"Ola bilər ki, qonşuluğumuzda müsəlmanlardan savayı, digər dinlərə mənsub, məsələn, xristian, yəhudi kasıblar da var. Biz kəsdiyimiz qurbandan həmin yoxsul qeyri-müsəlmanlara da verməyə borcluyuq".
AZİNFORM.AZ xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Qazılər Şurasının üzvü Hacı Fuad Nurullayev moderator.az oxucularının Qurban bayramı ilə bağlı suallarıını cavablandırarkən söyləyib.
"Pay verdiyiniz həmin qeyri-müsəlmanlar da biləcək ki, bu gün müsəlmanların Qurban bayramıdır. Özü də necə bir gözəl bayramdırsa, biz müsəlman olmasaq belə, bizim də qapımızı döyüb bizə də pay verdilər. Bu minvalla həm müsəlmanlarla qeyri-müsəlmanlar arasında xoş münasibət, məhəbbət, mehribanlıq yaranır. Eyni zamanda həmin qeyri-müsəlmanların qəlbində İslama, müsəlmanlara qarşı hüsni-rəğbət və sevgi baş qaldırır…
- Bütpəst qonşuya da Qurban payı verilə bilərmi?
- Bəli, fərqi yoxdur, lap dinsiz, ateist olsun. Hər kim olursa-olsun, sənin qonşundursa və imkansızdırsa, kəsdiyin qurbandan Allah rizası üçün ona da pay verməklə həm böyük savab qazanırsan, həm də onun qəlbində İslama, müsəlmanlara sevgi məhəbbət yaradırsan…
- Birinin atası ayrıca yaşayırsa və Qurban bayramında qurban kəsməyi niyyət edibsə, lakin bayrama az qalmış rəhmətə gedibsə, oğlu, yaxud qızı onun əvəzindən qurban kəsdirə bilərmi?
- Öncə onu deyim ki, Məkkədə Həcc ziyarətində olan hər bir zəvvar öz adından mütləq bir qurban kəsməlidir. Bu, vacibdir. Orada başqa dogma və ya qohum-əqrəba üçün qurban kəsmək vacib deyil. Kiminsə imkanı var və buna niyyət edibsə, yaxud digər bir şəxs ona pul veribsə ki, mənim də adımdan Məkkədə qurban kəs, onları, təbii ki, kəsə bilərlər. Biz daim tövsiyə edirik ki, burada yaşayan şəxsin Məkkədə öz adına qurban kəsdirməsi vacibat deyil. Daha yaxşı olar ki, imkanı olan insanlar qurbanları öz vətənlərində, el-obalarında, kəndlərində, şəhərlərində kəssinlər ki, burada – öz ətrafında olan yoxsul və kimsəsizlərə həmin qurban ətindən pay versinlər. Konkret kiminsə dünyadan köçmüş atası əvəzində qurban kəsdirməyinə gəlincə, bu da olar. Dediyim kimi, Həcc ziyarətindəki qurbandan savayı, digərləri üçün şəri, vacibat hökmü yoxdur…"