Talıbovların şirkətində parçalanma
29-12-2022, 18:59

Ölkənin aparıcı şirkətlərindən olan “Gəmiqaya Holdinq”ə bağlı olan “Gəmiqaya Yol Su-Enerji” MMC (VÖEN – 0200428931) və “Gəmiqaya Şirkəti” MMC-də (VÖEN – 0200094231) ayrılma olub.

AZİNFORM.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, “Gəmiqaya Yol Su-Enerji” MMC-nin tərkibindən “Aza Beton Məmulatları” MMC, “Gəmiqaya Şirkəti” MMC-nin tərkibindən isə “Gəmiqaya Avtonəqliyyat” MMC ayrılıb.

Məlumat üçün bildirək ki, son zamanlar “Gəmiqaya Holdinq”ə bağlı şirkətlərdə nizamnamə kapitalının dəyişikliyi həyata keçirilib. Bir-neçə gün əvvəl “Gəmiqaya Yol Su-Enerji” MMC nizamnamə kapitalını 2-ci dəfə azaldıb. Cəmi bir ay əvvəl “Gəmiqaya Yol Su-Enerji” MMC-nin nizamnamə kapitalı isə 5 milyon manatdan 1 milyon 762 min 662 manata düşürülüb.

Ötən ayın əvvəlində "Gəmiqaya Holdinq" Şirkətlər İttifaqının “Bakı Satış Mərkəzi” MMC-nin (VÖEN – 0200631761) nizamnamə kapitalı 400 manatdan 200 manata düşürülüb. Sentyabr ayında isə “Gəmiqaya Satış Mərkəzi” MMC (VÖEN – 0201208491) nizamnamə kapitalını 100 manatdan 40 manata endirib.

Qeyd edək ki, Naxçıvanda “Gəmiqaya” adı ilə çoxsaylı şirkətlər dövlət qeydiyyatına alınıb. Uzun illərdir mətbuatda bu şirkətlərin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin bu yaxınlarda istefa verən sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olması barədə məlumatlar yayılıb və bu günə kimi təkzib olunmayıb. Hətta 2014-cü ildə Vasif Talıbovun oğlu Rza Talıbov “Facebook” sosial şəbəkəsindəki hesabında paylaşdığı məlumatda özünü "Gəmiqaya Holdinq"in rəhbəri kimi qeyd edib.

Ehtimal etmək olar ki, “Gəmiqaya Holdinq”in nizamnamə kapitalındakı azalma hansısa təsisçinin şirkətdəki payından imtina etməsilə bağlıdır.








up