Həbsdən azad edilən məhbuslar Elçibəyi necə devirdi? - Milli Qvardiyanın keçmiş komandiri ilə MÜSAHİBƏ
4-06-2022, 12:02

AZİNFORM.AZ xəbər verir ki, "gündəm.az"-ın suallarını Milli Qvardiyanın keçmiş komandiri, polkovnik Əzizağa Süleymanov cavablandırıb. 

Onunla müsahibəni təqdim edirik. 

- Əzizağa bəy, bu gün 4 iyun 1993-cü ildə Gəncədə baş vermis qiyamdan 29 il keçir. Siz həmin proseslərdə çox yaxından iştirak etmisiniz. Hətta Gəncədə Sürət Hüseynovun adamları sizi həbs etmişdilər. İstərdim ki, yenidən 29 il öncəyə qayıdaq. Nə baş vermişdi və niyə siz hakimiyyətinizin devrilməsinə səbəb olan qiyamı yatıra bilmədiniz?

- Əgər siz Gəncə qiyamının səbəbini bilmək istəyirsinizsə 3-4 fevral 1993-cü il hadisələrinə diqqət yetirin. Ağdərə, Kəlbəcər istiqamətində baş vermis hadisənin səbəbini araşdırın. Onu öyrənsəniz proseslərin ardıcıllığını, səbəbini də öyrənərsiniz. 

- Söhbət Surət Hüseynovun rəhbərlik etdiyi uğursuz Ağdərə əməliyyatından gedir?

- Bəli.

- Sürət Hüseynovun həmin məsələ ilə bağlı açıqlaması var. Qeyd edib ki, o, əməliyyatın çətinliyi barədə öncədən yuxarı komandanlığa məlumat verib. Havanın soyuq və qarlı olması, texnikanın hərəkətinin çətinliyi və s.

- Bunlar hamısı bəhanədir. Hərbçi qışda da, yayda da əməliyyat aparmağa hazır olmalıdır. Həmin dövrdə Surət Hüseynovla  Sərdar Həmidov arasında gərginlik vardı. Həmin hadisəni Pənah Hüseyn də bilir. Uğursuz Ağdərə əməliyyatının səbəbi başqadır. Surət Hüseynov muzdlu döyüşçülərin haqqını ödəməli idi. O vaxtın pulu ilə 25 milyon manat tələb edirdi. Hökumət də o pulu vermək istəmirdi. Əsas narazılıq da bundan yaranmışdı. Surət Hüseynov da deyirdi ki, əgər hökumət pulu vermirsə, çaxır zavodundakı məhsulları satıb pullarını döyüşçülərinə paylayacaq. Sərdar Həmidov da buna etiraz etmişdi. Bu mübahisə Nəcməddin Sadıqovun yanında olmuşdu. Sonra da uğursuz əməliyyat baş verdi. Uğursuz Ağdərə əməliyyatından sonra hökumət məcbur olub 700-dən çox məhbusu azad etdi və cəbhə bölgəsinə göndərdi. Onlardan cəmi 100-110 nəfər cəbhəyə getdi. Qalanları qaçdılar, Yevlaxda yun zavoduna sığındılar. Əbülfəz Elçibəy hakimiyyəti dönəmində ədliyyə nazirinin müavini olmuş Məmməd Zeynalov nə qədər etdisə də, onları Surət Hüseynovun nəzarətində olan yun zavodundan cəbhəyə yola sala bilmədi. Onlar orada silahlanıb Surət Hüseynovun dəstəsinə qoşuldular və sonra da ələ keçməmək üçün dövlətə qarşı qiyamda fəal iştirak etdilər. Belə deyək, hakimiyyət öz əlilə özünə torba tikdi.  

- Daxili Qoşunların keçmiş komandanı Fəhmin Hacıyev qeyd edib ki, 1993-cü ilin 3 iyun tarixində Sürət Hüseyinovun qiyama hazırladığı hərbi qüvvə Seyfəli poliqounda tərkisilah edilməli idi. Edilmədi! Niyə? Sizdə bu suala cavab varmı?

- Fəhmin bəyin, qoyduğu sual məntiqlidir. Seyfəli poliqonunda hərbçilər tərksilah olunmalı idi. Amma müəyyən adamlar plan barədə öncədən Surət Hüseynova məlumat ötürdülər. Bir müddət Tovuzda bir nəfərin evində 4-5 vəzifəli şəxsin toplantısı olmuşdu. Orada Surət Hüseynovun zərərsizləşdirilməsi məsələsi barədə razılıq əldə olunmuşdu. Tovuzdakı toplantıda əldə olunan qərar Surət Hüseynovun atasının yasında ona çatdırılmışdı. Ona demişdilər ki, filan tarixdə səni götürəcəklər. O da bundan duyuq düşdüyü üçün Seyfəlidəki dəstəsini gecəykən çıxarmışdı. Surət Hüseynovla yaxın, qohumluğu olan adamlar satqınlıq edirdilər. Hətta komandiri olduğum Milli Qvardiyanın özündə də Surətə işləyən adamlar vardı. Qvardiyanın 155 hərbçisi alay komandirinin rəhbərliyi altında heç bir güllə atmadan silahlarını Surətin adamlarına təhvil vermişdilər. 

- Açıqlamalarınızın birində qeyd etmisiniz ki, əvvəlcədən Sürət Hüseynovu tərksilah etmək imkanınız olub. Nə mane oldu?

- Bəli mən ilk gündən o hadisələrin iştirakçısı olmuşam. Hələ mart ayının 22-dən 27-nə qədər Gəncədə olan ilk komandir kimi Surət Hüseynovu zərərsizləşdirmək imkanım olub. Daxili işlər naziri İsgəndər Həmidovun gəlişindən sonra barışıq oldu və mən Baş nazir Pənah Hüseynin göstərişi əsasında Sürət Hüseynovun rəhbərlik etdiyi hərbi hissəni tərk elədim. Gəncə hadisələri təkcə Gəncədə baş verənlərdən ibarət olmayıb. Hadisələrin bir ucu Bakıya, digər ucu Moskvaya qədər gedib çıxırdı. Hakimiyyət daxilində baş verənlər, vəzifə davası və s. proseslər qiyamın tərkib hissəsi idi. Qiyamdan öncə Gəncəyə kimlərin, o cümlədən keçmiş müdafiə naziri Rəhim Qazıyevin gəlib-getdiyini dəqiqliyi ilə bilirəm. Hətta deputatlar  - Şadman Hüseynov, Arif Rəhimzadə və digərləri gəlib-gedirdilər  Siyasi ehtiraslar, daxili çəkişmələr qiyamla nəticələndi. Bir məqamı da diqqətinizə çatdırım.  Mən 4 iyunda prezidentin əmri ilə Gəncəyə ezam edildim. Biz ora çatana qədər daxili işlər nazirinin müavini Qabil Məmmədov saxlanılmışdı. Şəhid komandanımız Tahir Məmmədov rabitə vasitəsilə mənə bildirdi ki, MTN-in binasında Surətin adamları onları mühasirəyə alıb. Biz mühasirəni yardıq və binaya daxil olduq. İçəridə gördüyüm mənzərə məni dəhşətə gətirdi. MTN-in xüsusi təyinatlı dəstələri boyunlarını büküb pilləkənlərdə oturmuşdular. Mən dərhal göstəriş verdim ki, ətraf nəzarətə götürülsün. Bu zaman milli təhlükəsizlik nazirinin müavini Sülhəddin Əkbər üstümə qışqırdı ki, guya biz danışıqlara mane oluruq və s. İmkan vermədilər ki, oradakı vəziyyəti nəzarətə götürək. Nəticə də qiyamla bitdi. 

- Qeyd olunur ki, milli qvardiyaçıların gülləbaran edilməsinə polkovnik Eldar Əliyevlə yanaşı indi hərbi ekspert kimi fəal olan Nazim Bayram da iştirak edib. Sizdə bu barədə məlumat varmı? 

- Milli qvardiyaçıların qətlə yetirilməsində tək Eldar Əliyev, Nazim Bayram yox, digərləri də iştirak ediblər. Amma mən konkret bilmirəm ki, atəşi onlardan hansı açıb. Onlar milli qvardiyaçıların konkret kimlər tərəfindən qətlə yetirildiyini bilirlər. Çünki hər şeyi öz gözlərilə görüblər. Eyni zamanda cinayətin miqyasının böyüməsinin qarşısını alanlar da olub. Gəncə sakinləri, Gəncədəki hərbi hissədə xidmət edən Vaqif  Adayev adlı balakənli hərbçi və digərləri imkan verməyib ki, hadisənin miqyası daha da genişlənsin. Vaqif Adayev və digərləri hadisənin qarşısını almasaydılar, 100-dən çox hərbçimiz öldürülə bilərdi. Qətlə yetirilənlərin hamısı 1994-cü ildə bizim səyimiz nəticəsində şəhid statusu aldılar. 8 nəfər milli qvardiyaçı, 4 nəfər də MTN əməkdaşı şəhid olmuşdular. 

- Ümumiyyətlə, həmin dövrdə Gəncədə hansı dövlət məmurlarının hərəkəti sizdə şübhələr doğurmuşdu?

- Məsələn, müdafiə naziri Rəhm Qazıyev ikili oyun oynayırdı. Rəhmətlik Sərdar Həmidov onun papağını yerə atmışdı. Rəhim də özünə dayaq tapmaq üçün digər tərəflərlə əməkdaşlıq edirdi. İyunun 4-də səhər tezdən Surət Hüseynov evindən MTN-nin xüsusi təyinatlıları tərəfindən götürülməli idi. Necə oldusa, onu həbs eləmədilər. Surət Hüseynov hərbi hissəyə gələndə bizim qvardiyaçılar onun qarşısını kəsmişdi. Surət də demişdi ki, yuxarılarla danışıb, məsələ həll olunub. Beləliklə, iyunun 4-də Surət Hüseynov evindən hərbi hissəyə gələ bilmişdi. Əlbəttə, həm siyasi hakimiyyətdə, həm də ayrı-ayrı dövlət qurumlarında çalışan rəhbər şəxslər arasında Surət Hüseynovun himayəçiləri vardı. 

- Qiyamçılar bildirirlər ki, AXC özü də hakimiyyətə qiyamla gəlib və bununla fəxr edirlər. Amma nədənsə Gəncə qiyamçıları bu barədə fəxrlə danışa bilmirlər. Sizcə, niyə?

- Bu, çox incə məsələdir. Xalq Cəbhəsi hakimiyyətə siyasi ideoloji mübarizə ilə gəlmişdi. Xalq Cəbhəsi hakimiyyətə gələndən sonra silahlı birləşmələri təhvil  vermişdi, Etibar Məmmədov, Tahir Əliyev və Rəhim Qazıyevin tabeliyinə. Onlar Milli Müdafiə Şuralarının üzvləri idi. Güc strukturları, silahlı dəstələr bunların əlində idi. Xalq Cəbhəsi Mütəllibovun ikinci dəfə hakimiyyətə gəlməsinə bilərəkdən şərait yaratdı. Sonra Rəhm Qazıyev Abbas Abbasovla birlikdə Daşkənddə böyük rol oynadı. Yeltsin Mütəllibovun arxasından geri çəkildi. Bakıdakı iki rus general Popov və Bipayev da Mütəllibovun arxasından çəkildilər. Rəhim Qazıyev İsgəndər Həmidovla danışdı, sonuncu da Rövşən Cavadovla.  Rövşən Cavadov öz dəstəsini Telestudiyanın yanından geri çəkdi və saat 12-də Ayaz Mütəllibova dedi ki, sənin arxanda durmuram. Ayaz Mütəllibov da gördü ki, arxasında güc, qüvvə yoxdur və getdi. Yəni siyasi mübarizədə Xalq Cəbhəsi qələbə qazandı. Gəncə qiyamçılarına gəldikdə isə onların davası milli ideoloji xəttə söykənmirdi. Şəxsi mənafelərini güdürdülər. Ən əsası qan tökmüşdülər, ağır cinayət törətmişdilər. Ona görə də qiyam barədə fəxrlə danışa bilmirlər. 





up