Noyabrın ilk həftəsi hava necə olacaq? – PROQNOZ
1-11-2022, 00:53

Noyabrda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi dövrlərdə isə normadan aşağı olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZİNFORM.AZ-a verilən məlumata görə, noyabrın birinci ongünlüyünün birinci yarısında ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi ehtimal edilir. Lakin noyabrın 5-dən başlayaraq birinci ongünlüyün sonunadək yenidən hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, temperaturun enəcəyi, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 9-11° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 10° aşağıdır. Havanın temperaturu gecələr 7-12°, gündüzlər 13-18° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı bildirilir (norma 28-38 millimetr).

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 5-9° isti olacağı gözlənilir. Bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 3-8° isti, bəzi günlərdə 1-6° şaxta, gündüzlər 10-15° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal edilir (norma 18-28 millimetr).

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 4-6° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 10° aşağıdır. Havanın temperaturunun gecələr 2-7° isti, bəzi günlərdə 0-5° şaxta, yüksək dağlıq ərazilərdə 6-10° şaxta, gündüzlər 8-13° isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3° dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq (norma 27-34 millimetr).

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 8-10° isti olacağı ehtimal edilir. Bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 5-10° isti, bəzi günlərdə 3° şaxtadan 2°-dək isti olacağı, gündüzlər 12-17° isti, bəzi günlərdə 5-10° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı proqnozlaşdırılır (norma 15-24 millimetr).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturu 5-9° isti olacaq. Bu da iqlim norması daxilindədir. Havanın temperaturu gecələr 4-9° isti, bəzi günlərdə 0-5° şaxta, yüksək dağlıq ərazilərdə 8-13° şaxta, gündüzlər 9-14° isti, bəzi günlərdə 3-7° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər çox olacağı ehtimalı var (norma 29-73 millimetr).

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 9-11° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın temperaturu gecələr 7-12°, bəzi günlərdə 2° şaxtadan 3°-dək isti, gündüzlər 14-19° isti, bəzi günlərdə 6-11° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 25-45 millimetr).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 8-12° isti olacağı proqnozlaşdırılır. Bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 7-12° isti, bəzi günlərdə 2-5° isti, dağlarda 2° şaxta, gündüzlər 12-17° isti, bəzi günlərdə 5-10° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq (norma 55-170 millimetr).





up