Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR - Evinizə ÇIXARIŞ ala bilərsiniz
10-04-2023, 14:57

Ölkəmizdə, xüsusilə paytaxt Bakıda sənədsiz evlərin sayı həddindən çoxdur.

Bu cür evlərdən hüquqi olaraq əmlak vergisi toplanan zaman bir-çox hallarda problemlər meydana çıxır. Bəzi hallarda sakinlər evlərinin kupçasız olmasını əsas göstərərək vergini ödəməkdən imtina edir. 

AZİNFORM.AZ xəbər verir ki, mövzu ilə bağlı əmlak eksperti Elnur Fərzəliyev Referans.az-a danışıb. Ekspert qanunla bu cür sənədsiz evlərdən bələdiyyə vergilərinin alınmasının mümkün olmadığını qeyd edib.

“Hansısa bir əmlakın vergiyə cəlb olunması üçün mütləq şəkildə mülkiyyət hüququnu təsdiq edən sənəd lazımdır. Hökmən çıxarış olmalıdır ki, həmin əmlak qanunvericiliklə vergiyə cəlb olunsun. Amma burada başqa bir məsələ də var. Əslində qanunla bələdiyyələr bu cür evlərdən əmlak vergisi yığa bilmirlər çünki mülkiyyət hüququ tanınmır. Ancaq həmin evlərdə yaşayış var, qaz, su və işıq xəttləri çəkilib, onların sayğacları qoyulub. Əgər bu kommunikasiya xəttləri varsa, onlardan istifadə olunursa və şəxsin adınadırsa bu zaman həmin vətəndaşın həmin əmlak üzərində yaşama hüququ formalaşır. Hansı ki, bu yaşama hüququ ilə vətəndaş məhkəmə yolu ilə belə evinə çıxarış ala bilir. Burada yaşama hüququ formalaşdığına görə, onlardan əksər hallarda bələdiyyə vergiləri toplanılır. Çıxarışsız əmlakların sayı yetərincə çox olduğuna görə, burada artıq itirən tərəf həm vətəndaşdır, həm də dövlətdir. Yəni çıxarış olmadığına görə qanunun tələbinə uyğun olaraq bələdiyyə əmlak, torpaq vergisi yığa bilmir, həmin əmlakların sığortalanması mümkün olmur. Bu problemlər tez-tez özünü göstərir və hələ ki, həll edilmir”.

AZİNFORM.AZ





up