Paytaxt ərazisində yaşıllıq ərazilərin abadlaşdırılması və qorunmasına, baxımına ərazi üzrə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birlikləri nəzarət edir. Bacardıqları qədər yaşıllaşmaya töhfə verməyə çalışırlar.
Yalnız bir məsələ var ki, yaz-yay aylarında bir çox ağacların tozcuqları astma və allergik xəstəlikləri olanlara mənfi təsir edir. Şəhər sakinləri də bununla bağlı kifayət qədər narahatlıqlarını dilə gətirirlər. Tozcuqlar öskürək, gözlərdə qaşınma, qızartı, şişkinlik yaradır.
Bu cür problemlərə səbəb olan isə daha çox qovaq ağaclarıdır.
Qeyd edək ki, ötən əsrin 50-ci illərindən, yəni müharibədən sonrakı dövrdə, SSRİ-nin xarabalıqlardan bərpa olunduğu dövrdə postsovet məkanı ölkələrində qovaq ağacları fəal şəkildə əkilməyə başlanıldı. Bu ağaclar doqquzmərtəbəli binalardan daha hündürə qalxır.
Bəzi mənbələrə görə, qovaq ağaclarının geniş şəkildə əkilməsi əmrini SSRİ-nin rəhbəri İosif Stalin verib. Həmin ağaclara iki səbəbə - çox tez böyüdüklərinə və ciddi qulluq tələb etmədiyinə görə üstünlük verilirdi.
Qovaqlar həmin dövrdə təbiətin yaratdığı “unikal filtrlər” kimi də tanınırdı. Onlar zərərli maddələri udur, böyük şəhərlərdə və sənaye mərkəzlərində müşahidə olunan çirklənmə onları qorxutmur, bütün zərərli birləşmələri “canına çəkir”.
İllər sonra isə şəhərlərin “qanuni” sakinləri olan qovaqların allergiklər üçün zərərli olduğu ortaya çıxır.
Ümumiyyətlə, küçə və parklarda əkilən ağacların xüsusiyyətləri nəzərə alınmalıdır. Hər bir bitkinin xüsusiyyətinə uyğun öz münbit məkanı var, aydın məsələdir.
Lakin hər ağacı hər yerdə əkmək düzgündürmü?
Bir başqa məqam isə küçələrin kənarlarındakı tut və zeytun ağaclarıdır. Ola bilər ki, ağacın şaxələnməsi kölgəlik baxımından üstünlük təşkil etsin. Lakin ağacın meyvə verdiyi dövr küçədə yaratdığı pintilik, həmin ərazilərə dolan milçəklər kifayət qədər diskomfort yaradır.
Hətta elə küçələr var ki, yerə düşən tutlar o qədər tapdalanır ki, bələdiyyə işçiləri belə, onları təmizləməkdə çətinlik çəkirlər. Nəticədə milçək əlindən nə orada dayanmaq olur, nə də keçmək. Ayaqqabını təmizləmək də bir başqa zülüm olur.
Mütəxəssis Orxan Məmmədov məsələ ilə bağlı oxu.az-a açıqlamasında deyib ki, paytaxt ərazisində qovaq ağaclarının sayının çoxluğu bu ağacların qısa zamanda boy atması və yaşıllıq yaratması xüsusiyyətlərinin olmasıdır:
“Qovaq ağaclarının toz buraxması isə onun genetik xüsusiyyətlərinə daxildir və bu da müvəqqəti xarakter daşıyır. Tozlanma dövründə qısa müddət ərzində ağaclar sözügedən tükləri ətrafa yayır. Bir müddət sonra bu tüklər yox olur. Allergiyası olanlar, astma, bronxial xəstəliklərdən əziyyət çəkənlər üçün bir qədər çətinlik yarana bilər. Amma bu o demək deyil ki, bütün qovaq ağaclarını məhv etmək lazımdır.
Qovaq ağacları digər ağaclara nisbətən havanı oksigenlə daha çox zənginləşdirir. Paytaxtdakı qovaq ağacları artıq qocalıb. Yeni əkilən ağaclar içərisində qovaq yoxdur. Qismən qoca qovaq ağacları isə artıq ömrünün 90 faizini başa vurub. Nazirlik də artıq qəzalı vəziyyətdə olan qovaq ağaclarının götürülməsi ilə bağlı zəruri tapşırıqlar verib”.
O.Məmmədov küçə kənarlarında əkilən tut ağaclarının yaratdığı pintiliklə bağlı məsələyə də münasibət bildirib. Onun sözlərinə görə, paytaxt yaşıllığı baxımından tut ağaclarının küçə kənarlarında əkilməsi uyğun deyil:
“Bu, antisanitar vəziyyətin yaranmasına şərait yaradır. Tut ağacının dekorativ görünüşü də yoxdur ki, küçələrə gözəllik qatsın. Düşünürəm ki, tut ağacları dövlət qurumları tərəfindən əkilməyib. Ola bilər, bu ağaclar vaxtilə pərakəndə şəkildə sakinlər və ya digər şəxslər tərəfindən əkilib.
Düşünürəm ki, aidiyyəti qurumlar və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xüsusi baxış keçirilməli, dəyərləndirilməli və daha sonra həmin ağaclar şəhərdən kənar ərazilərə köçürülməlidir. Bu da çox uzun prosesdir. Köçürülməsi mümkün olan həmin tut ağaclarının suvarma ilə təchiz olunmuş ətraf ərazilərə köçürülməsi daha yaxşı olardı”.