500 min sənədsiz ev, cərimə və narahatlıq: Bakıda 3 problem birdən həll edilir?
30-01-2023, 16:20

“Abşeronda sənədsiz evlərlə bağlı vəziyyət acınaqlı olaraq qalır. 17 min hektar kənd təsərrüfatına aid olan torpaqlarda fərdi evlər tikilib. Bu rəqəm ildən-ilə artır”.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Firudin Tağıyev bildirib.

“Hökumət bizdən məhsuldarlıq gözləyir. Amma həmin torpaqlarda fərdi evlər tikildiyindən mümkün deyil. Problemlə bağlı hökumətə müraciət etmişik. Bunun kökü icra hakimiyyəti, bələdiyyələrə dayanır. Bu torpaqlar əvvəllər bələdiyyələrin, daha sonra icra hakimiyyətinin səlahiyyətinə verilib. Onlar bu məsələdə məsuliyyət daşıyır. Bununla bağlı bir neçə dəfə müraciət etmişik, amma hələ nəticə yoxdur”, - deyə nazirlik rəsmisi vurğulayıb.

“Azərbaycanda qanunsuz tikilmiş 450 min sənədsiz evlə bağlı qanun layihəsinin və digər normativ sənədlərin hazırlanıb aidiyyəti üzrə təqdim edilməsi nəzərdə tutulub”.

Bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov bildirib.

O qeyd edib ki, "İndiyə qədər qeydiyyatdan keçməmiş daşınmaz əmlakların "bir pəncərə" prinsipi ilə tam elektron şəkildə qeydiyyata alınması üçün lazımi sistemin yaradılmasını, prosesin elektron portal vasitəsilə reallaşdırılmasını nəzərdə tuturuq".

Ölkədə uzun illərdir ki, qeydiyyatsız evlərlə bağlı problem öz həllini tapmır. Bu gün bir çox ərazilərdə sənədsiz evlər var və vətəndaşlar sənədsiz də olsa, həmin evlərdə yaşamaq məcburiyyətindədir. Ancaq maraq doğuran odur ki, həmin evlərə ümumilikdə sənəd verilməsə də, vətəndaş istədiyi vaxt müxtəlif vasitə ilə sənədi əldə edə bilir. Maraq doğuran digər fakt odur ki, hazırda ev satışı ilə bağlı elanlarda “sənəd alına bilər” sözü yazılır ki, bu da satıcıların bunu “bacaracağını” göstərir.

Əgər hansısa vasitə ilə həmin evlərə sənəd almaq mümkündürsə, niyə bütün evlərə sənəd verilmir? Yaxud son günlər dövlət tərəfindən vətəndaşların yaşadıqları evlərə qeydiyyata düşməsi tələbi qoyulur. Vətəndaş sənədsiz evdə yaşayırsa, həmin evə necə qeydiyyata düşə bilər?

Millət vəkili Tahir Rzayev məsələ ilə bağlı Cebhe.info-ya bildirdi ki, sənədsiz evlərə hüquqi sənədin verilməsi, insanların haqlı narazılığının aradan qaldırılması uzun müddətdir parlamentdə də müzakirələrə səbəb olur:

“Bu bir çox halda qanunvericiliyin pozulması nəticəsində baş verir. Əkinə yararlı torpaqlar, otlaq sahələri bəzi şirkətlərin mülkiyyətində olan torpaqlar qeyri-qanuni yollarla, saxta sənədlər düzəldilməklə vətəndaşların istifadəsinə, fərdi evlər tikilməsi üçün verilir.

Bugünlərdə Milli Məclisin Komitə iclasında da bu məsələ qaldırıldı. Çünki yay-qış otlaq sahələrində bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli istifadə edilməsi ilə bağlı qanunvericiliyə müəyyən dəyişikliklər olunmuşdu.

KTN-in şöbə müdiri də bildirdi ki, Abşeronda 17 min hektar kənd təsərrüfatı təyinatlı torpaqlar tikinti üçün verilib və onun aradan qaldırılması çox çətindir. Nəinki Abşeronda, digər rayonlarda da belə hallar var. Bu da təəssüf doğurur və qanunvericiliyin ciddi pozulmasıdır.

Hazırda 500 mindən artıq sənədsiz evlər var və son 5 ildə 100 min belə evlərə sənədlər verilib. Ancaq bu sənədlərin verilməsində də problemlər var. Çünki bu sənədlərin çoxu düzgün deyil və bələdiyyələr, digər qurumlar tərəfindən əsaslı tərtib olunmayıb. Bu tikintilərin bir çoxu otlaq, örüş sahələrinə, kənd təsərrüfatı təyinatlı, bəzi müvafiq şirkətlərin, nazirliklərin ixtiyarında, mülkiyyətində olan torpaqların üzərinə düşür.

Ona görə də onlara hüquqi sənədin verilməsi mümkün deyil. Dəfələrlə araşdırmalar aparılıb, xəritələr çəkilib, bunun aradan qaldırılması ilə bağlı yollar araşdırılıb, ancaq konkret qərara gəlmək mümkün olmayıb. Çünki bu evlərin sayı çoxdur, burada həm də dövlət büdcəsinə böyük ziyan dəyir. Bu evlərdən əmlak vergisi alına bilmir, digər tərəfdən də vətəndaşlar çox əziyyət çəkirlər ki, həmin evlərə qeydiyyata düşə bilmirlər.

Onların övladları məktəbə gedib, böyüyüb ailə qurublar, ancaq hələ də həmin evlərin hüquqi sahibləri deyillər. Hökumət bu istiqamətdə ciddi tədbirlər görməlidir. Kim bunları veribsə, cəzalanmalıdır. Əgər bilirsə ki, bu torpaq verilməməlidir, niyə ona sənəd vermisən? Bu gün də bu davam edir.

Bir neçə gün öncə belə saxtakarlığa görə Neftçala bələdiyyəsinin rəhbərini həbs etdilər. Bu qurumların günahı çoxdur. Burada vətəndaşların da üzərinə məsuliyyət düşür. Onlar da istəyir ki, sadəcə bir sənəd verilsin, bununla da gedib bir ev tikir.

Ancaq düşünmür ki, bu sənəd nəyin əsasında verilib, hüquqi əsası varmı, sabah gəlib sökə bilərlər. İndiyədək bir neçə evi belə söküblər. Vətəndaş özü də maraqlı olmalıdır. Hər iki tərəf qanunsuzluğa yol verir. Bu problemlə bağlı ortaq məxrəc tapılmalıdır, vətəndaşların da narazılığına son qoyulmalıdır”.

Millət vəkilinin sözlərinə görə, bu düzgün bir qərardır ki, insanlar mütləq qeydiyyata düşməlidir:

“İnsanlar uzun müddət, məsələn, 30 ildir ki, Bakıda yaşayır, ancaq rayon qeydiyyatındadır. Sabah onun övladı hərbi xidmətə haradan çağrılacaq. Bu çox ciddi problemdir. Tərəfdarıyam ki, evlər sənədləşsin.

Ancaq müvafiq orqanların çətinlikləri var. Bəzi vətəndaşlar var ki, qaz kəmərinin üzərində, yüksək gərginlikli elektrik xətlərinin altında, bəziləri qatar yolunun kənarında, sürüşmə olan zonalarda evlər tikiblər.

Məsələn, Badamdar ərazisindəki qayaların üzərində, sürüşmə zonasında çox bahalı evlər tikilib. Gərək vətəndaşın özü də öz təhlükəsizliyinin qeydinə qalsın. Bəzi işbazlar cinayətə gedir, pul üçün öz vicdanını, mənəviyyatını satır. Ancaq vətəndaş da fikirləşməlidir ki, övladının firavanlığı üçün müvafiq məkanda torpaq almalıyam.

Sabah su, kanalizasiya, elektrik enerjisinin olmaması ilə bağlı şikayət edir. Bu problemlə üzləşməmək, işbazlara yol açmamaq üçün gərək təşəbbüsümüzü birləşdirək. Onlara imkan yaratmayaq ki, həm pullarımız mənimsəsinlər, həm də çətin vəziyyətdə qoysunlar”.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə deyir ki, həmin ərazilər əkin, maldarlıq üçün yararlı deyil:

“Paytaxt şəhərdir və əhalinin sayı həddindən artıq çoxdur. Həmin ərazilərin hamısında tikinti işləri aparılır. Heç bir vətəndaş orada evləri özbaşına ev tikməyib. Hamısının əlində bələdiyyənin, yaxud digər qurumların sənədi var.

Əgər həmin evlər tikilibsə, onları söküb vətəndaşı əmlakdan məhrum etmək də olmur. Həmin ərazidə nəsə əkib-biçəcəklərsə vətəndaşa kompensasiyaların verilməsi, böyük vəsait tələb edir. Elə ərazilər var ki, tamamilə evlər tikilib, təyinat dəyişilməlidir, yaşayış məntəqələrinə çevrilməlidir və vətəndaşlara çıxarış verilməlidir. Bizim əkin üçün yararlı sahələr həddindən artıq çoxdur. İşğaldan azad edilən ərazilərimizdə də əkin üçün münbit şərait var”.

Ev satışı ilə bağlı elanlarda “Çıxarış alına bilər” kimi qeyd edilməsi məsələsinə gəldikdə isə, ekspert deyir ki, bu məhkəmə qaydası ilə mümkündür və bu da aylarla çəkən bir prosesdir:

“Vətəndaş məhkəməyə müraciət edir, orada yaşadığını, illərlə kommunal ödədiyini sübut edir. Bu amillər nəticəsində məhkəmə qərar verir, qətnamə çıxarır, vətəndaş çıxarış ala bilir. Ancaq orada da torpağın təyinatı gərək yaşayış üçün olsun. Torpağın təyinatının dəyişilməsi məhkəmə deyil, Nazirlər Kabinetinin qərarı ilə mümkündür.

Vətəndaş nəyə görə illərlə məhkəmələrdə gedib-gəlməlidir? Əgər bir məsələ məhkəmə yolu ilə həll olunursa, demək ki, onun həll olunması üçün şərait var. Birdəfəlik sənəd verilməlidir ki, oradan da dövlət əmlak, torpaq vergisi ala bilsin, vətəndaşlar mülkiyyət hüququna malik olsun. Hazırda bu sənədin olmaması ilə bağlı həm vətəndaş, həm də büdcə zərər görür". /cebhe.info/





up