmət bir yerdə illərlə gün saymaq əcəllə, səbrlə güləşməkdi.
Kameralara diqqətlə baxdığımı görən bələdçilərdən biri yaxınlaşıb soruşdu. Niyəsə mən onun səsini bakılıların ləhcəsində eşitmək istədim. O isə xalis Qarabağ ləhcəsində danışırdı:
– Bilirsən burda kimlər yatıb?
– Kimlər?
– Elə biri Lotu Hikmət. Burda “srok” çəkib. Elə-belə türmə olmayıb bura.
– Başqa kimlər “yatıb”?
– Lotu Hikmət bəs eləmir? O boyda oğlan bax bu divarların arasında olub. Sizin uşaqlar bir az gəzib bezdilər. Gör burda yatan oğlanlar nə bəla çəkib?
– Başa düşmək istəyirəm. Yəqin yenə türmə olacaq bura.
– Əlbəttə. Şuşa türməsi həmişə türmə olaraq qalacaq. Mən özüm bilirəm bu işləri, bir türmə üçün bundan yaxşı yer ola bilməz. Məsələn, biri də var Bayıl türməsi. Ora da bir başqa cəhənnəm olub. Stalini tanıyırsan da?
– Tanıyıram…
– Bax o da Bayıl türməsində olub. Gəl bura, sənə Dilqəmin də yatdığı kameranı göstərim.
Söhbət 2014-cü ildə ata-baba yurdlarını ziyarət etmək üçün Kəbəcərə keçən və erməni əsgərlərə əsir düşmüş Dilqəmdən gedir. Yenə qaranlıq bir dəhlizdən yerə düşmüş şüşə listləri ayaqlayıb yan-yana düzülmüş və sanki içindəki adamlarla bir yerdə məni gözləyən kameralara baxıram. Bura Dilqəmin tək yatdığı kameradır. İçində paltar, rus dilində bir-iki kitab, qəzet vərəqləri, yemək qabı. İllərlə burada necə qalmaq olar? Amma insan öyrəşən heyvandır. Və bu, bədbəxtlik olmalıdır.
– Bəs Şahbazın kamerası hansıdır? – bələdçidən soruşuram.
– Dəqiq bilmirəm. Bir yerdə saxlanılmayıblar, bu dəqiqdir. Onun kamerası daha da aşağıdadı.
– Padvalda?
– Yox, amma padval kimi bir şeydi.
Dilqəmin kamerasının yanında içi kitablarla dolub-daşan başqa bir kamera da var. İlahi, bir məhbus bu qədər kitab oxuyar? Ümumiyyətlə, Şuşa türməsində kitablarla dolub-daşan çox kamera var. İkinci mərtəbədə ümumiyyətlə kitabları tapdalamamaq üçün əməllicə əziyyət çəkməlisən. Hüqonun, Tolstoyun, Çexovun kitabları var bu kamerada. Və erməni dilində olan başqa kitablar, jurnallar. Ya vaxtını başqa yolla keçirə bilməyən adam olub, ya da ziyalı biri. Həyat həmişə belə adamlarla zarafat etməyi sevir axı. Yol gedirsən, dönüb baxırsan ki, gəldiyin yol axtardığın evə aparmır. Bu türmədə məişət səviyəssində cinayətkar olmayıb (məişət səviyyəsində cinayətkar – bu sözü özüm elə Şuşa türməsində fikirləşdim, çox mənasız səslənə bilər). Burdakıların “statyası” ağır olub. Post-sovet ölkələri arasında ən ağır həbsxana kimi tanınan bir yerdəyik.
Buranın ağırlığını isə həyətdə bir daha hiss etdim. Bura guya məhbusların hava alması, günəşdə gəzməsi üçün nəzərdə tutulub. Başqa həbsxanalarda həyət görmüsünüz yəqin. Hər halda filmlərdə baxmısınız. Müəyyən dərəcədə böyük, işıqlı. Burda üç hissəyə bölünmüş bir həyət var. Hündürlüyü 3-4 metri keçməz. Çox dardı eyni zamanda. Hər üçünü gəzdim və başa düşdüm ki, mən Şuşa türməsində məhbus olsaydım, həyətə çıxmaqdansa, elə kameramda gəzişərdim. Çünki kameralar daha böyük və rahatdı, nəinki yan-yana hazırlanmış və qalın qara qapıları olan həyətlər.
İkinci mərtəbədə ermənicə olan sənədlərin arasında eşələnirəm. Sənədlərin çoxunda qondarma Dağlıq Qarabağın gerbi var. Bu gerb və bayraq bizə əsgərlikdə öyrədilmişdi. Həmçinin erməni silahlı qüvvələrinə məxsus qol nişanı da gördüm.
Kağız viranəliyin içindən həbsxana rəisinin qeydiyyat dəftərini tapdım. Bu dəftər mənim üçün gələcəkdəki yazılarımın ilk zəngi, orada məhbus olanların azadlıqlarının sonuncu zəngi idi. Dəftərin iki-üç səhifəsi rusca, qalanları isə erməni əlifbasında yazılıb. Və dəftər yarımçıq yazılıb. İkinci Qarabağ müharibəsi bu dəftəri yarımçıq əlyazmaya çevirdi.
Dəftərdəki bir neçə məhbusu araşdırmaq istəsəm də, bir nəticəyə hasil olmadım. Digər məhbuslar kimi onların da həyatı məchul qalmışdı. Ancaq bir məhbus haqqında qeyddə həbsxana rəisi yazmışdı:
“Uşağı ilə görüşsün…”
Türməni bir az da ələk-vələk edib çıxdıq. Günəş Şuşadan öz səxavətini əsirgəmirdi. Yəqin ki növbəti səfərimizdə bu həbsxana dekonstruksiya olunmuş vəziyyətdə olacaq. Və yeni məhbusların yeni qeydiyyat dəftərləri olacaq. Şuşa bu türmənin məhbuslarını çox yaxşı başa düşür. Çünki özü də otuz ilə yaxın bir zaman fasiləsində azadlıqdan məhrum qalmışdı./kulis.az/
AZİNFORM.AZ