Ermənistan azərbaycanlıların İrəvana qayıdacağını "ELAN ETDİ" - Laçının ardınca...
6-07-2022, 16:55

Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinə aid abidələrin siyahısını sadalamaqla bitirmək belə çətin olsa da, təəssüf ki, bu gün erməni vandalizmi sözügedən abidələrin çox az bir qisminin bu günümüzə gəlib çıxmasına imkan veriblər. 

İrəvan xanlığında, indiki Ermənistan ərazisində islam dininin VII əsrdən etibarən yayıldığı heç kimə sirr deyil. O vaxtdan Sovet ittifaqı dağılana kimi bu ərazidə yüzlərlə məscid və digər dini ibadət yerləri mövcud olub. Bu bölgədə mövcud olan dini, mədəni, tarixi abidələr haqqında İrəvanda olmuş səyyahların əsərlərində kifayət qədər məlumat əldə etmək mümkündür. 

Lakin hazırda Ermənistan İrəvan şəhərinin şərq yüksəkliyində yerləşən, şəhərin ürəyi sayılan Təpəbaşı məhəlləsindəki Azərbaycan, Türk irsini silmək üçün son vəhşilikləri heç bir sözə, heç bir kitaba sığacaq hərəkət deyil. Bu məhəllə əsrlər boyu ən qədim və muzey məhəlləsinə çevrilən İrəvanın tarixi məskənlərindən biri olub

İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi bütün Türk dünyasını narahat edən məsələyə çevrilməlidir. Çünki Ermənistan bununla İrəvanda, Ermənistanda türkün izini silmək üçün son vəhşiliklərini törətməkdən belə çəkinmirlər. Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi halının faktlarla şahidi olmuşuq. Buna 44 günlük müharibədən sonra 30 illik işğala son qoyularkən yenidən şahid olduq. 

Ermənistan artıq işğal edilən ərazilərdəki vandalizm, tarixi, mədəni irsimizi yox etmək imkanına sahib olmadığı üçün bunun əvəzini indi də İrəvandakı məşhur Təpəbaşı məhəlləsində Azərbaycana, azərbaycanlılara məxsus İrəvanın tarixi sahibinin kimliyini təsdiq edəcək abidələrə qarşı törətdiyi vəhşilikləri geniş vüsət almağa başlayıb.

Ermənistanın indi bu addımı mənə yaxın keçmişdə baş verən və son günlər də qulağımıza daha çox gəlib çıxan bəzi-bəzi hadisələri xatırlatdı. Belə ki, 44 günlük Vətən müharibəsinin bitdiyini elan edən 10 noyabr üçtərəfli bəyanatının imzalandığı günə qayıtsaq, orada bir bənd bütün azərbaycanlıları xüsusilə narahat etmişdi. Bu, Ermənistanın Ağdam, Kəlbəcər və Laçını Azərbaycana təhvil verməsi ilə bağlı bəndi idi.

Ən optimist azərbaycanlı belə 30 illik işğaldan sonra ələ fürsət düşmüşkən Ermənistandan bu əraziləri hər hansı bir müqavilə əsasında bir güllə belə atmadan geri almağı absurd qərar kimi dəyərləndirsələr də, çox keçmədi şahidi olduq ki, Azərbaycan ən doğru olanı edib. Bu qərarla dövlət başçısı ən azı o tarixə qədər verdiyi şəhid sayı qədər şəhid verməyin qarşısını aldı və üstəlik həmin şəhər və rayonlar Azərbaycanın yuridiksiyasına qayıtdı. 

Ağdamı, Kəlbəcəri, Laçını tərk edən ermənilər isə unitazları söküb aparmaqları azmış kimi, həmin ərazilərin meşə qatını qırıb, yandırmaqları, evlərə od vurmaqları, bütün infrastrukturu yararsız hala salmaqları ilə diqqət mərkəzinə düşdülər. Laçın dəhlizinə alternativ yolun yaxın zamanlarda hazır olacağını və Laçın şəhərindəki ermənilərin də tez bir zamanda oranı tərk edəcəyini eşidən düşmən tərəf indi də Laçında eyni aqibəti törədir. 

Burada bir maraqlı məqam var: Ermənilər haranı ki yandırır, haranı ki dağıdır və oranın tarixini məhv etməyə çalışır, deməli, həmin yerlərin əsl sahibinin onlar olmadığını bilirlər və qavrayırlar gec-tez bu torpaqları tərk edəcəklər. Ağdamda, Kəlbəcərdə, Laçında, Şuşada gördüklərimizi ermənilər bu gün artıq İrəvanın mərkəzində nümayişkəranə şəkildə törədirlər. Bu addımla ermənilər bir daha təsdiqləmiş olurlar ki, İrəvan da tarixi Azərbaycan şəhəridir və azərbaycanlılar gec-tez Zəngəzur mahalına, İrəvana yenə də köçüb öz yurd-yuvalarında yaşacaqlar. 

Belə görünür ki, Laçının təhvili müddətinin azalması, Zəngəzur dəhlizi məsələsində Nikol Paşinyanın götürdüyü öhdəlikdən yayınmaq üçün manevr imkanlarının sıfıra enməsi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı yolunda növbəti dayanacaqlarından birinin İrəvan olacağı qorxusu durmadan artır.

Belə olmasaydı, ermənilərdə bu narahatlıq olmasaydı, niyə belə bir qisas, intiqam, revanş istəyinə düşsünlər ki?! Buna əks bir misal: Bu gün paytaxt Bakının mərkəzində erməni kilsəsi mövcuddur, Azərbaycan Prezidentinin göstərişi ilə bu kilsə restavrasiya olundu və hazırda da qorunub saxlanılır. Şəhərin mərkəzində bu erməni kilsəsi dövlət tərəfindən qorunur. Orada erməni dilində ədəbiyyat da var.

Bəziləri bunun yanlış olduğunu düşünürdü, amma Vətən müharibəsindən sonrakı bütün proseslər göstərdi ki, Azərbaycan düz yoldadır və bu, olduqca doğru addımdır.  Çünki Azərbaycanda bütün dinlərə hörmət var və Avropa həmişə ənənəvi olaraq öyündüyü o dözümlülük, multikultiralizm və digər dəyərlərdən imtina etməkdə olduğu bir vaxtda rəsmi Bakı multikultiralizmin beşiyi kimi dünyaya səs salmaqda davam edir. /milli.az/


AZİNFORM.AZ





up