"ƏXLAQSIZ VİDEOLARI VARDI" - Yeniyetmə qızı döydüyü iddia edilən icra başçısının müavini danışdı
15-07-2022, 17:06

Lənkəran Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Arifqızı barəsində səsləndirilən iddialarla bağlı Sputnik Azərbaycan-a açıqlama verib. Bildirib ki, sözügedən iddialar əsassızdır.

AZİNFORM.AZ xəbər verir ki, R.Arifqızı yeniyetmə qızı döymədiyini söyləyib:

“Bu qız məktəbdə mənim qızımla bir sinifdə oxuyurdu. O, mənim qızımın və digər sinif yoldaşları olan qızların adından oğlanlara tərbiyəsiz mesajlar yazıb. Mən bu barədə xəbər tutan kimi onun valideynlərinə məlumat verdim. Qızıma isə tapşırdım ki, onun telefonunu alıb mənə gətirsin. Onun telefonundan mənim qızımın və sinifdəki digər qızların adından oğlanlara tərbiyəsiz mesajlar yazıldığını gördüm. Telefonda həmin yeniyetmənin özünün də əxlaqsız videoları vardı. Mən həmin videoları qızın valideynlərinə göndərdim”.

İcra hakimiyyəti başçısının müavininin sözlərinə görə, haqqında danışılan qız ata-anasının yanında yox, anasının xalasının himayəsində yaşayır:

“Eşitdiyimə görə, bundan sonra qızı valideynləri, xüsusilə atası döyüb. Onlar məndən həmin telefonu geri istəsələr də, mən telefonu polisə təqdim etdim ki, faktı araşdırsın. Ailə məndən qisas almaq üçün qızı mənim döydüyümü deyib. Qeyd olunub ki, guya mən onu attestat vermək adı ilə evə çağırmışam. Mənim evim isə attestat verilən yer deyil. Attestat məktəbdə verilir. Belə bir hadisə olmayıb. Sadəcə onlar məndən qisas almaq üçün mənə bu böhtanı atıblar”.

Qeyd edək ki, döyüldüyü iddia edilən yeniyetmə Lənkəran dörd saylı orta məktəbdə təhsil alır. R.Arifqızı bildirib ki, valideynlər bu olaydan sonra qızlarını həmin məktəbdən çıxarıblar.






up