Faiq Tağı-zadə, xidmət rəisi və rütbəli şəxslər vəzifədən kənarlaşdırılıb - FHN-də nə baş verir?
21-09-2022, 15:00

Səhhətində ciddi problem yarandığı deyilən fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Cavad oğlu Tağı-zadə ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. 

Qaynarinfo-nun daxil məlumata görə, ötən ilin aprel ayında FHN-nin Tibb Mərkəzinin Zığdakı Modul Tipli Hospitalının baş həkimi İmran Ağayevin həbsindən sonra nazir müavinin səhhətində ciddi problemlər yaranıb və vəzifəsindən kənarlaşdırılıb. 

Belə ki, xəstəxananın baş həkimi, nazir müavinin bacısı oğlunun həbsindən sonra fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun qəzəbinə tuş gələn Faiq Tağı-zadənin səlahiyyətləri əlindən alınıb. Nazirin tapşırığı ilə Faiq Tağı-zadənin rəhbəri olduğu Tibb Mərkəzində və Xidmətində bu ilin martından yoxlamalar həyata keçirilib. Mərkəzdə aşkar edilən pozuntular səbəbindən akademik Namiq Əliyevin oğlu, nazirliyin Tibb Mərkəzinin rəisi, tibb xidməti polkovniki Kamal Əliyev vəzifəsindən azad edilib. 

Kamal Əliyev

Kəmaləddin Heydərovun müvafiq əmri ilə Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi, tibb xidməti polkovniki Xanım Sofiyeva bu vəzifəyə təyin edilib. 

Nazirin şifahi əmri ilə Xanım Sofiyeva nazirliyin Nəzarət Təftiş İdarə rəisi, polkovnik Qəşəm Məmmədovla birgə FHN-nin Tibb Mərkəzinin Modul Tipli Hospitalında yoxlama aparıb. Yoxlamada hazırda həbsdə olan "Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilovun yaxın qohumu olan Nicat Ağayev də iştirak edib. 

Modul Tipli Xəstəxanada koronavirusa qarşı dərmanlara cavabdeh şəxslər Faiq Tağı-zadə ve tibbi-psixoloji yardım şöbəsinin müavini Namiq Qayıbov olub. Dərmanlar Faiq Tağı-zadənin göstərişi ilə Namiq Qayıbov tərəfindən alınıb, bu işin maliyyə tərəfini isə FHN-nin Tibb Xidmətinin Maliyyə məsələləri şöbəsinin rəisi, mayor Anar Ələkbərov həyata keçirib.

 

Aparılan yoxlamalar zamanı hospitalda koronavirus xəstələri üçün nəzərdə tutulan 650 min manatlıq dərman ləvazimatlarının məhv olması da aşkarlanıb. Məlum olub ki, FHN-nin vəzifəli şəxslərinin sərəncamında olan dərmanların vaxtı keçib və TƏBİB-ə təhvil verilməyib.

Dərman işi ilə bağlı Nicat Ağayevə sərt xəbərdarlıq edilib, tibb xidmət polkovnik-leytenantı Rəşad Feyzullayev, general Faiq Tağı-zadənin yaxın adamı, biznes işlərinin maliyyə məsələləri üzrə rəhbəri, FHN-nin Tibb Xidmətinin Maliyyə məsələləri şöbəsinin rəisi, mayor Anar Ələkbərov vəzifəsindən azad olunaraq, sərəncama götürülüb. 

Bir müddətdir "Medistyle Hospital”ın kollektivi icarə əsasında götürdüyü FHN-nin Tibb Mərkəzinin Modul Tipli Hospitalı koronavirus xəstələri üçün qapılarını bağlayıb. Hazırda hospitalın baş həkimi vəzifəsini isə Ərəstun Əliyev icra edir. 

2021-ci ilə kimi mayor rütbəsində olan Xanım Sofiyeva qısa müddət ərzində Kəmaləddin Heydərovun etimadını qazanaraq polkovnik rütbəsi alıb.

Daha sonra işə 90 minlik BMW ilə gedib-gələn, Tibb Mərkəzinin maliyyə şöbəsinin əməkdaşı, bir ay əvvəl baş leytenant rütbəsi alan Əli Quluzadə maliyyə pozuntuları ilə əlaqadar vəzifəsindən azad edilib. Əli Quluzadənin FHN-də çalışan atası da işdən çıxarılıb. Belə ki, Əli Quluzadənin atası Rüfət Quliyev FHN-nin Regional Mərkəzlərlə İşin Təşkili Layihələrin İdarə Edilməsi və Təhsil Məsələləri üzrə Baş İdarəsinin baş məsləhətçisi vəzifəsini tutub. 

Ata və oğlun əmrlərini isə nazirliyin Nəzarət Təftiş İdarə rəisi, polkovnik Qəşəm Məmmədov verib. Qeyd edək ki, Qəşəm Məmmədov Dövlət Gömrük Komitəsində də çalışıb və orada "Tuz Qəşəm" ləqəbi ilə məşhurlaşıb. Bu ləqəbin ona verilməsinə səbəb isə taxta-şalban biznesindən əldə etdiyi milyonlar olub. Qəşəm Məmmədov bir ay əvvəl baş leytenant rütbəsi verilən Əli Quluzadəni də məhz Xanım Sofiyevanın təqdimatı əsasında işdən çıxarıb. Artıq Əli Quluzadə vəzifəsindən kənarlaşdırılması ilə bağlı FHN-ni məhkəməyə verib. 

Xanım Sofiyeva

Daha bir maraqlı məqam Xanım Sofiyevanın Faiq Tağı-zadəyə məxsus olduğu deyilən "Medistyle Hospital”da və Modul Tipli Hospitalda tibb bacısı işləmiş, texnikom təhsili olan Əfsanə Bağışovanı özünə müavin gətirməsidir. Tibb texnikomu təhsili olan Əfsanə Bağışovaya Azərbaycan Respublikasının qanunlarına zidd olaraq, baş leytenant rütbəsi verilib. 

Yaxın vaxtlarda polkovnik Xanım Sofiyevanın vəzifəsi bir qədər də yüksəldilərək, FHN Tibb Xidmətinə rəis təyin olunacağı deyilir.

Tibb Xidmətlə bağlı daha bir qanunsuzluq faktı var. Belə ki, Faiq Tağı-zadənin rəhbəri olduğu qurumda Nazirlər Kabinetinin qərarı ilə iki rəis müavini ştatı var. Amma ötən aya qədər üç rəis müavini ştatı olub. Fövqəladə hallar nazirinin birinci müavini, general-leytenant Rəfail Mirzəyevin qızına görə sözügedən xidmətdə bir müavin yeri artırılıb. 

FHN-nin Tibb Xidmətində baş verən qalmaqallardan sonra nazir müavinin qızı, tibb xidməti mayoru Aidə Mirzəyeva öz istəyi ilə xidmətin rəis müavini vəzifəsindən ayrılıb. O da hazırda Bakıda öz adına olan "D.R Aidə Mirzəyeva” klinikasında fəaliyyət göstərir.

AZİNFORM.AZ





up