Vəfat etmiş I Qarabağ müharibəsi iştirakçılarının vərəsələrinə ödəmənin verilməsi qaydası bilinib - DETALLAR
2-08-2022, 11:24

Birdəfəlik ödəmə almaq hüququ olan I Qarabağ müharibəsi iştirakçısı vəfat edibsə, ödəmənin hansı qaydada veriləcəyi məlum olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZİNFORM.AZ-a bildirilib ki, adı sosial.gov.az saytında proaktiv ödəmə almaq hüququ olan şəxs kimi çıxırsa, həmin şəxsin vərəsəsi (vərəsələri) notariat orqanına müraciət edib vərəsəlik şəhadətnaməsini almalıdır.

Bu barədə notariat orqanı tərəfindən nazirliyin e-sisteminə məlumat daxil olduqdan sonra vərəsəyə proaktiv ödəniş həyata keçiriləcək.

Adı sosial.gov.az saytında proaktiv ödəmə almaq hüququ olan şəxs kimi çıxmadıqda isə vərəsə (vərəsələr) xəsarətlə bağlı şəhadətnamənin (və ya qərar, arayış) elektron sistemə daxil edilməsi üçün xidmət keçdikləri qurumun hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) müraciət etməlidirlər. Sənəd daxil edildikdən sonra əgər vəfat etmiş şəxsin əlilliyinə dair e-sistemdə məlumat varsa, vərəsəlik şəhadətnaməsi əsasında vərəsəyə dərhal proaktiv təyinat həyata keçiriləcək, ona bu barədə məlumat veriləcək.

Əlilliyə dair e-sistemdə məlumat olmadıqda isə aşağıda qeyd edilən sənədləri DOST mərkəzlərinə, vahid əlaqələndirmə mərkəzlərinə və ya DSMF-nin yerli bölmələrinə təqdim etməlidirlər:

- birdəfəlik ödəmənin verilməsi üçün ərizə;

- birdəfəlik ödəmə almaq hüququ olmuş hərbi qulluqçunun və ya daxili işlər orqanı əməkdaşının ölüm haqqında şəhadətnaməsi;

- vərəsəlik hüququ haqqında şəhadətnamə;

- vərəsənin (vərəsələrin) şəxsiyyət vəsiqəsi;

- vəfat etmiş şəxsə vaxtilə təyin edilmiş əlilliyin 1997-ci il avqustun 2-dək olan hərbi xidmət dövrü ilə əlaqədar olmasına dair tibbi-sosial ekspertiza komissiyasının qərarı (tibbi-sosial ekspertiza komissiyasının müayinə aktından çıxarış və s.).





up