“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi təlimlərin 4-cü həftəsi üzrə tədbirləri davam etdirir
29-08-2023, 21:03

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi tərəfindən “Maliyyə. Hesabatlarının Beynəlxalq Standartları üzrə təlimlərinin təşkili” adlı layihə çərçivəsində təlimlər davam etdirilir.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü il üçün “elm, təhsil və mədəniyyət və azərbaycançılıq ideyasının təbliği məsələləri” istiqaməti üzrə elan etdiyi “Kiçik qrant müsabiqəsi”ndə qalib elan olunmuşdur. Layihə 3 ay müddətində olmaqla Bakı şəhərində icra olunması nəzərdə tutulur.

Layihənin əsas məqsədi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçidlə əlaqədar olaraq ölkədə beynəlxalq standartlara yiyələnəcək kadr hazırlığına dəstək verməkdir. Bu məqsədlə təlimlərə aşağı gəlirli və öyrənmək imkanı məhdud olan şəxslərin, tələblərin, həssas qrupa aid kəsimlərdən olan gənclərin, o cümlədən şəhid ailələrinin üzvləri, vətən müharibəsi iştirakçılarının ailə üzvləri, məcburi köçkünlər, aztəminatlı ailələr, valideyn himayəsindən məhrum olmuş gənclər və digər həssas qruplar cəlb etməklə onlara beynəlxalq standartlara dair bilikləri aşılamaq və onların əmək bazarında rəqabətliliyinin artırılmasına töhvə verməkdir.


01 avqust 2023-cü il tarixdə başlamış təlimlərin artıq 4-cü həftəsinə keçid edilmişdir. Təlimlərin 3-cü həftəsində iştirakçılara təlimin proqramına uyğun MUBS (IAS) 20 №-li “Hökumət subsidiyalarının uçotu və hökumət yardımı haqqında məlumatın açıqlanması” standartı, MUBS (IAS) 23 №-li “Borclar üzrə məsrəflər” adlı standartı, MUBS (IFRS) 16 №-li “İcarələr” adlı standartı, MUBS (IAS) 38 №-li “Qeyri-maddi aktivlər” adlı standartı, MUBS (IAS) 40 №-li “İnvestisiya mülkiyyəti” adlı standartı, MUBS (IAS) 41 №-li “Kənd təsərrüfatı” standartı vəMUBS (IAS) 36 №-li “Aktivlərin Qiymətdən düşməsi” standartları üzrə tədris davam etdirilmişdir.


Təlimin 4-cü həftəsində iştirakçılara təlimin proqramına uyğun olaraq ÖHDƏLİKLƏRİN UÇOTU üzrə MUBS (IAS) 37 №-li “Yaradılmış ehtiyat fondları, Şərti öhdəliklər və Şərti aktivlər” adlı Mühasibat Uçotunun Beynəlxalq Standartı, MUBS (IAS) 19 №-li İşçilərin mükafatlandırılması” adlı Mühasibat Uçotunun Beynəlxalq Standartı, MHBS (IFRS) 2 №-li “Pay alətləri əsasında ödəmə” adlı Maliyyə Hesabatlarının Beynəlxalq Standartı, MUBS (IAS) 12 №-li “Mənfəət vergisi” adlı Mühasibat Uçotunun Beynəlxalq Standartı, Maliyyə alətləri (IAS 32, IAS 39, IFRS 7, IFRS 9)standartları, MHBS (IFRS) 10 №-li “Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları” adlı Maliyyə Hesabatının Beynəlxalq Standartları tədris ediləcəkdir.


Ümumilikdə təlimlərin 1 ay müddətində, həftədə 3 dəfə olmaqla onlayn formatda keçirilməsi nəzərdə tutulur. Təlimin yekununda hər bir təlim iştirakçısının bilik və bacarıqları qiymətləndiriləcək, onlara pulsuz təlim materialları təmin edilməklə yanaşı, təlimdə iştiraka dair  sertifikatlarla təmin ediləcəkdirlər.





up