Sərhəd zonasında İranla toqquşmalar baş verə bilər - AÇIQLAMA
7-04-2023, 21:35

Bildiyimiz kimi, dünən İran Səfirliyinin 4 əməkdaşı Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) edilib.

Buna səbəb olaraq onların diplomatik statusa uyğun olmayan fəaliyyətləri göstərilib. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.

Bəs, Azərbaycanın bu addımından sonra İran hökuməti hansı tədbirlərə əl ata bilər?

AZİNFORM.AZ xəbər verir ki, məsələ haqqında sabiq diplomat, politoloq Fikrət Sadıxov Bakupost.az -a açıqlama verib.

Onun sözlərinə görə, İranın mövqeyi diplomatik əlaqələrdə müəyyən düzəlişlər etməyə əsas verir:

“Bu diplomatiya praktikasında yayılmış bir amildir. Biz 4 diplomatı şübhəli bilərək ölkəmizdən xaric edirik. Bununla bağlı faktlarımız, sübutlarımız var. İran da buna qarşı adekvat addım ata bilərdi. Amma biz özümüz Tehrandakı səfirlikdən çıxdıq. Səfirliyə qəsd hadisəsindən sonra demək olar ki, orada diplomatik heyət qalmayıb. Yalnız təhlükəsizlik xidmətinin nümayəndəsi oradadır. Ona görə də, İran artıq bu addımı ata bilməz”.

Politoloq, insanların baş verə biləcək təxribatlara qarşı tədbirli olmalarını vacib hesab edib:

“Genişmiqyaslı münaqişə, yaxud müharibənin olacağını düşünmürəm. Amma hər halda ehtiyatlı olmalıyıq. İran tərəfindən bizə qarşı təxribatlar törədilə, sərhəd zonasında müəyyən toqquşmlar baş verə bilər. Ona görə ayıq-sayıq olmalı, belə halları aradan götürməyə hazır olmalıyıq”.





up