“RİA NOVOSTİ” BLOKLANDI, BƏS “SPUTNİK”?
5-06-2022, 02:34

Xəbər verildiyi kimi, ötən gün Rusiyanın “RİA Novosti” dövlət agentiliyi Azərbaycan Respublikasında bloklanıb. Mətbuatda bunun səbəblərindən biri kimi agentlikdə qondarma “dqr”lə bağlı xəbərlərin yayılması və separatçıların birindən alınan geniş müsahibənin dərc edilməsi göstərilir.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “RİA-Novosti” agentliyinin Azərbaycan əleyhinə fəaliyyətinə münasibət bildirərkən deyib: “Rusiyanın dövlət məlumat agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmir və beləliklə də ciddi təəssüf doğurur".

Xatırladaq ki, hər zaman Azərbaycana qarşı təxribatçı mövqeyi ilə seçilən “RİA Novosti” son olaraq, ötən gün qondarma qurumun ““dqr”-in “dövlət naziri” kimi təqdim etdiyi Artak Beqlaryandan geniş müsahibə alaraq, onu dərc edib. Həmin bu qotur “dqr rəsmisi” də növbəti dəfə Azərbaycanın ünvanına böhtanlar yağdırıb.

Ancaq məlum olduğu kimi, Azərbaycana qarşı qərəzli, təxribatçı mövqe tutan, ölkəmizin suverenliyini, ərazi bütövlüyünü sual altına alan, separatçılara geniş meydan verən təkcə “RİA Novosti” deyil. Ondan heç də geri qalmayan “Sputnik” agentliyi də var. Özü də məşhur Kreml təbliğatçısı və bütün postsovet məkanında təxribatçı, avantürist kimi tanınan Marqarita Simonyanın rəhbərlik etdiyi bu agentliyin Azərbaycan nümayəndəliyi mövcuddur.

Prezidentin sabiq köməkçisi Əli Həsənovun dəstəyi ilə Bakıda “Sputnik Azərbaycan” kimi fəaliyyət göstərən həmin nümayəndəliyə isə Simonyana yaxınlığıyla bilinən və bundan əvvəl separatçı Cənubi Osetiyada “Sputnik”in yerli bürosuna başçılıq etmiş Vitali Denisov adlı şəxs rəhbər təyin olunub. Mətbuatda bu şəxsin Rusiya xüsusi xidmət orqanlarının təmsilçisi olduğu bildirilir. “Sputnik”-in “missiyası”, eləcə də Denisovun bundan əvvəl “işlədiyi” ərazi nəzərə alınsa, bu iddialar kifayət qədər inandırıcı görünür...

2013-cü ildə Putinin göstərişi əsasında yaradılan bu agentliyin dünyanın bir çox ölkəsilə yanaşı, qondarma Abxaziya və Cənubi Osetiyada da ofisləri yerləşir. O da heç kimə sirr deyil ki, Rusiya “Sputnik” vasitəsilə fəaliyyət göstərdiyi ölkələrdə müxtəlif kəşfiyyat məlumatları toplamaqla və yerli KİV-ləri öz təsiri altında saxlamaqla məşğuldur.

“Sputnik”-in “peşəkarlığını” göstərən amillərdən biri də odur ki, agentlik hətta kürd dilində radio və sayt açaraq PKK terrorçularının təbliğatı və təşviqatı ilə məşğul olur.

Qeyd edək ki, “Sputnik”-in Azərbaycan kimi, erməni variantı da var. “Sputnik Armenia”-da elə bir gün, saat ola bilməz ki, Azərbaycan əleyhinə böhtan, təhqir, iftira yayımlanmasın. Məsələn, bu “agentliyin” elə bugünkü sayında Qarabağdakı qondarma qurumun “prokurorluğuna” istinadla məlumat dərc edilib. Həmin məlumatda guya Azərbaycan Ordusunun dinc ermənilərə qarşı zorakılığına, yaşayış məntəqələrini atəşə tutmasına dair yalan “statistika” yer alıb. Məlumatda “dqr” müstəqil ərazi, onun “prokurorluğu” isə rəsmi orqan kimi təqdim olunub.

 “Sputnik”-in ifasında belə təxribatların, cəfəngiyyatların, böhtanların sayı-hesabı yoxdur. Buna baxmayaraq, “Sputnik Armenia”-nın Bakıdakı “bacısı” – “Sputnik Azərbaycan” sakitcə öz işində, fəaliyyətindədir.

Agentliyə rəhbərlik edən Simonyana gəlincə, bu şəxs Qarabağdakı qotur separatçılardan qətiyyən fərqlənmir və Azərbaycana, onun suverenliyinə, ərazi bütövlüyünə mənfi, düşmən münasibətini gizlətmir.

44 günlük müharibədən bu yana Azərbaycanın rus sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsinin “Rusiyaya birləşdirilməsi” kimi təxribatçı kampaniya aparan və ölkəmizin ərazi bütövlüyünü şübhə altına alan Simonyan hər imkanda bu mövzunu müxtəlif müstəvilərdə qaldırmağa çalışır.

 Hazırda “Sputnik”-in Bakı nümayəndəliyinin işi Rusiyanın Ukraynadakı işğalına haqq qazandıraraq, Kremlin təbliğatını “Donbasda Xüsusi Əməliyyat” adıyla Azərbaycan cəmiyyətinə sırımaqdır. Simonyan özü isə Ukraynadakı müharibə fonunda Xənkəndidən “Təşəkkürlər Stepanakert” başlığı ilə video paylaşıb. Paylaşımda Rusiyanın Ukraynada apardığı müharibənin simvolu olan “Z” işarəsini əks etdirən Rusiya bayrağı nümayiş etdirilib. Bunun nəyə eyham olduğunu xüsusi vurğulamağa isə yəqin ki, ehtiyac yoxdur.

Zatən, “Sputnik” dünyanın əksər ölkələrində, xüsusilə sivil dövlətlərin ərazisində bloklanıb. Nədən Azərbaycanda da onun fəaliyyətinə son qoyulmasın?

Yaxşı, bu Simonyan və onun agentliyi Azərbaycana qarşı daha nələr etməli, hansı çirkin təxribatlar törətməlidir ki, ölkəmizdə onun fəaliyyəti dayandırılsın? Daha nə baş verməlidir ki, o da “RİA Novosti” kimi bloklansın və şələ-küləsi də qoltuğuna verilib, Azərbaycandan rədd edilsin?  /azpolitika.info/

AZİNFORM.AZ





up