Laçında temperatur 24 dərəcəyədək yüksəlib
28-02-2023, 19:37

Bu gün Azərbaycanda ikinci çərşənbə – Od çərşənbəsi qeyd olunur. Bu çərşənbə qədimdə insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva AZİNFORM.AZ-a bildirib ki, fevralın son günlərində havanın mülayim keçməsi yazın gəlişinin müjdəsidir.

“Hazırda ölkə ərazisində yüksək temperatur rejimi qeydə alınır, Bakıda və Abşeron yarımadasında temperatur iqlim normasından 6 dərəcə yüksəkdir. Temperaturun bu gedişi daha çox mart ayı üçün uyğundur. Hətta bu gün Laçında havanın temperaturu 24, Füzulidə 16, Abşeronda 17 dərəcəyədək yüksəlib”, - U.Tağıyeva qeyd edib.

Xidmət rəisi bildirib ki, həmçinin keçən il də Od çərşənbəsində temperatur iqlim normasından 6 dərəcə yüksək olub: “Bu il Abşeron yarımadasında və bəzi bölgələrdə havanın temperaturu 17-19 dərəcəyədək yüksəlib. Baharın yaxınlaşmasının ilk əlamətlərini bildirən Od çərşənbəsi bu il ölkə ərazisində əsasən sabit, yağmursuz, dumanlı hava şəraiti ilə səciyyələnir”.





up