Bakının Bilgəh kəndinin məşhur çimərliklərinin tullantı suları birbaşa dənizə axıdılır.
AZİNFORM.AZ xəbər verir ki, bu münasibətlə sosial şəbəkələrdə görüntülər yayılıb. Qeyd olunur ki, hazırda Bakının ən təmiz çimərliyi hesab edilən Bilgəh çimərliyi çirkab sularla çirklənib.
“Ecofont” ekoloji təşkilatı sosial şəbəkələrdə yayılan görüntülərin “Amburan” istirahət mərkəzinə məxsus ərazidə lentə alındığını bildirib. Onun ərazisində hər gün yüzlərlə insan istirahət edir.
Bilgəhdə özəl çimərliklərə giriş biletlərinin qiyməti 20 manatdan başlayır. Ötən il çimərlik istifadəçiləri ərazidə dənizin çirklənməsinin fotolarını paylaşmışdılar.
“Bu, hələ də ən təmiz çimərlik ərazisidir. Çimərliklərin əksəriyyəti bu vəziyyətdədir. Hövsanda çirkab suları dənizə axıdılır və hər il yüzlərlə insan orada istirahət edir. Yəni, gəlirindən asılı olmayaraq bütün Bakı sakinləri çirkli suda çimirlər”, - ekoloq Cavid Qara ironik şəkildə deyir. O, vurğuladı ki, sahilyanı istirahət zonalarının sahibləri, formalaşmış “ənənəyə” görə, normal kanalizasiya sistemi yaratmaq üçün əziyyət çəkmirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Azeri Daily-yə verilən məlumata görə, Xəzər Vahid Ekoloji Monitorinq İdarəsinin əməkdaşları analiz üçün ərazidən nümunələr götürüb. Monitorinq zamanı məlum olub ki, sözügedən ərazidə müxtəlif yerlərdən drenaj kollektoruna birləşmələr mövcuddur. Və yaranan tullantı suları təmizlənmədən dənizə axıdılır.