“Əslində özümü bu məsələyə tam cavab verəcək səlahiyyət sahibi sanmıram. Çünki mən İslam dini ilə, ümumiyyətlə, bütün dinlərlə məsafəli biriyəm. Xüsusən də fanatik dinçilikdən çox uzağam. İslam dininin kitabı “Quran” ərəb dilində yazılıb, ərəb dilində də oxunur. Bu, “Quran”ın nazil olduğu dövr üçün doğru idi. Çünki ərəb coğrafiyasında ortaya çıxmışdı. Təbiidir ki, o coğrafiyadakı dil də ərəbcə idi, o dildə də oxunmalı idi. Sonradan İslam dini bəzən zorla, bəzən xoş bir şəkildə geniş yayıldı. Dünyada hazırda 2 milyarddan çox insan bu dinin ardıcılı hesab edilir. Bu ardıcıllar arasında ərəb dilindən xəbəri olmayan yüz milyonlarla insan var. Həmin insanlara “Quran”ı ərəb dilində oxumağın, yaxud da namazın ərəb dilində qılınmasının mənasını şəxsən mən başa düşə bilmirəm. İnsan dili bilmir, özgə bir dildə nəyisə əzbərləyir və dini ritualı yerinə yetirir. Bunun özü anormallıqdır”.
Bu sözləri Əməkdar jurnalist Azər Həsrət deyib.
Azər Həsrət deyib ki, İranın, fars-molla rejiminin ardınca sürünənlər də var: “Onların da geyiminə fikir versəniz, görərsiniz ki, fars-molla rejiminin müəyyən etdiyi geyimdə gəzirlər. İslam dinində belə bir tələb yoxdur axı. Niyə azərbaycanlılar farslar, ərəblər kimi geyinsin? Azərbaycanlılar niyə mütləq ərəb dilində “Quran” oxusun, dua etsin? Çox zaman da bu dili bilmədikləri halda... Mənasını belə bilmədən duanı əzbərləyib ərəbcə edir. Ona görə də tərcümə edilməlidir. Belə olduğu təqdirdə insanlar nəyin nə olduğunu, gerçək dinin, İslamın nə olduğunu ayırd edə biləcəklər. Çox güman ki, fanatizm tərəfdarları məhz bu səbəbdən “Quran”ın, yaxud dini ayinlərin öz dilimizdə aparılmasının əleyhinədirlər. Onlar başa düşürlər ki, əgər “Quran” tam olaraq Azərbaycan dilində oxunsa, namaz Azərbacan dilində qılınsa, o zaman insanlarda suallar yaranacaq. Hətta ziddiyyətlər ortaya çıxacaq. Onda da insanların dinə bağlılığında bir qədər səngimələr baş verəcək. Bu səbəbdən fanatiklər ərəb dilini də, geyimini də, fars-molla rejiminin geyimini də müqəddəs elan ediblər. Beləcə, insanları istismar edirlər”./pravda.az/