Azərbaycan quru sərhədlərini buna görə açmır - SƏBƏB AÇIQLANDI
27-12-2022, 12:24

Koronavirusa gündəlik yoluxma sayı azalsa da, ölkədə epidemioloji vəziyyət nəzarət altındadır. Bildiyimiz kimi, keçdiyimiz günlərdə Nazirlər Kabinetinin qərarı ilə xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 mart saat 06:00-dək uzadılıb.

Lakin hər kəsi maraqlandıran suallardan biri Azərbaycanda quru sərhədlərin nə vaxt açılacağı ilə bağlıdır. Bu məsələ uzun müddətdir həm ölkədə yaşayan vətəndaşları, həm də xaricdə olan soydaşlarımızı maraqlandırır. Xüsusi karantin rejiminin bir sıra qadağaları aradan qaldırıldıqdan sonra isə quru sərhədlərin açılması daha çox müzakirə olunmağa başladı. Son bir ildə Azərbaycanın bu istiqamətdə addımlar atacağı, hətta bununla bağlı qərarın yaxın zamanda veriləcəyi vaxt belə açıqlanmışdı.

Azərbaycan quru sərhədləri niyə hələ də bağlı saxlayır? Quru sərhədlərin yaxın vaxtda açılması gözlənilirmi?

Məsələ ilə bağlı AZİNFORM.AZ-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, quru sərhədlərin bağlı qalması qonşu olduğumuz ölkələrdə yoluxma sayı ilə bağlıdır.

"Quru sərhədlərin açılması eyni zamanda qonşu ölkələrlə olan vəziyyətdən asılı olacaq. Çünki qonşu ölkələrdə yoluxma sayı quru sərhədlərin açılmasına təsir edən əsas faktordur. Nəzərə alsaq ki, yoluxma sayında azalmalar müşahidə olunsa da, son günlər xüsusən qonşu Rusiyada koronavirusa yoluxanların sayında artımlar var. Çində isə pandemiyanın yeni dalğası elan olunub. Bu da nəticə etibarilə regionda epidemioloji vəziyyətlə bağlıdır. Baxmayaraq ki, Çin regional dövlət deyil, amma Rusiyadakı yoluxma sayı bizim quru sərhədlərin açılması ilə bağlı qərarlarımıza təsir edir. Çünki məqsəd ölkədə yoluxma sayını optimal səviyyədə saxlamaqdan ibarətdir. Bunun üçün də təbii ki, Azərbaycan eyni zamanda digər vasitələrdən istifadə edir. Bu kontekstdən quru sərhədlərin bağlı qalması birbaşa, xüsusən də quru sərhədi olduğumuz ölkələrdə yoluxma sayı ilə bağlıdır.

Təbii ki, quru sərhədlərin açıq olması iqtisadi baxımdan məqsədə uyğundur. Çünki bu, turizmə təsir göstərən əsas faktorlardan biridir. Xüsusən nəzərə alsaq ki, Azərbaycana gələn turistlərin təxminən 70 faizi Azərbaycanın quru sərhədi olan ölkələrdən gəlir. Ona görə quru sərhədlərin açılması iqtisadi məsələdir. Amma iqtisadi məsələ olmaqla yanaşı təbii ki, qonşu ölkələrdə olan yoluxma sayı və epidemioloji vəziyyətin dəyişməsi bu məsələdə qərarın verilməsində əsas faktor olaraq qalmaqdadır".





up