Bakıda "Bolmart" supermarketində baş vermiş kütləvi zəhərlənmənin səbəbi məlum olub.
Bu barədə açıqlama verən Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu bildirib ki, zəhərlənmə diaqnozu ilə Mərkəzin Toksikologiya şöbəsinə 15 nəfər gətirilib.
İlkin məlumata görə, həmin şəxslər dəm qazı sızmasından zəhərlənib.
"Cüzi dəm qazı sızması nəticəsində boğulma olub. 15 nəfərə xəstəxanada ilkin yardım göstərilib, hər birinin səhhəti yaxşıdır və artıq evə buraxılıblar", - E.Hidayətoğlu qeyd edib.
DİN-in Mətbuat Xidmətindən faktı təsdiqləyiblər.
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 79 D ünvanından zəhərlənmə səbəbi ilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciət əsasında 14 nəfərə yerində tibbi yardım göstərilib, 14 nəfər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Xəstəxanaya yerləşdirilənlərə zəruri tibbi yardım göstərilib, ambulator müalicə üçün artıq evə buraxılıblar.
Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır, zəhərlənmənin səbəbləri araşdırılır.
Qeyd edək ki, hadisə barədə ilk xəbəri Apa yayıb.