Bakıdan Gəncəyə qatarla getmək istəyən, elektron bilet alan sərnişinlərin kassaya yaxınlaşmasına ehtiyac olmayacaq.
Bakı-Gəncə-Bakı istiqaməti üzrə hərəkət edən sürətli sərnişin qatarına onlayn bilet alan vətəndaşlar bundan sonra qatara yaxınlaşıb elektron biletlərini bələdçilərə təqdim edəcəklər. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyətinin mətbuat katibi Natəvan Bayramovanın sözlərinə görə, qurumun rəsmi saytından Bakı-Gəncə-Bakı istiqaməti üzrə hərəkət edən sürətli sərnişin qatarına 10 avqust 2022-ci il tarixindən etibarən onlayn rejimdə alınmış biletlər artıq avtomatik olaraq elektron qeydiyyatdan keçirilir.
Natəvan Bayramova bildirib ki, yaşı 18-dən yuxarı olan sərnişinlərdən qatara minik zamanı şəxsiyyəti təsdiq edən sənəd, hərbi bilet, şəxsiyyəti müvəqqəti təsdiq edən digər sənəd, eləcə də peyvənd əks-göstəriş və ya immunitet sertifikatı, 16 yaşadək sərnişinlərdən isə doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi təqdim etmələri tələb olunur.