Tahir Kərimli şikayətləndi, maliyyə naziri reaksiya verdi
6-06-2023, 14:07

Milli Məclisin iclasında çıxış edən deputat Tahir Kərimli məmurlardan şikayətlənib.

AZİNFORM.AZ-ın xəbərinə görə, o bildirib ki, illərdir seçicilərini narahat edən problemləri qaldırsa da, müsbət irəliləyiş əldə olunmayıb.

“Deputatlar Milli Məclisdə xalqı narahat edən məsələləri, üzləşdirkləri problemlə bağlı məsələ qaldırılsa da, bununla bağlı heç bir tədbir görülümür. Elə biz özümüz deyib, özümüz eşidirik” - T.Kərimli bildirib.

Daha sonra bildirdi ki, bəzi problemləri qaldırmaqdan özü də bezib:

“Nə qədər Ağsu yolu, Şamaxı, Ağsuda zəlzələdən zərər çəkən evlərin təmiri, məktəblərin, xəstəxanaların tikintisi ilə bağlı məsələ qaldırsaq da nəticəsi olmur. Artıq bu məslələri qaldırmaq da özüm də bezmişəm. Nə qədər olar, eyni məsələni qaldırmaq... Özümüz deyib, özümüz eşidirk”.

T.Kərimli qeyd edib ki, əgər hökumət qaldırdıqları məsələləri həll etmək iqtidarında deyilsə, qoy bunu açıq desinlər:

"Desinlər ki, gücümüz çatmır. Əvvəllər seçicilərlə görüşəndə bizi qınayırdılar ki, niyə problemlərimizi qaldırmırsınız? Amma indi isə deyirlər ki, nə olsun, problemləri qaldırırsınız, amma nəticəsi yoxdur. Onda bunun nə xeyri var? Hökumətdən xahiş edirəm ki, heç olmasa qaldırdığımız məsələlərlə bağlı bizə mənfi ya müsbət cavab verin”.

Maliyyə naziri Samir Şərifov isə T.Kərimlinin dedikləri ilə razılaşmayıb. Bildirib ki, deputatların çıxışları, təklifləri heç vaxt diqqətdən kənarda qalmır. Amma eyni zamanda heç zaman qaldırılan məsələlərin yüz faiz həll ediləcəyi barədə də vəd verilməyib. /musavat.com/





up