Zavod çörəyi 1 manata satılacaq? - AÇIQLAMA
19-08-2022, 10:00

Son günlər Azərbaycanda unun qiymətinin artması geniş müzakirələrə səbəb olub. Dünyada cərəyan edən qlobal böhran fonunda bahalaşma dalğasının ölkəmizdən yan keçməyəcəyi bildirilir. Ekspertlər isə hesab edirlər ki, Rusiya və Ukrayna arasında gedən savaş dünya bazarında taxıl və taxıl məhsullarının qiymətinin artması prosesini sürətləndirir. Belə məqamda çörəyin də bahalaşacağı, hətta zavod çörəyinin qiymətinin 1 manat olacağı barədə fikirlər səsləndirilir.

İddialar nə qədər realdır? İndiki durumda çörəyin bahalaşması mümkündürmü?

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Modern.az-a danışaniqtisadçı ekspert Eldəniz Əmirovhesab edir ki, çörəyin 1 manat olması inandırıcı görünmür. Lakin indiki durumda qiymət artımı da istisna deyil:

“Hazırda 65 qəpik olan zavod çörəyinin 1 manat olması onun qiymətinin təxminən 50 faizə yaxın artımı deməkdir. Mən çörəyin qiymətinin 50 faiz artacağına inanmıram. Bu düşüncəni heç yaxına da buraxmıram. Belə fikirlər daha çox ajiotaj xarakteri daşıyır. Buğdanın qiymətində belə 50 faiz artım olmayıb. Dünya bazarındakı qiymətlər onu deməyə əsas verir ki, çörəyin qiymətinin 1 manata qalxması gözlənilmir”.

Ekspert hesab edir ki, çörəyin qiyməti maksimum 25 faiz arta bilər:

“Çörəyin qiyməti qalxa bilər. Ancaq bu artım 25 faiz ola bilər. Yəni qiymət 65 qəpikdən 80 qəpiyə qalxa bilər. Əslində, bu artımın özü də çoxdur. Hazırda 80 qəpiyə satılan bəzi çörəklərin qiyməti 25 faiz qalxıb bir manat ola bilər. Ancaq gündəlik istifadə olunan standart zavod çörəklərinin qiyməti bir manata qalxa bilməz. Əgər belə addım atılacaqsa, düzgün olmayacaq”.

E.Əmirov onu da qeyd edib ki, çörək və unun qiymət artımına insanların gəlirlərinin uyğunlaşdırılması vacibdir:

“Onsuz da inflyasiya insanların gəlirlərini yeməyə davam edir. Digər xərcləri azaltmaqla gəlirlərə uyğunlaşdırmaq nəzəri cəhətdən mümkündür və insanlar belə də edir. Amma söhbət çörəkdən gedəndə, bu nəzəriyyə özünü doğrultmur. Çörəyə qənaət olmur. Bunu mütləq nəzərə almaq lazımdır. Hər halda bunun üçün maliyyə imkanlarımız va. "İqtisasiyyata əlavə pul buraxılsa, inflyasiya sürətlənəcək" düşüncəsi isə belə hallar üçün keçərli deyil, yanlışdır. Ona görə də heç olmasa, gəlirləri aşağı olan ailələrin, az təminatlı ailələrin və sosial cəhətdən həssas qrupdan olan insanların maddi dəstəklənməsinə ciddi ehtiyac var”.





up