“İslam nağıl dini deyil. Azərbaycan Texniki Universiteti maşınqayırmasını və ya Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, özünə ilahiyyatçı deyən şəxslər nağıl danışmaqla məşğuldur”.
AZİNFORM.AZ xəbər verir ki, bu sözləri “Yeni Sabah”a ilahiyyatçı Təyyar Hüseynli deyib. O, bildirib ki, bu gün özünü ilahiyyatçı adlandıran bəzi şəxslər başqa dövlətin siyasətini həyata keçirir:
“İslam dininin təbliğində milli məfkurəliklə dinilik vəhdət təşkil eləməlidir. Məsələn, şiə kəsimində İranın dini ritualları, dini ayinləri həmin ölkədə necə keçirilirsə, Azərbaycanda da ilahiyyatçılar belə tərzdə olmasına çalışır. Ömrümün 31 ilini islam dininin təbliğinə, öyrənilməsinə həsr edən biri kimi deyə bilərəm ki, bu ilahiyyatçıların dini bilgiləri dərin deyil.
Bu tip ilahiyyatçıların dini təhsili titulları olsa da, onların düşüncə tərzində milliliyimizə, diniliyimizə, azərbaycançılığımıza içdən münasibəti qeyri-dürüstdür. Bu həqiqətən də, cəmiyyətimiz üçün mənəviyyat təbliğatda çox təhlükəlidir. Onların Azərbaycan əvəzinə, İran İslam Respublikasına olan səmimiyyəti daha səmimidir.
Sadə dindar kütləsi də bu istiqamətə yönləndirilir. Onlar belə ilahiyyatçıların fikirlərinə sadəlövhlükdən inanırlar. Azərbaycan Texniki Universitetinin maşınqayırmasını və ya Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirir, özünə ilahiyyatçı deyib nağıl danışmaqla məşğuldur. Bu ixtisasların islam diniylə nə əlaqəsi var?!
Elələri də var ki, özfəaliyyət, şəxsi mütaliələrlə necəsə ilahiyyatçı olur. Bu nüanslar islam dininin ixtisaslaşmış formada kökündən öyrənilməsinə aparıb çıxarmır axı… Ondan-bundan nələrsə eşitməklə ilahiyyatçı olunmur”.
Təyyar Hüseynli əlavə edib ki, bəzi ilahiyyatçılar ümumiyyətlə, azərbaycançılıqdan uzaqdır:
“Elələri var, mahnı oxuyur. Onlar mahnı oxuyanda belə, İranda kim necə oxuyursa, onlara bənzəməyə çalışdığını görürsən. Oxuduğu mahnıların da azərbaycançılıq tonalizi, milli lada uyğunluq yoxdur”.
Təyyar Hüseynli islam dinin təbliğində milli din xadimlərimizin formalaşmalı olduğunun əhəmiyyətini də vurğulayıb:
“Faciə budur ki, sanki bizə nəyisə məqsədli şəkildə qanımıza köçürmək istəyirlər. Özlərini bu millətə islam dinini təbliğ edən kimi sırıyırlar. Əslində isə, hansısa bir siyasi qatqılı nəyisə bizə təbliğ edilir. Sanki, kimdənsə öhdəlik götürüblər. Bəs, milli din xadimlərimizin təbliğinə nə vaxt geniş yer veriləcək?!
Milli din xadimlərimizlə də həmin o xaricdən təsir altında xaricdən dəstəklə xüsusi öhdəlik götürənlər arasında xüsusi ziddiyyətlər yaradıblar. Bir qədər vətənini sevən insana da “hökumət mollası” adını yapışdırıblar. İnsan öz hökumətinin mollası olar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məsələlərə ciddi şəkildə yöntəm verməlidir.
Mən bunları xainlik, paxıllıq etmədən deyirəm. Amma mənə qarşı paxıllıqlar çox çirkin dərəcədə aparılır. İslamdan xəbəri olmayanların dini təbliğ edən yekəqarın titullu molla olması biabrçılıqdır. İslam dini nağıl yox, reallıqlar dinidir. Məsələlərə optimal, rasional, realist yanaşmaq lazımdır.”.