Dünyanın pandemiya baxımından ən təhlükəli ölkələri məlum olub.
COVID-19-a gündəlik yoluxma ilə bağlı ən təhlükəli ölkələrin adlarının toplandığı siyahıda Fransa birinci yerdədir. Qərbi Avropa ölkəsində son sutkada 124 min 9 insan koronavirusa yoluxub. Fransa hökuməti gün ərzində COVID-19-dan ölüm hallarını hələ açıqlamayıb. Pandemiya ərzində ümumi yoluxma hallarına gəlincə, bu rəqəm 32 942 910 təşkil edir. Fransada ümumilikdə 150 576 nəfər koronavirusdan ölüb.
Dünyada koronavirusa gündəlik yoluxma baxımından ikinci ən təhlükəli ölkə Yaponiyadır. “Gündoğar ölkə”də son gün ərzində 99 291 nəfərdə COVID-19 aşkarlanıb, virus diaqnozu qoyulmuş 31 nəfər ölüb.
On minlərlə yoluxma halını əks etdirən siyahıda üçüncü yerdə İtaliya qərarlaşıb. Qərbi Avropanın bu ölkəsində təkcə son gün ərzində 89 830 nəfər koronavirusa yoluxub. İtaliya koronavirusdan gündəlik ölüm hallarının sayına görə digər ölkələri üstələyib. Belə ki, bu ölkədə son sutkada 111 nəfər COVID-19-dan ölüb.
Meksika da pandemiya baxımından təhlükəli ölkələr siyahısında ilk yerlərdən birini tutur. Son sutkada bu ölkədə 85 nəfər koronavirusdan ölüb, 34 567 nəfərdə COVID-19 aşkarlanıb.
Koronavirusa yoluxma ilə bağlı ilk halın cəmi bir neçə ay öncə aşkarlandığı Şimali Koreyada da vəziyyət acınacaqlıdır. Son gün ərzində bu ölkədə 41 273 nəfərə koronavirusa yoluxma diaqnozu qoyulub, 16 nəfər virusun qurbanı olub.
Siyahıda sonrakı yerdə 39 389 gündəlik yoluxma ilə Avstraliya qərarlaşıb. Avstraliya gündəlik ölüm sayına görə (77) siyahıda ilk yerlərdən birini tutur.
Qeyd edək ki, bəzi ölkələr koronavirusa yoluxma və ölüm halları ilə bağlı dəqiq statistik rəqəmləri açıqlamırlar.
Pandemiya ərzində dünyada koronavirusa ən çox yoluxma və ölüm ABŞ-da qeydə alınıb. Bununla belə, bir sıra ölkələr hazırda COVID-19-a gündəlik yoluxma və ölüm hallarının sayına görə ABŞ-ı üstələyir. Qeyd edək ki, ötən ay gündəlik yoluxma sayı üzrə siyahıda Tayvan öndə idi.
Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. /report/
AZİNFORM.AZ