“Qiymət artımını aradan qaldırmağın bir yolu var" - İqtisadçı ekspert
23-08-2022, 16:22

Dövlət Statistika Komitəsinin hesabatına əsasən bu ilin may ayında ərzaq qiymətləri keçən ilin may ayındakı ərzaq qiymətləri ilə müqayisədə 21% artıb.

Ötən ilin ilk 5 ayına nisbətdə isə cari ilin yanvar-may aylarında ölkədə ərzağın qiyməti 18.5% artıb. Minimum əməkhaqqının 300 manat olması və bununla belə əhalinin gündəlik təlabatı olan ərzaq məhsullarının qiymət artımı insanların haqlı narazılığına səbəb olur. Bu qiymət artımı nə ilə əlaqədardır və davam edəcəkmi?

Mövzu ilə bağlı AZİNFORM.AZ-a açıqlama verən İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycanda qiymət artımının qarşısını kəsə biləcək və tez effekt verəcək yeganə addım 2 aya yaxındır müzakirə olunan bir məsələdir: “ Bu da vergi və gömrük rüsumlarının azaldılmasıdır. Başqa yolla qısa müddətdə Azərbaycanda qiymət artımının qarşısını almaq mümkün deyil.

Çünki orta və uzun vadədə yerli istehsalı artırmaq olar, bazarda bolluq yaratmaq olar və bunun nəticəsində qiymətlərin tənzimlənməsinə nail olmaq olar. Amma buna zaman lazımdır və effektiv idarəetmə ilə bağlı qaydaların müəyyənləşməsi və yaxud da gücləndirilməsi lazımdır. Qısa müddətdə ərzaq məhsullarında əlavə dəyər vergisini 18%-dən 2%-ə salmaq olar ki, bu həmin an qiymətlərə də təsir göstərəcək. Çünki Azərbaycan əhalisinin 80%-i şəbəkə marketlərindən öz ərzaq təlabatını ödəyir. Həmin şəbəkə marketləri 18% əlavə dəyət vergisi ödəyicisidirlər. Kassada ödəniş etdiyimiz vaxt alınan məhsulun üzərində 18% əlavə dəyər vergisi ödəyirik. Bu 18%-dən 2%-ə salınsa, məsələn 100 manatlıq bazarlıqda biz 118 manat ödəyiriksə, 100 manatlıq bazarlıqda 102 manat ödəyəcəyik. Yəni Azərbaycan vətəndaşı 100 manatlıq bazarlıqda 16 manat az ödəyəcək. Bu ərzaq qiymətlərinin azalmasına, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına qısa vaxtda kömək edəcək yeganə addımdır”.

AZİNFORM.AZ





up