“Böyük Qayıdış” prosesi sürətlə davam edir. 30 illik həsrətdən sonra erməni işğalı səbəbilə doğma dədə-baba ocağından məcburi köçkün düşmüş insanlar yavaş-yavaş öz yurd-yuvalarına qayıdırlar. Bu vaxtadək 500-dən artıq ailə və yaxud 2 mindən çox insan Füzuli və Laçın şəhərlərinə, eləcə də Ağalı, Zabux və Talış kəndlərinə qayıdıb.
İlkin proqonozlara görə 2026-cı ilin sonuna kimi məcburi köçkünlərin ən azı yarısı doğma yurd-yuvalarına qayıdacaq. Bunun hesabına da Abşeron yarımadasında əhali sıxlığı xeyli azalacaq.
Nəzərə alaq ki, bir milyondan artıq məcburi köçkünün təxminən yarısı Bakıda və ətraf ərazilərdə məskunlaşıb. Bu insanlar təbii ki, ötən 30 ildə təkcə burada yaşamayıblar, həm də işləyiblər, təhsil alıblar.
Hazırda məcburi köçkün şəraitinda fəaliyyət göstərən 12 rayonun Bakıda və ətraf ərazilərdə xeyli sayda məktəbi, xəstəxanası və digər sosial-inzibati qurumları fəaliyyət göstərir. Yaxın illərdə bu qurumlar işğaldan azad olunmuş ərazilərə köçürüldükcə həm Bakıda nəqliyyat və hərəkət sıxlığı aradan qalxacaq, həm də dədə-baba ocaqlarına qayıdan insanların hesabına Abşeron yarımadasında 10 minlərlə vakansiyalar yaranacaq.
Bu da yerli əhalinin sosial vəziyyətini xeyli yaxşılaşdıracaq. Bir sözlə yaxın illərdə paytaxtın yükü əsaslı .əkildə azalacaq.
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən millət vəkili Ceyhun Məmmədov bildirib ki, Azərbaycan yeni bir dövrə qədəm qoyur:
“Böyük Qayıdış sürətlə həyata keçirilir. Baxmayaraq ki, torpaqlarımız işğaldan azad olunarkən çoxları belə düşünürdü ki, insanların dədə-baba ocaqlarına qayıdışı 10 ilə, bəlkədə daha uzun müddətə baş tutacaq. Çünki, işğal altında olan ərazilərimiz 30 il müddətində həm talan olunmuşdu, həm də başdan-başa minalanmışdı.
Amma Azərbaycan dövləti digər məsələlərdə olduğu kimi bu məsələdə də prinsipiallıq göstərdi. Və Böyük Qayıdışa ən qısa zamanda start verildi. Artıq Zəngilan, Füzuli və Laçına insanlar qayıdır və dövlətin yaratdığı şəraitdən maksimum dərəcədə faydalanırlar”.
Millət vəkili onu da əlavə etdi ki, Böyük Qayıdış Abşeron yarımadasındakı demoqrafik vəziyyətə də öz təsirini göstərəcək:
“Çünki, 1 milyona yaxın məcburi köçkünün xeyli hissəsi Bakı və ətraf ərazilərdə məskunlaşıb. Bu da Bakıdakı sıxlığa öz təsirini göstərirdi. Amma Böyük Qayıdış reallaşdıqca paytaxt və ətraf ərazilərdə demoqrafik vəziyyət dəyişəcək.
Nəticədə, Bakının sosial-iqtisadi yükü xeyli azalacaq. İnsanlarımız dədə-baba ocaqlarına qayıdıb, orada özlərinə yeni həyat qurduqca Bakının da sosial problemləri bir xeyli azalacaq. Nəticədə, nəqliyyat sıxlığı, iş yerinin azlığı kimi problemlər zaman-zaman aradan qalxacaq”.