Azərbaycanda erməni təcavüzü nəticəsində öz doğma torpaqlarından qovulmuş və didərgin salınmış insanların taleyi, onların mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi daim dövlətin diqqət mərkəzində olub. Bu məsələlərlə bağlı müxtəlif qanunlar qəbul edilib, sərəncam və qərarlar imzalanıb.
Doğma torpaqlarından didərgin düşən məcburi köçkünlərin imtiyazlarından biri də təhsil haqqı ilə bağlıdır.
Belə ki, Azərbaycan Prezidentinin 14 sentyabr 2011-ci il tarixli sərəncamına uyğun olaraq, 2011/2012-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrinin bakalavr və magistratura səviyyələrinə ödənişli əsaslarla qəbul olunmuş məcburi köçkünlərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Digər güzəştə görə, orta ümumtəhsil məktəblərində təhsil alan məcburi köçkün şagirdlər dərsliklərlə pulsuz təmin olunurlar.
AzEdu.az-a daxil olan məlumata görə, hökumət torpaqların işğaldan azad edildiyini nəzərə alaraq, məcburi köçkün tələbələrin təhsil haqqı güzəştlərinə yenidən baxmağı düşünür.
Hökumətdəki bəzi məmurlar düşünürlər ki, işğaldan azad olunmuş torpaqlara qayıdış prosesinə başlanıldığından məcburi köçkünlərin güzəşt və imtiyazlarına da yenidən baxıla bilər.
Məcburi köçkün tələbələrlə bağlı yayılan məlumat bu kateqoriyadan olan insanların narahatlığına səbəb olub.
Mövzunun aktuallaığını nəzərə alan AzEdu-az-ın əməkdaşı Milli Məclisin işğaldan azad olunmuş rayondan - Kəlbəcərdən seçilmiş deputatı Aqil Məmmədovla əlaqə saxlayıb.
Deputat məsələ ilə bağlı hər hansı məlumata malik olmadığını qeyd edib. O deyib məcburi köçkünlərə tətbiq olunan güzəştlərə heç bir məhdudiyyət qoyulmayıb:
“Məcburi köçkünlər üçün nəzərəd tutlmuş güzəştlərin nələrdən ibarət olması ilə bağlı məlumatlıyam. Bu güzəştlərə də hazırda heç bir məhdudiyyətlər qoyulmayıb. Dediyiniz məsələ ilə bağlı - məcburi köçkün statusuna malik tələbələrin güzəştlərinin ləğv olunacağına dair də heç bir razılaşma və sənəd yoxdur.
Əksinə, cənab Prezident vurğulayır ki, məcburi köçkünlərə əlavə güzəştlər olacaq. Kommunal xərclər, aylıq müavinət, təhsil haqqı və s. kimi güzəştlər hələ ki öz mövcudluğunu qoruyaacq”.
A.Məmmədovun sözlərinə görə, keçmiş məcburi köşkünlər adlandırılan insanlar azad edilmiş ərazilərə yerləşdirildikdən sonra da güzəştlər bir müddət qüvvəsində qalacaq:
“Hətta insanlar işğaldan azad olunmuş torpaqlarımıza köçürüldükdən sonra da güzəştlərin davam edəcəyi, əlavə imkanların yaradılacağı məsələləri mövcuddur. Həmin ərazilərdə dayanıqlı yaşamın davam etdirilməsi ilə bağlı xüsusi dövlət proqramı qəbul olunub”.
Məsələyə münasibət bildirən təhsil eksperti Nadir İsrafilov deyib ki, güzəştlərin ləğv olunması sözügedən insanlar yalnız öz yurdlarına qayıtdıqdan sonra ləğv oluna bilər:
“Bununla belə sosial mediada yayılan məlumatlara görə hökumət məcburi köçkünlərin bəzi güzəştlərini ləğv etməyə hazırlaşır. Belə ki, 2027-2028-ci tədris ilində ödənişli əsaslarla ali məktəbə daxil olan məcburi köçkün tələbələr təhsil haqqından azad edilməyəcək. Yəni onlar da pullu ixtisaslara qəbul olunacaqları təqdirdə ödəniş edəcəklər...
Bununla bağlı rəsmi məlumata hələ ki rast gəlməmişəm. Çox güman ki, belə bir addımın atılması yalnız məcburi köçkünlər öz doğma yurdlarına qayıtdıqdan sonra baş tuta bilər”.