Oktyabrın ilk beş günü hava necə olacaq?
1-10-2023, 11:57

Oktyabr ayının ilk 5 gününə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZİNFORM.AZ-a verilən məlumata görə, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal edilir.

Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin qeyri-sabit, arabir yağıntılı olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi üstünlük təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 15-17° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 13-18°, gündüzlər 18-23° isti, ayın ilk günlərində 25-27° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı bildirilir (norma 26-40 millimetr).

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 13-16° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın temperaturunun gecələr 9-14°, gündüzlər 18-23° isti, bəzi günlərdə 25-27° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimalı var (norma 19-32 millimetr).

Xankəndi şəhərində, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturu 9-12° isti olacaq. Bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 3-8° isti, ayın ikinci yarısında bəzi günlərdə 0-3° şaxta, gündüzlər 8-13° isti, bəzi günlərdə 15-20° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq (norma 47-56 millimetr).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 9-12° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 3-8° isti, bəzi günlərdə 1-5° şaxta, gündüzlər 8-13° isti, bəzi günlərdə 15-20° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı proqnozlaşdırılır (norma 53-56 millimetr).

Gəncə şəhərində, Qazax, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 13-15° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın temperaturunun gecələr 10-15°, gündüzlər 17-22° isti, bəzi günlərdə 25°-dək isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var (norma 31-61 millimetr).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 11-14° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın temperaturu gecələr 8-13° isti, bəzi günlərdə dağlarda 0-5° şaxta, gündüzlər 13-18° isti, ayın əvvəlində 23-26° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq (norma 33-126 millimetr).

Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 15-17° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın temperaturu gecələr 12-17°, gündüzlər 18-23° isti, ayın əvvəlində 25-29° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var (norma 31-46 millimetr).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 12-16° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 10-15°, gündüzlər 18-23°, ayın əvvəlində 25-28° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı bildirilir (norma 96-274 millimetr).





up