Tıxaca səbəb OLAN MƏKTƏBLƏR: Problemin həll yolu NƏDİR? - ARAŞDIRMA
2-04-2023, 21:39

Dərslərin başlama və yekunlaşma saatlarında Bakıda bəzi məktəblərin qarşısındakı yollarda nəqliyyatın həddindən artıq sıxlığı müşahidə olunur. Mərkəzi hissələrdə yerləşən məktəblərin qarşısında isə böyük tıxaclar yaranır. Səbəb övladlarını məktəbə şəxsi nəqliyyat vasitələri ilə aparıb-gətirən valideynlərin çoxluğudur. Dərslərin başladığı və bitdiyi vaxt onsuz da pik saatlardır. Bu səbəbdən Bakının tıxac probleminin əsas səbəbləri sırasında məktəblər amili də xüsusi qeyd edilir. Çıxış yolu olaraq bununla bağlı müxtəlif təkliflər səsləndirilir. Məktəblərin mərkəzdən köçürülməsini təklif edənlər də var, məktəb avtobusu xidmətinin yaradılmasının vacibliyini qeyd edənlər də.

Bəs problemdən çıxış yolu hansılardır?

AZİNFORM.AZ xəbər verir ki, "Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər bildirib ki, əslində, məktəblər yerləşdiyi ərazidə bu qədər tıxac yaratmamalıdır:

“Məktəblərin yerləşdiyi ərazidə nəqliyyatın hərəkətinə ciddi maneə yaratmasının səbəbi birbaşa təhsil ocaqları deyil. Məktəblərin yanında tıxacı yaradan faktorlar var. Onları aradan qaldırsaq, bu qədər qarışıqlıq yaranmaz”.

E.Cəfər qeyd edib ki, həmin faktorlardan biri məktəblərin parklanma yerinin olmamasıdır:

“Məktəblərin həyətləri, parklanma yerləri müəyyən qurumlar tərəfindən zəbt olunub, orada müxtəlif obyektlər tikilib. Yaxud yeni məktəblər tikiləndə parklanma yerlərini nəzərə almırlar. Son illər müxtəlif liseylər, özəl məktəblər açılıb. Təəssüf ki, onlar açılanda da parklanma yeri nəzərə alınmır. Övladlarını məktəbə gətirən valideynlər məcburən maşını yolun ortasında saxlayırlar və tıxac yaradırlar”.

Ekspert problem yaradan digər məsələnin “mərkəzdə yerləşən məktəblər daha yaxşı təhsil verir” düşüncəsi olduğunu deyir:

“Əvvəllər valideynlər övladlarını yaşadıqları yerə yaxın məktəbə aparırdılar. İndi nədənsə belə tendensiya var ki, şəhər mərkəzində olan məktəblər, liseylər daha yaxşı təhsil verir. Ona görə mərkəzdəki məktəblərə axın çoxdur. Bu da problem yaradır. Məlum səbəbdən məktəblərin imici üzərində işlənməli, şəhər mərkəzindəki məktəblərin daha yaxşı təhsil verdiyi mifi dağılmalıdır. Valideynlər uşaqlarını yaşadıqları ərazidəki məktəbə göndərsələr, böyük qismi elə piyada-gedib gələcək”.

Orta məktəblərin mərkəzdən uzaq ərazilərə köçürülməsi təklifinə gəlincə, E.Cəfər bunun real olmadığını bildirdi:

“Tıxac probleminin həlli kimi ali və orta məktəblərin şəhərdən uzağa köçürülməsi deyilir. Ali məktəblər ola bilər, amma orta məktəblər heç bir halda şəhər kənarına köçürülə bilməz. Burada ibtidai siniflər də var. Onları nəzərə alsaq, real təklif deyil”.

Ekspertin sözlərinə görə, ictimai nəqliyyatın yaxşı işləməməsi də valideynləri fərdi nəqliyyat vasitələrindən istifadəyə məcbur edir:

“Uzun müddət avtobus gözləyəndə uşaq məktəbə gecikir, valideyn də işə. Ona görə daha çox adam çalışır ki, fərdi avtomobillə - şəxsi maşın, yaxud taksi ilə gedib-gəlsin. İnsanlar dayanacaqlarda uzun müddət gözləməsələr, vaxtında gedib-gələ bilsələr, ictimai nəqliyyat onlar üçün daha sərfəli olar”.

Təhsil mütəxəssisi Qoşqar Məhərrəmov deyir ki, problemin həlli üçün ən mümkün variant məktəb servisinin formalaşdırılmasıdır:

“Məktəb servisi anlayışını mümkün hala gətirmək olar. Ölkəmizdə təhsilə ayrılan büdcə bəlkə də hazırkı vəziyyətdə bunu mümkün etmir. Amma təhsilə ayrılan büdcəni artırmaq da dövlətin əlindədir. Bütün məktəblərdə bir neçə servis təşkil etmək və beləcə məktəblərin qarşısındakı tıxacların qarşısını almaq olar”.

Hazırda məktəbli servisi yoxdur. Q.Məhərrəmov bu dövr üçün reallaşması mümkün olan bir təklif də səsləndirdi:

“İnsanları maarifləndirmək olar ki, yaxın ərazidə yaşayanlar birləşib uşaqlarını bir maşınla gətirsinlər. Bu da tıxacların qarşısını müəyyən qədər ala bilər”.

Çətindir, amma mümkündür

Təhsil mütəxəssisi qeyd etdi ki, daha köklü həll isə mərkəzdən kənarda yerləşən orta təhsil müəssisələrinin cazibəsinin və təhsilinin keyfiyyətinin artırılması ola bilər:

“Bakının mərkəzində oxuyan şagirdlərin içərisində Maştağa, Ramana, Zabrat və s. yerlərdən gələnlər az deyil. Niyə Ramanada yaşayan uşaq elə həmin ərazidəki məktəbdə oxumur? Çünki bəzən ata-babası orda oxuyub deyə, o da orada oxumaq istəyir, bəzən yaşadığı ərazidəki məktəbin təhsilini yaxşı hesab etmir. Deməli, fundamental həll məktəblərdə keyfiyyətin bərabərləşdirilməsidir. Çətindir, amma mümkündür, aktualdır. Əgər Maştağadakı məktəb ilə şəhərin mərkəzindəki məktəbin təhsili arasındakı fərqi azaltsaq, o məktəblərdə şagirdlər üçün maraqlı nələrsə etsək, həmin ərazidə yaşayan uşaqlar 1 saat yol getməyi deyil, yaxındakı məktəbi seçəcəklər. Beləliklə, tıxac da azalmış olacaq”.





up