AİLƏDƏ UŞAQ TƏRBİYƏSİ NECƏ FORMALAŞIR?
17-12-2022, 23:59

Evlilik ağacının ən şirin və ən gözəl meyvəsi uşaqdır. Uşağın xarakteri ata və ana arasındakı münasibətlər əsasında formalaşır.

Valideynlərin bir-biri ilə qarşılıqlı münasibəti uşaqlar üçün bir ölçü vahididir. Ata-ana müraciət edərkən xoş sözlərdən istifadə edirsə, ailədə qarşılıqlı hörmət mövcuddursa, təbii ki, uşaqlarda da həm valideynlərinə, həm də ətrafındakı insanlara qarşı xoş münasibət formalaşacaq. Əgər uşaq anaya qarşı kobuddursa, bu atanın münasibətindən irəli gəlir, ya da uşaq atanı saymırsa, demək ana da atanı saymır.

Ata və ananın davranışları elə nizamlanmalıdır ki, uşaqlarımız bizi dost və sirdaş görsünlər və həmişə güvənib etibar etsinlər. Digər tərəfdən, əgər uşaqlarımız sözümüzlə əməlimiz arasında bir təzad görsə, bizə olan inamları sarsıla bilər. Adətən, uşaqlar 0-6 yaş arasında öyrənirlər, 6-12 yaş arasında öyrəndikləri xarakterlərinə oturur, 12 yaşdan sonra isə şəxsiyyətlərinin inkişafında xarakterə çevrilən davranışlar nümayiş etdirirlər.

Ailədə uşaq tərbiyəsinə uşaqlarımızın körpəliyindən başlamalıyıq. Bəs biz nə edirik? Özü yellənən, özü oxuyan beşiklərdə böyüyən, süni qida ilə qidalanan laylalardan uzaq körpələr yetişdiririk. Halbuki laylalarımız dua idi, dilək idi, arzu idi. Daha sonra da uşaqlarımız əcaib məxluqlardan qəhrəmanlar düzəldilmiş xarici cizgi filmlərinin təsiri altında aqressivləşirlər. Gəlin, uşaqlarımızı bu filmlərdən uzaq tutaq və bu filmlər əvəzinə onlara çoxlu nağıllar danışaq. Çünki cizgi filmlərinə səssiz baxan uşaq, əksinə nağıllara qulaq asdıqda saysız-hesabsız suallar verir və nəticədə, nə qədər şey öyrənir.

Uşaqlara dəyər vermək üçün ən gözəl yol danışmaqdır. Həmçinin, onu danışdırmaq və dinləməkdir. Halbuki biz uşaq sobaya yaxınlaşır “Cızz” deyirik, yazmaq istəyir “Cızz” deyirik, kitaba əl uzadır “Cızz” deyirik və s. Təqlid edərək, toxunaraq öyrənməli olduğu halda, təəssüf ki, “cızz-cızzlarla” qorxudulan uşaqlar böyüdürük. Başqa bir misal. Analar uşaqlarına hirslənir və: “Dərslərini oxumursan! Axşam atan gələndə deyəcəyəm” deyirlər. Halbuki onlar bununla iki yerdə səhv addım atırlar. Birincisi, “Dərslərini oxumursan” deməklə uşağın beyninə çalışqan olmadığını “yeridirlər”. İkincisi isə “cəzalandırıcı” ata obrazı formalaşdırırlar. Nəticədə də uşaq atanın evə gəlməsini istəmir. Halbuki ana belə deyə bilər: “Oynamamışdan əvvəl bir az kitab oxumaq istəmirsən?” Beləliklə, uşaq özü seçim etmiş olar və bu seçiminin məsuliyyətini daha asan daşıyar. Uşağı oxumağa həvəsləndirmək üçün az oxuduqda belə onu təqdir etməli, təbrik etməli və alqışlamalıyıq. Seriallardan və telefon söhbətlərindən başı açılmayan anaya, televizorun pultunu əlindən qoymayan ataya uşaq hansı problemini deyə və ya onlarla necə ünsiyyət qura bilər? Uşaqlarla ünsiyyət qurarkən böyüyən nə deməyindən çox uşağın nə anlamağı əhəmiyyətlidir. Uşaqla ünsiyyət qurarkən vermək istədiyimiz əsas fikir uşağın mənliyinə deyil, xarakterinə yönəlməlidir. Biz isə buna ancaq ifadələrimizi və üslubumuzu dəyişərək nail ola bilərik. Məsələn:

1. “Əziz balam, kiçik qardaşına qarşı daha diqqətli ola bilərsənmi?” Verilən fikir: Səndən daha çox diqqət gözləyirəm. Alınan fikir: ailəyə, qardaşa qarşı diqqətli olma.

2. “Sən istəsən, ən tərbiyəli və ən yaxşı oxuyan şagird ola bilərsən”. Verilən fikir: Sənə inanıram. Alınan fikir: Cəsarətləndirmə, güvənmə.

3. “Səhv edə bilərsən, oyunda uduza bilərsən, buna hazır olmalısan, ruhdan düşmə gələn səfər qalib sən olarsan”. Verilən fikir: Ruhlandırma, inam. Alınan fikir: Daha çox çalışmalı, özünü bir daha sınamalı və s… Uşaqlarınızla ünsiyyət qurmaq üçün onlara vaxt ayırmaq lazımdır. Uşaqlarla kinoya, balıq tutmağa, tarixi muzeyləri gəzməyə, xəstə və nümunəvi insanları ziyarət etməyə getmək lazımdır.

Və bir haşiyə…

Bir dəfə 5-ci sinif şagirdlərinə “Mənim ailəm” rəsmini çəkməyi tapşırmışdım. Təqdim olunmuş şəkillərə baxanda bir neçəsində ata və ya ana yox idi. Aydın oldu ki, belə şəkilləri çəkən uşaqların valideynləri ya ayrılmış, ya da hər hansı biri dünyasını dəyişmişdi. Ancaq mənim diqqətimi çox qəribə bir şəkil cəlb etdi. Nənə, Nicat və qara meymun balası. Mən təəccübləndim və bunun səbəbini ondan soruşdum. Məlum oldu ki, Nicatın atası da var, anası da, hətta üç yaşında iki əkiz bacısı da. Və onlar Moskva şəhərində yaşayırlar. Onu isə körpəlikdən nənəsi saxlayır. Şəkildəki qara meymun balası isə “Conni” adlı oyuncaqdır. Nicat söylədi ki, o özünü tanıyandan bu meymun balası onunladır. O, həmişə “Conni” ilə oynayır, “Conni” ilə yatır. Əvvəllər ailə şəkillərinə baxıb kədərlənirdim ki, ailələr kiçilir, şəkillərdən nənələr, babalar çıxır, uşaqların sayı azalır, geniş ailə anlayışı get-gedə yox olur. İndi isə dəhşətə gələrək düşündüm ki, yəqin Nicatın dişi ağrıyanda, qaranlıqdan qorxanda, başqa uşaqların “hücumuna” məruz qalanda gizləndiyi, sığındığı, qucaqlayıb yatdığı həmin meymun balası olub. Doğrudur, Nicat yaxşı geyinirdi, yaxşı təhsil alırdı. Ancaq yaxşı valideyn olmaq üçün bu kifayətdirmi? Əlbəttə ki, yox! Uşağa yaxşı paltar almaqla, yaxşı təhsil verməklə yaxşı valideyn olmaq olmaz. Peyğəmbərimiz (s.ə.s) bir hədisində: “Bir ata övladlarına gözəl əxlaqdan yaxşı bir miras qoya bilməz”, – buyurmuşdur. Mənə elə gəlir ki, uşaqlarını sevməyən valideyn yoxdur, ancaq gərək uşaqlarımıza sevgimizi bildirək, mərhəmətimizi verək. Uşaqlarımıza Peyğəmbərimizin (s.ə.s.) yetişdirdiyi insanların həyatından danışaq, tariximizin əvəzedilməz şəxsiyyətlərinin həyatına əsaslanaraq onlarda insanlıq şüuru formalaşdıraq. Uşaqlara kiçik yaşlarından inamın əhəmiyyətini anlamaqda və yaş səviyyələrinə görə Allahı dərk etməkdə kömək edək. Uşaqlarımıza həyatı, qarışqanı, böcəyi, kəpənəyi, insanları, meşəni, dağı, dərəni sevməyi öyrədək. Heç nəyin elə belə yaranmadığını, yaranma səbəbini öyrədək, Ən Böyük Sevgi Sahibini sevməyi öyrədək.





up