"Bugün bəşəriyyətin qadına bəslədiyi məhəbbət günüdür"
8-03-2023, 00:47

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür.

AZİNFORM.AZ xəbər verir ki, bu gün  bütün dünyada 8 Mart Beynәlxalq Qadınlar Günü qeyd olunur.  

Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlı olmuşdur. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Tarix boyu Azərbaycanda qadına – anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.
Bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri olan 8 Mart Beynəlxalq Qadınlar Günü bayram kimi hər il müxtəlif dünya dövlətlərində, eləcə də respublikamızda təntənəli şəkildə qeyd olunur. Bu gün 1975-ci ildən Beynəlxalq Qadınlar Günü olaraq qeyd edilir.

 Təkcə bu gün yox, sabah da, o biri gün də – daim üzünüz gülsün, əziz xanımlar. Unutmamalıyıq ki, bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar– bu zərif məxluqlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir.  

Bayramınız mübarək olsun! 

AZİNFORM.AZ






up